İki il əvvəl Gülənçi şəbəkəyə qarşı başlanan “təmizləmə” əməliyyatında şok detal

30-08-2016, 09:52           
İki il əvvəl Gülənçi şəbəkəyə qarşı başlanan “təmizləmə” əməliyyatında şok detal
İstanbuldan Bakıya göndərilən gizli “camaat” hesabatında müdhiş faktlar olub; sabiq baş konsul Həsən Zeynalov ölkəmizdə təşkilatlanmış FETÖ-çuların qəzəbinə niyə gəlmişdi...
Türkiyədə 15 iyul qiyamına cəhddən sonra bu ölkədə Fətullah Gülən qrupuna qarşı ifşa əməliyyatları başlayıb. Demək olar ki, dövlət və ictimai sektorun bütün sahələrində minlərlə insan ifşa olunaraq işdən qovulub, yaxud həbsə atılıb.

Analoji ifşa prosesinə Azərbaycanda da start verilib. Yeri gəlmişkən, 2013-cü il dekabr həbslərindən sonra Türkiyə ilə yanaşı Azərbaycanda da “camaat təmizləmələri” başlamış, bir sıra qurum və təşkilatlar bağlanmış, bir neçə şəxs vəzifəsini itirmişdi. Hazırda oxşar vəziyyət yenidən yaranıb. Son günlərdə Azərbaycanda da yüksək səviyyədə “ifşa kampaniyaları” başlayıb, dövlət qurumları xətti ilə F.Gülən camaatı haqda ifşa materialları yayılır.

Qeyd edək ki, hələ iki il əvvəl Azərbaycanda bu kampaniya başlayanda bir neçə vəzifəli şəxs işdən çıxarıldı. Prezident Administrasiyasının şöbə müdiri, sabiq deputat Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanov vəzifəsini itirdi. Onun başçılıq etdiyi qruplaşmanın siyahısının Ankaradan göndərildiyi deyilirdi. Həmin vaxt mətbuat yazırdı ki, Türkiyə hakimiyyəti E.Aslanovun görəvdən alınmasını rəsmi Bakıdan israrla xahiş edib. Qəzetlər yazırdı ki, onun fətullahçı təşkilatla gizli-aşkar əlaqələri haqda Türkiyə hakimiyyətində detallı bilgilər var. Məhz həmin bilgilərin Bakıya göndərilməsindən sonra E.Aslanov işdən çıxarılıb.


Həmin vaxtlar bu proses YAP-ın “İrəli” Gənclər Təşkilatını da “vurdu”. Hakim partiyanın gənclər qoluna gülənçilərin məhz E.Aslanovun, keçmiş deputat Ceyhun Osmanovun xətti ilə doldurulduğu üzə çıxdı. Sən demə, YAP-ın gənc qvardiyası üzdə iqtidarçı, gizlində isə gülənçi imiş... Bundan sonra “İrəli” GT yenidən təşkilatlandı.

Bu yazını qələmə alarkən, yadımıza bir neçə il öncə baş vermiş proses düşdü. Bu haqda həmin dövrdə media sürəkli məqalələr dərc edirdi.


İnternet resurslarını araşdırarkən, mövzuya dair maraqlı məqamlara rast gəldik.
Ən maraqlı detallardan biri Türkiyədən gələn hesabatla bağlı idi. O zaman İstanbulda Azərbaycanın baş konsulu olan Həsən Zeynalovun “fətullahçılarla” bağlı Bakıya hesabat göndərdiyini yəqin hələ də xatırlayanlar var. Hətta saxta profillərdə gedən məlumatlarda bu hesabatda adlar çəkilirdi, “camaata” bağlı azərbaycanlıların konkret adları və fəaliyyətlərinin qeyd olunduğu yazılırdı.

Maraqlıdır ki, daha sonra Həsən Zeynalov özü də yerli mediaya açıqlamasında bu faktları təkzib etməmişdi. Bu hadisələrdən sonra Özbəkistana təyinat alan Həsən Zeynalov o zaman belə bir hesabat hazırladığını etiraf etmişdi. Sitat: “Bu məsələlər var. Ümumiyyətlə, tək bu deyil, digər bütün məsələlər bizim diqqətimizdədir və hər biri üzrə fikirlərimizi bildiririk. Bizim yazdığımız bütün fikirlər də müzakirə edilir, rəylər bildirilir. Amma belə şeylərin mətbuata düşməsi bizlik deyil. Kim məndən şübhələnirsə, qoy əvvəlcə özlərini araşdırsınlar. Hazırda bu məsələ ilə bağlı da dövlət məşğul olur. Bu məsələlərə strukturlarımızda, bölmələrimizdə baxılır. Şübhə toxumu əkmək istəyənlər öz işləri ilə məşğul olsunlar”.

Maraqlıdır ki, o zaman hesabatın detalları açıqlanmadı. Bu gün də orda nələrin yazıldığı və baş konsulun şübhələrinin, əldə etdiyi siyahıda kimlərin olması məsələsi hələ də qaranlıq qalır. Çünki H.Zeynalov öncə uzun müddət Qarsda, daha sonra isə İstanbulda Azərbaycanın baş konsulu olub və necə deyərlər, bu proseslərin mərkəzində yer alıb.

Xatırladaq ki, H.Zeynalov Fətullah Gülən şəbəkəsinin Azərbaycandakı qolu ilə uzun müddət müharibə şəraitində olub. Sabiq baş konsulun bu şəbəkəyə qarşı dirəniş göstərməsi, ona qarşı hücumlara nədən olurdu. Bəzi məlumatlara görə, Elnur Aslanov həmin vaxtlar Həsən Zeynalovun əleyhinə yerli mətbuatda serial məqalələr dərc etdirirdi. H.Zeynalovu İstanbul kimi böyük və əhəmiyyətli şəhərdən uzaqlaşdırmaq üçün ciddi fəaliyyətə keçmişdi.

Mövzuya dair H.Zeynalovla danışmaq istəsək də onunla əlaqə saxlamaq cəhdlərimiz alınmadı. İnanırıq ki, bu yazıdan sonra hazırda Özbəkistanda Azərbaycanın səfiri olan Həsən Zeynalov danışacaq, ortaya çıxan suallara cavab verəcək, gerçəkləri anladacaq. musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.