Paradda generallardan öndə getməli qazilər niyə təminatda hamıdan geridədirlər?

11-06-2024, 21:10           
Paradda generallardan öndə getməli qazilər niyə təminatda hamıdan geridədirlər?
Paradda generallardan öndə getməli qazilər niyə təminatda hamıdan geridədirlər?

Paradda generallardan öndə getməli qazilər niyə təminatda hamıdan geridədirlər?

Qazi-şəhidlərdən Prezidentə “Dəmir yumruq”, dövlətdən qazi-şəhidlərə “taxta” pensiya” hədiyyəsi

Dövlətin qazi, şəhid ailələrindən məcburi sığorta ödənişi tələbi absurddur

İkinci Dünya savaşında Fransa Müqavimət Hərəkatının iştirakçısı , Şəkinin Oxud kənd sakini Əhmədiyyə Cəbrayılovun igidliyini Fransa hökuməti əsgərə hərbi paradda generaldan qabaqda getmək hüququ verən hərbi medalla qiymətləndirib. Bir savaş əsgərinə bundan böyük dəyər verilməsi mümkünsüzdür. Onu da vurğulayaq ki, “Xarqo”, “Armed Mişel” kimi tanınan igid partizanın oğlu Mikayıl Cəbrayılov Qarabağ savaşının şəhidi, Azərbaycanın Milli Qəhramanıdır.

44 günlük savaşda Azərbaycan igidləri iki yol ayrıcında idilər, ya qazi, ya da şəhid yolçuluğunu seçmişdilər. Sonda dövlətə, onun başçısına “Dəmir yumruq” hədiyyəsi etdilər, özləri də unudulmadı, sinələri hərbi ödüllərlə doldu. Di gəl, bu hərbi ödüllər nəinki hərbi paradda generaldan öndə getməyə hüquq verir, heç məmur qapısını açmağa, normal pensiyaya belə imkan vermir. Ən yaxşı halda, qazilərə “süpürgə verilir”, məmur-generalların “yollarını süpürürlər”. Ortalıq 30 il öncənin söhbətidir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (nazir Əli Nağıyev) Qarabağ əlillərinin işlə təminatına “metro çıxışlarında ayaqqabı təmizləmək” təklifini vermişdi. Onda “Azadlıq”da Zamin Hacı bu təklifi belə dəyərləndirmişdi ki, nə olar, silək, amma tüpürüb siləcəyik! İndi qazilərin süpürgə, təmizlik işlərinə buraxılması “hökumət qayğısı” kimi sırınır.(?)

Pensiya təminatına gəldikdə, Prezidentin yumruğunu “dəmir” edən qazi, şəhid ailələri “taxta” pensiya” ilə ödülləniblər. Heç kimin də səsi çıxmır, səsi çıxanın pensiyası azaldılır. Ən yaxşı halda.

Qazi, şəhidlərə hərbi pensiya verməkdən imtinanı nə ilə bağlamaq olar? “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliklər hamısı qazi şəhid ailələrinin təminatının azaldılmasına, getdikcə yox olmasına yönəldilib. Baxın, 44 günlük ZƏFƏR SAVAŞININ qazanıldığı 2020-ci ilin noyabrından sonrakı ayda -29 dekabr 2020-ci il tarixli, 240-VI QD nömrəli qanunla Qarabağ əlillərinin, şəhid ailələrinin pensiyalarına əlavəni nəzərdə tutan “ Əmək pensiyaları haqqında” qanunun 19-cu maddəsi ləğv olunub. Belə tələsgənliyi nə izah etmək olar? Deputatlar, hökumət bu ləğvetmə hüququnu “diqqət və qayğı” kimi sırıdılar və bu sırımaya səsini çıxaran olmadı. Nə hüquq müdafiəçiləri, nə əlil-veteran təşkilatları. Bir-iki səslə isə heç nəyə nail olmaq mümkün deyil.

“Diqqət və qayğı” şousu, sırınması o həddə çatdı ki, NK Konstitusiya Məhkəməsinə sorğu verib, pensiyaya çıxan hərbiçilərin əvvəlki vəzifələrinə uyğun maaşlarının artımı ilə pensiyalarının artımına dövlətə sığorta ödənişinin ödənməməsi əsası ilə qadağa qoydurdu. Dövlət “qayğısı”na baxın, XİDMƏTƏ YARARSIZ QARABAĞ QAZİSİNDƏN, ŞƏHİDDƏN “SIĞORTA XİDMƏTİ” HAQQI tələb edir. Bəyəm ŞƏHİD CƏNNƏTDƏN CANINI VERDİYİ DÖVLƏTƏ SIĞORTA HAQQI ÖDƏMƏK İQTİDARINDADIR? Nə qədər yazdıq, pozduq, sonuc vermədi, “Əmək pensiyaları haqqında” qanunun şəhid, qazilərin əvvəllər tutmuş olduqları vəzifələr üzrə təminat xərcliyi artırıldıqda pensiyalarının bu artıma uyğun yenidən hesablanmasını doğrulayan 29.2 maddəsi ZƏFƏRdən 2 il sonra 5 noyabr 2022-ci il tarixli, 627- VIQD nömrəli qanunla ləğv edildi. Ləğvetmə “qayğısı” elə həddə çatdı ki, hətta geriyə - Prezidentin 23.12.2021 tarixli , 1525 saylı fərmanına tətbiq edildi və bu fərmana uyğun 20 faizlik artımın hesablanmasından DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı imtina edir.

Məhkəməyə gəldikdə, məhkəmə pensiya orqanlarının əlil, şəhid ailələrinin kəsik pensiyalarından rüşvəti Konstitusiyadan üstün tutur. Dövlətin sosial müdafiə orqanında Konstitusiyaya zidd MƏHKƏMƏ FİLİALI – 39 SAYLI VƏKİL BÜROSU fəaliyyət göstərir, hansı məhkəmə müdafiəsi hüququndan danışmaq olar?

Yazını bitirirdim ki, Sosial Xidmətlər Agentliyindən olduğunu deyən xanım telefon zəngi ilə NK-dan gələn şikayətimin nədən ibarət olduğunu soruşmaqdan əl çəkmədi: “ Siz hökumətdən sığınacaq istəyirsiniz, yoxsa pensiya?”

Bu sualın cavabının “telefonu qapatmaq və bir daha qaldırmamaq” olduğu kimə gizlin olsa da, zəng edən xanıma gün kimi aydındı.

Məğrur Bədəlsoy
/paralel.az/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.