«BÖYÜK BARIŞIQ» OLMAYACAQ! - Prezidentin “həmişəlik” vurğusu…

2-09-2016, 14:59           

Son vaxtlar eks-spiker, 1996-cı ildən ABŞ-da siyasi mühacir həyatı yaşayan Rəsul Quliyevin, hakimiyyətlə barışaraq ölkəyə dönə biləcəyinə dair müzakirələr intensivləşmişdi. Siyasi kuluarlarda R.Quliyevin hakimiyyətlə razılığa gələrək, Azərbaycana dönməsi istiqamətində iş apardığına dair söz-söhbətlər dolaşırdı. Hətta eks-spikerin siyasi fəaliyyətdən imtina etmək şərti ilə Bakıya qayıtmasının artıq razılaşdırıldığını iddia edənlər də vardı.

Elə R.Quliyevin son müsahibəsində səsləndirdiyi fikirlər də bu iddiaların heç də əsassız olmadığını düşünməyə əsas verirdi. O, qardaşı Sabir müəllimin yasında iştirak etməyinə şərait yaradılması üçün yaxınlarının ölkə rəhbərliyinə müraciət etməsi barədə suala belə cavab verib: “Bizim ailəmizdə müəyyən qayda-qanun hökm sürür. Mənim razılığım olmadan heç kim heç yerə müraciət etməz. Müraciət ediləcəksə, mən özüm etməliyəm. Mənim müraciət edib-etmədiyimi elan etməyimin isə heç bir əhəmiyyəti yoxdur. Çünki müraciətin əhəmiyyəti ancaq icazə veriləndə ola bilər”.

R.Quliyev eyni zamanda Azərbaycana qayıtmaq istədiyini açıq bəyan edərək, bunun ölkədə hamı üçün xeyirli olacağını bildirib: “Hər halda, fikrimcə, ölkədə hakimiyyətin yuxarı pilləsində məntiqli düşünən, ağıllılar vardır. Həmin ağıllı şəxslər bilirlər ki, mənim Azərbaycanda olmağım ölkəyə ancaq xeyir gətirə bilər”.

Eks-spiker əqidəsindən dönmədiyini, korrupsiya və rüşvətxorluğa qarşı barışmaz mövqeyini saxlayacağını söyləsə də, ölkəyə dönəcəyi halda hakimiyyətə radikal müxalifətdə dayanmayacağı mesajını da verib: “Heç vaxt korrupsiya və rüşvəti dəstəkləmərəm və ölkənin bu xərçəng xəstəliyinə qarşı mübarizəmi heç vaxt dayandırmaram. Mənim gəlişim bu xəstəliyi yayanları dərin təşvişə salır və onlar axıra qədər mənim gəlməyimə maneçilik törətməyə çalışacaqlar.
Məntiqli düşünənlər mənim müxalifətdə olmağıma baxmayaraq, heç vaxt konstitusiyanın, qanunların əleyhinə gedib zorla hakimiyyət dəyişikliyinə can atmayacağımı da bilirlər. Əgər mən bu yolun adamı olsaydım, iki dəfə – 1994-cü ilin oktyabr və 1995-ci ilin martında hakimiyyəti asanlıqla ələ keçirə bilərdim.”

Ekspertlərin fikrincə, Rəsul Quliyev bununla bir qədər üstüörtülü formada olsa da, onun ölkəyə dönməsinə şərait yaradılacağı təqdirdə aktiv siyasi mübarizədən əl çəkməyə hazır olduğu mesajını verib (korrupsiya və rüşvətxorluq əleyhinə fərdi formada fikirlərini bəyan etməklə və ya hansısa ictimai təşkilat yaratmaqla da mübarizə aparmaq mümkündür).

Rəsul Qulyevin bu mövqeyindən sonra onun ölkəyə birdəfəlik dönməyə hazırlaşdığına dair iddialar, bir növ təsdiqlənmiş oldu. Ancaq dünən bu iddiaların reallaşa bilmə ehtimalına ciddi zərbə vuruldu. Ən azı mövcud iqtidarın dövründə R.Quliyevin razılıq əsasında Azərbaycana qayıtmasının mümkünsüz olduğu bir daha təsdiqləndi.


Hər halda Azərbaycan prezidenti İlham Əliyevin Bakı Dərin Özüllər Zavodunda “Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimindən sonra zavod kollektivi ilə görüşdə səsləndirdiyi fikirlər belə söyləməyə əsas verir. Prezident, ad çəkmədən 1996-cı ildə – “Şahdəniz” layihəsi imzalanan zaman Rəsul Quliyevin tutduğu mövqeyi xatırlayaraq, onunla bağlı kəskin fikirlər səsləndirib.

“Azərbaycan rəhbərliyində bir nəfər “Şahdəniz” layihəsi ilə bağlı müqavilənin imzalanmasına etiraz edirdi. O şəxs də çoxdan Azərbaycandan qaçıb gedib. O etirazın da səbəbi indi bəlli olur. Onun məqsədi Azərbaycana xeyir gətirmək yox, ziyan vurmaq idi” deyən Prezident, Rəsul Quliyevin ölkədə vəziyyəti mürəkkəbləşdirmək üçün qəsdən bu layihənin əleyhinə çıxdığını bildirib:

“O şəxs bu layihənin Azərbaycana xeyir gətirəcəyini başa düşmürdümü? Başa düşürdü, sadəcə, istəmirdi ki, Azərbaycan inkişaf etsin. İstəyirdi ki, vəziyyət pisləşsin, sonra tutduğu vəzifədən də böyük vəzifə əldə etsin. Ancaq “Şahdəniz” layihəsi bu gün göz qabağındadır, 10 minlərlə Azərbaycan vətəndaşı işləyir, əsərlər yaradır. Azərbaycan dünya miqyasında daha da əhəmiyyətli ölkəyə çevrilir. Ölkəyə böyük həcmdə valyuta gəlib və gələcək”.

Dövlət başçısı R. Quliyevi dövlətçiliyə xəyanətdə ittiham etməklə, onunla bağlı hakimiyyətin mövqeyində hər hansı dəyişiklik olmadığını göstərib: “Əgər 1996-cı ildə Azərbaycanın düşmənlərinin, ölkəmizə, dövlətçiliyimizə xəyanət etmiş insanların mövqeləri üstünlük təşkil etsəydi, bunların heç bir olmayacaqdı”.

Prezident R.Quliyevin ölkəyə dönmək niyətilə bağlı fikirlərini da cavabsız buraxmayıb, ona qapıların həmişəlik bağlı olduğu mesajını verib: “O zaman müşavirədə təcrid olunmuş vəziyyətdə qalan fərd – belə desəm, daha düzgün olar – çox məyus oldu və iclası tərk etdi. Bu müşavirədən 2-3 ay sonra Azərbaycandan da HƏMİŞƏLİK getdi”.

Beləliklə, ölkə başçısı Rəsul Quliyevin hakimiyyətlə anlaşaraq Azərbaycana dönə biləcəyi ilə bağlı iddialara birdəfəlik son qoyub.

Hakimiyyətin onu bağışlamaq niyyəti yoxdur!
AzPolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.