3 GENERAL MAHMUDOVUN ƏLEYHİNƏ İFADƏ VERİB! - Akif Çovdarovla Elçin Quliyev üzləşdirilib!
1-09-2016, 00:44
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan iki generalı arasında istintaqda üzləşdirmə prosesi keçirilib. Bu barədə gununsesi.info-ya hüquq-mühafizə orqanlarından məlumat daxil olub.
Məlumatda bildirilir ki, üzləşmə MTN-nin Anti-terror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyevlə, nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov arasında aparılıb.
Məlumatda qeyd olunur ki, üzləşməyə səbəb bu iki şəxsin istintaqa bir-birilərinin əleyhinə verdikləri ifadə olub.
“AzPolitika.info”ya daxil olan məlumatda isə bildirilir ki, sözügedən şəxslər, istintaqa, həmçinin sabiq MTN başçısı Eldar Mahmudov və onun müavini Hilal Əsədovun da əleyhinə ifadə veriblər. İstisna deyil ki, son vaxtlar Akif Çovdarovun adı ətrafında KİV-lərdə başladılan kampaniya da bu məsələ ilə bilavasitə əlaqəlidir. Məlumata görə, A.Çovdarov istintaqa sabiq nazirin əleyhinə ifadə verdiyindən çox narahatdır, cəzalandırıla biləcəyindən ehtiyat edir. Bu səbəbdən gah səhətinin yaxşı olmadığı, gah aclıq etdiyi barədə məlumatlar yaydırmaqla, diqqəti özünün təhlükəsizliyi məsələsinə yönəldir.
Elçin Quliyev isə həbsinin ilk günlərində ifadə verməkdən qətiyyətlə imtina etsə də, daha sonra fikrindən daşınıb və istintaqla əməkdaşlıq yolunu tutub.
Ümumiyyətlə, açıq görünür ki, “MTN işi” çərçivəsində həbslərin əsas məqsədi Eldar Mahmudovun əleyhinə ifadə toplamaq olub. Bu, hansısa mərhələdə Eldar Mahmudovu həbs etmək, yoxsa sadəcə onu gərginlik altında saxlamaq niyyətinə xidmət edib, demək çətindir.
Lakin artıq bir məsələ qəti şübhə doğurmur ki, MTN-dəki həbslərin, zahirən göründüyü kimi, burada törədilən çoxsaylı cinayətlərlə – qətllər, şantaj, soyğunçuluq, mənimsəmə kimi hallarla qəti əlaqəsi olmayıb. Əks halda aylardır aparılan istintaq çərçivəsində həbslər davam edər, ilk dalğada saxlanılan 21 nəfərdən başqa da kimlərsə məsuliyyətə cəlb olunar, KİV-lərdə çoxsaylı cinayətləri haqda danışılan digər generallar da Akif Çovdarov, Elçin Quliyev və digərlərinin yanında oturardı. Məsələn, MTN Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlan Şıxəliyevin əleyhinə onlarla ifadə verən, onun ağır cinayətlərini ifşa edən tapılsa da, bu adam məsuliyyətdən kənarda saxlanıldı. MTN-də həbslərin ilk dalğasından sonra yalnız bir nəfər – Anti-terror Mərkəzinin sabiq rəisi Elçin Quliyev həbs olundu ki, bu da istintaqın hansısa faktlar toplaması ilə bağlı yox, onun özünün dinc oturmaması, keçmiş müavini İlqar Quliyevin həbsdəki intiharına görə kimlərisə suçlamağa cəhd etməsinə görə idi…
Həbslərin davam etməməsi həm də onu sübut etdi ki, “içəridəkilərdən” kifayət sayda adam istintaqa lazım olan ifadəni verib deyə, əlavə şahidlərə ehtiyac qalmayıb.
Qeyd edək ki, bir müddət əvvəl hazırda ev dustaqlığında olan bir digər MTN generalı Natəvan Mürvətovanın da Eldar Mahmudovun əleyhinə ifadə verdiyi məlum olmuşdu.
Beləliklə, sabiq nazirin əleyhinə ən azı 3 generalın ifadə verdiyi artıq dəqiqləşməkdədir. Lakin istisna deyil ki, onların sayı daha çoxdur.