Lavrov planı- "Dağlıq Qarabağ formal olaraq Azərbaycanın tərkibində olacaq, de-fakto isə müstəqil olacaq və Bakıya tabe olmayacaq".

30-08-2016, 09:49           
Lavrov planı- "Dağlıq Qarabağ formal olaraq Azərbaycanın tərkibində olacaq, de-fakto isə müstəqil olacaq və Bakıya tabe olmayacaq".
Putinin “Lavrov planı” – detallar açılır; “Qarabağ Azərbaycanın tərkibində qalacaq, bölgəyə Rusiya sülhməramlıları gələcək”; Rusiya prezidentinin danışmanı ilə erməni ekspertinin planla bağlı üst-ütə düşən açıqlamaları nədən xəbər verir; Metyu Brayza bu planı niyə tənqid edirdi ...
Son vaxtlar Rusiya ilə Azərbaycan və Türkiyə arasında sıxlaşan əlaqələr, o sırada Bakı ilə Moskvanın hərbi-texniki sahədə davam edən əməkdaşlığı xüsusən də Dağlıq Qarabağ məsələsi kontekstində Ermənistanda ciddi təlaş doğurub. Erməni siyasi və ekspert dairələrində həmçinin belə bir narahatlıq artmağa başlayıb ki, vaxtaşırı gündəmə gələn “Lavrov planı” da münaqişənin həllində daha çox Azərbaycanın maraqlarını nəzərə alır, nəinki işğalçı ölkənin.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin danışmanlarından sayılan, Avrasiya Hərəkatının lideri, politoloq Aleksandr Duqin bir neçə gün öncə erməni mətbuatına müsahibəsində bu plandan söz açarkən demişdi ki, tezliklə Azərbaycanın 5, sonra isə 2 rayonu işğaldan azad ediləcək və bütövlükdə plan Dağlıq Qarabağın de-yure Azərbaycanın tərkibində qalmasını təmin edəcək.

Bu fikri qondarma “DQR”in keçmiş “xarici işlər naziri” və Ermənistan prezidentliyinə keçmiş namizəd, hazırda isə müstəqil erməni analitiklərindən olan Arman Məlikyan da təsdiqləyir.

“Fikrimcə, şərti olaraq ”Lavrov planı" adlanan planda Rusiyanın Qarabağ məsələsində siyasi yanaşmasının müəyyən konsepsiyası əksini tapıb. Bu konsepsiyanın mahiyyəti və anlamı ondan ibarətdir ki, Dağlıq Qarabağ formal olaraq Azərbaycanın tərkibində olacaq, de-fakto isə müstəqil olacaq və Bakıya tabe olmayacaq".

Musavat.com-un məlumatına görə, belə bir fikri o, lragir.am saytına müsahibəsində “Lavrov planı”nın aktuallığını şərh edərkən deyib. “Lakin o halda Dağlıq Qarabağdakı rejim nəinki müstəqil şəkildə xarici siyasət yürüdə bilməyəcək, eyni zamanda özünün beynəlxalq tanınması yönündə addımlar atmaqdan çəkinməli olacaq”, - deyə erməni ekspert ardınca qeyd edib.

“Bu planın əsas ”mismarı" Rusiya sülhməramlı qüvvələrinin Qarabağ tərəfdən ərazi itkisi hesabına Dağlıq Qarabağ ərazisinə yeridilməsi olacaq", - daha sonra o iddia edib. Məlikyana görə, bununla belə, “Lavrov planı”nın reallaşması Rusiya üçün təkcə Cənubi Qafqazda öz mövqelərini saxlamaq baxımından deyil, daha geniş anlamda kollaps demək olardı.

“Güney Qafqazda öz maraqlarını təmin eləməkdən ötrü Moskva, hər halda, başqa prioritetlər qəbul etməlidir. Hərçənd mən əmin deyiləm ki, Kreml bunun üçün yetərli ardıcıllıq, ehtiyatlılıq və cəsarət göstərsin” - sonda erməni analitik iddia edib.

*****


Göründüyü kimi, danışıqlar masası üzərində olduğu deyilən “Lavrov planının” (ona “Putin planı” da deyilir) detalları açıqlanmasa da, planla bağlı müəyyən ortaq fikirlər (Dağlıq Qarabağın de-yure Azərbaycanın tərkibində qalması, regiona Rusiya sülhməramlılarının gətirilməsi) hər halda, mövcuddur və artmaqda davam edir. Erməni və Rusiya ekspertlərinin bu məsələdə fikirlərinin üst-üstə düşməsi də kifayət qədər maraqlı nüanslardandır və əlavə şərhə ehtiyac yaradır.

ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri, Azərbaycandakı keçmiş səfir Metyu Brayza isə az öncə özünün problemə həsr elədiyi müəllif yazısında qeyd eləmişdi ki, Qarabağa dair “Putin planı” həyata keçsə, o zaman ABŞ-ın Rusiyanı bölgədən vurub çıxarmaq strategiyası təhlükə altına düşəcək. Yəni o zaman Moskva bölgədə daha uzunmüddətli perspektivə möhkəmlənmək şansı qazanacaq.

*****

“Lavrov planı”nın əsas konsepsiyası haqda hələ ki nə Rusiya, nə də Azərbaycan və Ermənistan rəsmi səviyyədə açıqlamalar verməyib. Danışıqların konfidensial getdiyi bildirilir. Bununla belə, Azərbaycan tərəfi, prezident İlham Əliyev Sankt-Peterburq görüşündən sonra bir daha bəyan edib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yoluna qoyulmalıdır və Bakı ərazilərimizdə ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək.

Bundan başqa, Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Peterburqda münaqişənin mərhələli həllinə dair anlaşma əldə olunduğunu söyləmişdi. Öz növbəsində Rusiya prezidenti bəyan edib ki, bu, elə bir həll modeli olacaq ki, nə Azərbaycan, nə də Ermənistan özlərini məğlub hesab eləməsin.


Nəhayət, daha bir qiymətli detal: “Lavrov planı”nın mahiyyəti ilə bağlı səslənən və haqqında danışdığımız məqamlar rəsmi Moskva tərəfindən hələ ki təkzib edilməyib. Susmaq isə çox vaxt təsdiqi jest sayılır.

Onu da əlavə edək ki, Putinin danışmanı Duqinin erməni KİV-lərə verdiyi həmin müsahibəsində belə bir fikir də yer alıb: “Bu gün ermənilər anlamır ki, Rusiyanın hesabına Dağlıq Qarabağın erməni əhalisi mövcudluğunu davam etdirir. Moskva İrəvandan tələb edir ki, onun strateji maraqlarını nəzərə alsın. İrəvan Moskvanın milli maraqlarını nəzərə almalıdır, onların başqa yolu yoxdur. Lakin onlar nə edir? Teatr qurub, isterikaya qapılıb ağlamağa başlayırlar. Bu gün Rusiyanın marağı ilk növbədə Azərbaycanla yaxınlaşmaqdır. Moskva İrəvanla münasibətlərə ziyan vurmadan Bakı ilə yaxınlaşmaq siyasəti yürüdür. Bu, Kremlin birmənalı və sərt mövqeyidir... Kreml qısa müddətdə bu problemi həll edərək, Bakı ilə daha çox yaxınlaşmaq istəyir. Bakı ilə Moskvanın yaxınlaşması Dağlıq Qarabağın sonsuzadək Azərbaycanın tərkibində de-yure olmasını təmin edəcək. Regionun rifahı üçün Rusiya-Azərbaycan strateji ittifaqı qaçılmazdır”.

Təbii ki, söhbət həm də Azərbaycanın Avrasiya Birliyinə qoşulmasından gedir. Bakının isə bu məsələdə Kremldən əsas gözləntisi bəllidir - öncə Qarabağ, ərazilər!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.