Mirşahinin məhkəmədə tarixi çıxışı

2-09-2016, 19:36           
Mirşahinin məhkəmədə tarixi çıxışı
teref.az Mirşahinin məhkəmədə çıxışını təqdim edir:
Hörmətli hakim!
Hörmətli məhkəmə iştirakçıları!
Bu gün Azərbaycanda tarixi məhkəmə iclası keçirilir və bu eyni zamanda həm də tarixin məhkəməsidir. Mühakimə olunan həm də tarixin 25 ilidir! ANS-in yaşını nəzərə alaraq belə deyirəm və düşünürəm ki, haqlıyam. Bu məhkəmədə 25 il ərzində ANS-in çəkdiyi, tarixə, qızıl fonda köçürdüyü hadisələr və insanlar var. Dağlıq Qarabağda açılan ilk atəşdən atəşkəsin elan olunduğu son günədək, Xocalı, Şuşa, Ağdam, Füzuli, Kəlbəcər, Zəngilan, Laçın, Cəbrayıl, Qubadlı, Xocavənd kimi yaşayış məntəqələrimizin hər birinin müdafiəsi, işğalı, son günləri yalnız ANS tərəfindən lentə alınıb və bizim arxivimizdə saxlanır. Biz Qarabağın hər bir qarışını kamera ilə keçmişik, dünyanın informasiya nəhəngləri bu qaynar bölgələrə öz əməkdaşlarını göndərməkdən çəkindiyinə görə yalnız ANS-in video materiallarından istifadə edrdilər və bizim şirkətə buna görə minnətdar idiər, bu o zamanki informasiya blokadası şəraitində çox vacib idi və sabah tarixə şahid–sübut lazım olsa, ANS-siz keçinmək, sadəcə, mümkün olmayacaq. ANS Azərbaycan xalqının şüuruna, təhtəlşüuruna Azərbaycan dövlətinin ərazi bütövlüqü uğrunda apardığı müharibəni, Qarabağ döyüşlərini lentə alarkən şəhid olmuş, Milli Qəhrəman Çihgiz Mustafayevin adı ilə köçüb. Bu gün Azərbaycanın xarici siyasətində ən kəsərli silah kimi istifadə olunan Xocalı soyqırımı məhz Çingizin xidməti sayəsində tutarlı dəlil-sübuta çevrilib. Qarabağda şəhid olmuş minlərlə insanın ruhu, Azərbaycanın Ən Yeni Tarixini yaradan yüzlərlə şəxsiyyətin təsviri, səsi və şəklı, Sovet İmperiyasının dağılmasının dəlil subutları, Milli Azadlıq hərəkatının fəaliyyəti bütün təfərrüatları toplaşmış - 25 illik tarixi özündə daşıyan ən zəngin kanalın mühakimə günüdür. O kanalın ki, apardığı vətənpərvərlik xəttini prezident İlham Əliyev həmişə yüksək qiymətləndirib. O kanalın ki, böyük Heydər Əliyev onu Azərbaycanda vətənpərvərlik ideyalarının təbliğ olunmasında göztərdiyi xidmətə görə cəmiyyətə nümunə göstərmişdi. Bəlkə elə indi də burda hardasa elə Heydər Əliyevin ruhu dayanıb və 2003-cü ildə Klivlenddən axır nəfəsində axtardığı, öz sonuncu müsahibəsini etibar etdiyi ANS-ə qurulmuş məhkəməni həyəcan və heyrətlə izləyir. Ola bilər ki, burda metafora var, amma səmimiyyətimə inanın ki, bu gün mən doğrudan da ANS-i və onun simasında müstəqilliyimizin 25 illik tarixini mühakimə edən məhkəmə heyətinə qibtə etmirəm. Bu gün imtahan günüdür. ANS yarananda anadan olmuş və onun vətənpərvərlik kursunu keçmiş 25 yaşlı Azərbaycan vətəndaşı qarşısında Dövlət İmtahanıdır. Bu imtahanı təkcə ANS vermir, həm də dövlət verir. Dövlət - ona 25 il qulluq etmiş, peşəkar xəbər fəalyyəti göstərmiş, canından, yaxınlarının canından, bir sıra hallarda şəxsi xoşbəxtliklərindən keçmiş, dövlət, vətən, millət, Ali Baş Komandan uğrunda ən ağlagəlməz addımlara belə getmiş, bir sıra hallarda öz işgüzar nüfuzunu, reputasiyasını risk altına qoymuş, beynəlxalq qurumların rəyini nəzərə almadan baş verən prosesləri Azərbaycanın yerləşdiyi müharibə vəziyyəti ilə əlaqələndirməyi ictimaiyyətə tövsiyə etməklə məşğul olan, dünya miqyasında peşəkar informasiya brendinə çevrilmiş bir qurumla ANS-lə bağlı hansı addımı atacaq? Bu sualın cavabı ANS-ə nümunə kimi baxan milyonlarla insanın gələcəyə, dövlətə, vicdana, qanuna münasibətinin dəyişib-dəyişməməsində həlledici rol oynayacaq. Ona görə də mən hamını bu Dövlət İmtahanında xüsusi məsuliyyətə, qiymət verərkən ədalətli olmaqa dəvət edirəm. Bu gün ANS-in minə yaxın əməkdaşı işsizdir və onların sosial vəziyyəti getdikcə ağırlaşır. Bütün gözlər məhkəməyə, onun ədalətinə dikilib. Çünki biz qanunlarla yaşayan və qanunlara tabe olmağa öyrəşmiş və hamıdan da Qanunlara tabe olmağı tələb edən qurum, kollektiv kimi yenə də Qanundan, öz dövlətimizdən, onun yaranışının hər bir kərpicinin qoyulmasında ya şahid, ya da inşaatçı kimi iştirak etdiyimiz doğma Azərbaycanımızdan yapışmışıq. Milli Televiziya və Radio Şurasının ANS–in fəaliyyətini 1 aylıq dayandırmaq barədə qərarından da elə buna görə məhkəməyə şikayət etmişik. Biz MTRŞ-nın 18 iyul 2016-cı il tarixli 09.1 saylı qərarını (inzibati aktı) tamamilə qanunsuz və əsassız hesab edir və həmin qərarın etibarsız hesab edilməsini məhkəmədən xahiş edirik. Buna kifayət qədər əsaslarımız var. Amma təkcə bir fakti qeyd etmək istəyirəm ki, Baş Prokurorluq ANS TV-nin yayımını araşdlrmaq zərurəti ilə bağlı olaraq 1 aylığına dayandırmaq barədə təqdimat verib. Baxmayaraq ki, MTRŞ, bu qərarı icra edərkən də öz səlahiyyətlərini aşıb. Amma bu cəhənnəm deyib fakta göz yumsaq belə, 1 aydan sonra qurum ANS-in fəaliyyəini bərpa etməliydi, daha ANS-in lisenziyasının ləğv olunması iddiası ilə məhkəməyə müaciət etməməliydi. Həm ona görə ki, Baş Prokurorluq onun qarşısında belə bir vəzifə qoymamışdı, həm də lisenziya vermək və almaq səlahiyyəti artıq bu ilin iyun ayının 1-dən etibarən İqtisadiyyat nazirliyinə məxsusdur. Milli Qəhrəman Çingiz Mustafayevn adını daşıyan ANS ÇM-in tələsik qapadlması, ANS PRESS portalının bağlanması da kobud qanun pozuntusudur. MTRŞ, sadəcə olaraq, əlinə düşmüş fürsətdən istifadə edib və bir güllə ilə 3 dovşan vurub, araşdırma mövzusu olmayan, əsasən musiqi layihələri ilə fəaliyyət göstərən radiostansiyanın lisenziyasına xitam verib. Gözünə qatıb ölkənin aparıcı portalnın oxucularını etibarlı informasiya mənbəyindən də məhrum ediblər. ANS PRESS də bağlanib!
İndi isə ANS TV-nin fəaliyyətinin dayandırılma səbəbləri barədə. Bu səbəblər tam əsassızdır. Guya ANS telekanalı Türkiyə respublikasında baş vermiş dövlət çevrilişinə yönəlmiş hadisələri qeyri obyektiv işıqlandırıb və Türkiyə dövlətinin və hakimiyyətinin əleyhinə təbliğat aparıb, bu ölkədə terrorçu kimi tanınan, Fəthullah Gülənə və onun tərəfdaşlarına dəstək verib, Türkiyə hakimiyyətinə qarşı çevriliş cəhdinə rəhbərlik etməkdə şübhəli bilinən Fəthullah Güləndən müsahibə alıb, yerli və xarici kütləvi informasiya vasitələrində anons edilib. Bu ittihamların hər biri 2-ci sinif səviyyəsində belə təkzib olunmağa layiq cəfəngiyyatdır. Çünki əvvəla ANS belə bir təbliğat aparmayıb, əksinə Televiziya və Radio yayımı haqqında Azərbaycan Republikası qanununun 3-cü madəsində təsbit edilmiş teleradio fəaliyyətinin obyektivliyi, ideoloji və siyasi plüralizm və qərəzsizlik prinsipinə müvafiq olaraq efirə verilən proqramlarda vətəndaşların öz fikir və baxışlarını sərbəst ifadə etmək üçün bərabər imkanlar yaratmağa çalışıb. Əksinə, Türkiyədə dövlət çevrilişinə cəhddə günahlandırlan tərəfin mövqeyi daha az əks olunub, ona görə ki, ANS Azərbaycan-Türkiyə münasibətlərinə strateji müttəfiqlik və qardaşlıq prizmasından yanaşaraq, ancaq rəsmi Ankaranın mövqeyini işıqlandırıb.
Fəthullah Gülənin müsahibəsi adlandırılan proses barədə. Əvvəla burada söhbət qətiyyən müsahibədən getməməlidir. Ona görə ki, ANS-in Amerika Birləşmiş Ştatlarındakı müxbiri Fəthullah Güləndən ayrıca müsahibə almayıb, bu bir mətbuat konfransı olub və əməkdaşımız da burda onlarla nüfuzlu KİV, o cümlədən türk jurnalistlərlə birlikdə iştirak edib. Hamı kimi sual verib, cavab alıb və bu materialı ANS-ə göndərib. ANS-in rəhbərliyi isə materialı efirə verməyi məqsədəuyğun saymayıb. Materialın ANS TV-də efirə veriləcəyinin yerli və xarici kütləvi informasiya vasitələridə anons edilməsinə gəlincə, burada da ciddi aydınlaşdırmağa ehtiyac var. Biz ötən məhkəmə iclaslarında sübut etdik ki ANS-ə məxsus heç bir kütləvi informasiya vasitəsində Fəthullah Gülənlə reportajın anonsu verilməyib və sözsüz ki, reportajın özü də efirə getməyib.
Yəqin ki, məhkəməyə bu da çox maraqlı olar: Biz Fəthullah Gülənlə reportajı iyul ayının 18-də saat 10:57 də almışıq. Saat 18:30-da isə ANS-in yayımı dayandırılıb. Bizə şifahi elan olunan bağlanma səbəbi də bu olub ki, Gülənlə müsahibə verəcəkdiniz. Qarşısını aldıq. Doğru deyil. Əgər bizim Mətbuat konfransından reportajı efirə vermək fikrimiz var idisə, hər 15 dəqiqədən bir efirə xəbərlərlə çıxan ANS olaraq niyə o müsahibəni bütün gün ərzində efirə verməmişdik? Nə mane olurdu ANS-ə? Yəni aydın deyil ki, ANS həmin materialı vermək istəsəydi alan kimi, elə Xəbərçi-nin saat 12 buraxılışnda verərdi. Daha 8 saat niyə gözləyirdi ki? Deməli səbəb əsassızdır!
MTRŞ bəyan edir ki, guya Türkiyə dövlətində baş verən hadisələrin işıqlandırıması ilə bağlı bizə dəfələrlə xəbərdarlıq olunub. Daha bir rəsmi təkzib səsləndirirəm: İyul ayının 15-dən 18-i də daxil olmaqla həmin günlər bizə MTRŞ-dan nə Türkiyədə baş verənlər, nə də başqa mövzuda nə şifahi, nə də yazılı surətdə heç bir xəbərdarlıq daxil olmayıb. Əksinə biz özümüz materialı alan kimi maraqlanan dövlət qurumlarını dərhal xəbərdar etmişik.
Anonsların yerli və xarici kütləvi informasiya vasitələrində verilməsi ətrafındakı vəziyyətə gəlincə, burda da aydınlaşdıılması vacib məqamlar var. Fəthullah Gülənin iştirak etdiyi mətbuat konfransından ANS TV-nin anons verə biləcəyi ehtimalı və yalnız ehtimalı əsasında 25 yaşlı qos-qocaman şirkət bağlanır, onun 25 illik xidməti, nüfuzu, 1000-ə yaxın əməkdaşının gələcəyi nəzərə alınmır, özü də bu, həqiqətə uyğun olmayan ehtimal əsasında, vermədiyimiz materiala və vermədiyimiz anonsa görə edilir! Bəs onda bu anonsları doqrudan verən və MRTŞ-n məntiqinə görə bu anonslar vasitəsilə terrora doğrudan da dəstək vermiş (xarici kiv bir yana) yerli kiv-lərdən, saytlardan niyə heç kim heç nə soruşmur?
Jurnalistika nəzər nöqtəsindən ANS TV-nin Amerika Birləşmiş Ştatlarındakı Bürosu qeyri-adi bir iş görməyib, öz peşəkar fəaliyyəti ilə məşğul olub. O günlər bütün dünyanın diqqət mərkəzində olan bir adamın mətbuat konfransına gedib. ANS tarixi boyu belə işləyib: Gürcüstanda da, Çeçenistanda da, Qırğızıstanda da, İranda da, Əfqanıstanda da... Özbəkistanda da, Liviyada da... Heç kimin də ağlına bizi terrorun təbliğində günahlandıraraq qapatmaq gəlməyib...
Hörmətli hakim!
Hörmətlə məhkəmə iştirakçıları!
MTRŞ iddia edir ki, ANS qəddarlıq əks etdirən kadrlar nümayiş etdirməkə, guya çevriliş cəhdi edənlərə dəstək verib. Guya ANS TRT-nin aparıcısının birbaşa efirdə oxuduğu bəyanatı yayımlamaqla terrorçulara kömək edib, hətta Türkiyə təmsilçimizin hadisə rayonundan birbaşa efirə çıxaraq əldə etdiyi məlumatları çatdırması belə ANS-i ittiham hədəfinə çevirib. Unudulur ki, Azərbaycanda açıq yayımda olan TRT o günlər də eyni qaydada çalışırdı və MTRŞldakılar da daxil olmaqla Azərbaycan tamaşaçıları hadisələri bu kanal vasitəsilə birbaşa izləyə bilərdi. Təbii ki, burda qəddar kadrlar da var idi, ölən də, yaralanan da, amma bu kadrları ANS Türkiyə telekanallarına, o cümlədən rəsmi TRT-yə istinadən qoşularaq göstərirdi. Əgər TRT-nin yayımı yolverilməz hesab olunurdusa onda MTRŞ bu kanalın Azərbaycanda açıq yayımını dayandırmamışdı. ANS TV iulun 15-dən 18-dək Türkiyədə baş verən prosesləri tam təfərrüatları ilə verib. Təəssüf ki, araşdırmalar dolğun aparılmır, maraqlıı tərəf olan MTRŞ-nın təqdim etdiyi, ayrı-ayrı çıxışların kontekstdən çıxarılmış parçalarına istinad edilir. Biz o günlər 50 saata yaxın birbaşa efirdə işləmişik. 15 iyuldan 16-na keçən gecəki efirimizdə isə belə parçalar da var:
Sitatlar:
02.11: Pərviz Sultansoy (ANS-in İstanbuldaki Xüsusi Müxbiri birbaşa efirə qoşulur): “Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın çağırışından sonra insanları küçələrə səslədilər. Müxtəlif qaydalarda dövlətə və hal-hazır ki hakimiyyətə öz dəstəklərini bildirirlər”.
02.40: Pərviz Sultansoy (ANS-in İstanbuldaki Xüsusi Müxbiri birbaşa efirə qoşulur): Küçədə Türkiyə vətəndaşının söylədiyi: “Asker bir daha kalkmış, amma karşılığında hükumət vardı. Bu millət vardı, ən doğru cavabı bu”.
02.44: Pərviz Sultansoy (ANS-in İstanbuldaki Xüsusi Müxbiri birbaşa efirə qoşulur): Küçədə Türkiyə vətəndaşının söylədiyi: “Biz Rəcəp Tayyip Ərdoğana kurban oluruz, biz onu seviyoruz”.
03.15: Toğrul Nəsirli (ANS-in Bakıdakı Müxbiri, Türkiyə Səfirliyinin qarşısından birbaşa danışır):
Bakıda yaşayan Türklərin şüar səsləndirir – “Rəcəb Tayyib Ərdoğan!!!”.
Başqa bir türk ANS-in mikrofonuna səslənir: “...Cumhur başkanımızın yanınızdayıq. Allah dövlətimizi, millətimizi, cumhur başkanımızı, ülkəmizi hər türlü bəlalardan, şərlərdən uzaq eləsin”.
03.19: Nigar Mahmudova (Xəbərçi Proqramının Aparıcısı): “Rəcəb Tayyip Ərdoğanın Ali Baş Komandan olaraq çağırışından sonra, baxın nə qədər insan meydanlara axışıb. İstanbul, Ankara, yəni insan əlindən tərpənməli deyil, gecənin bu vaxtında”.
03.42: Nigar Mahmudova (Xəbərçi Proqramının Aparıcısı): “Türkiyədən gələn xoş xəbəri çatdırmaq istəyirəm. Çevrilişə cəhd, elə cəhd olaraq qaldı”.
04.18: Nigar Mahmudova (Xəbərçi Proqramının Aparıcısı): ”ANS-ə eksklyuziv müsahibə verən səfir(Türkiyənin Azərbaycandakı səfiri-red.), dəstək üçün gəlmiş vətəndaşlara minnətdarlıq edərək, Türkiyənin bu sınaqdan üzü ağ çıxacağını deyib”.
(ardınca Türkiyə səfirinin müsahibəsi)
04.32: Mir Şahin (ANS-in Şərhçisi): “...strateji qardaş maraqları üçün biz nigaranıq, narahatıq, özümüzdə gedən qızğın proseslər kimi nigaranlıqla, narahatlıqla izləyirik. Təbii ki, stabilliyi arzu edirik, stabilliyin bərpa olunmasına ümid edirik. Yəqin bunun üçün dua edirik. VƏ Azərbaycan-Türkiyə münasibətlərini bütün bölgə üçün aktuallaşdıran, əhəmiyyətə mindirən, bəzi məqamlarda hətta müqəddaratiləşdirən çoxlu layihələrimiz var, müştərək layihələrimiz var. ”.
04.35: Mir Şahin (ANS-in Şərhçisi): “...Biz də Türkiyəyə, Türkiyə xalqının arzuladıqlarını arzulayırıq...
04.46: Mir Şahin (ANS-in Şərhçisi): “Azərbaycan Türkiyənin yaxın müttəfiqi olaraq, bu bölgədə sabitliyin bərpa olunmasını istəməlidir və istəyir”.
05.07: Rəcəb Tayyip Ərdoğanın İstanbul Hava Limanında jurnalistlərə açıqlaması təqdim olunur.
05.14: Mir Şahin (ANS-in Şərhçisi): Ərdoğanın indi stavka elədiyi demokratiya və elektoratıdır”.
05.16: Pərviz Sultansoy (ANS-in İstanbuldaki Xüsusi Müxbiri birbaşa efirə qoşulur): Biz də komandamızla Rəcəb Tayyip Ərdoğanın evinin qarşısına gedirik ki, o mitinq eləsə, orada olaq”.
05.23: Nigar Mahmudova (Xəbərçi Proqramının Aparıcısı): Ərdoğanın canlı mətbuat konfransını izləyək.
(Rəcəb Tayyip Ərdoğanın mətbuat konfransı təqdim olunur)
03:05:24 Nigar Mahmudova (Xəbərçi Proqramının Aparıcısı) Natonun Türkiyəni dəstəkləyən açıqlamasını oxuyur.
03.20:28 Qənirə Paşayeva (Azərbaycanən Millət Vəkili): Bu vəziyyətin adı birmənalı olaraq, dövlət çevrilişidir, dövlət çevrilişinə cəhddir. Bunun başqa adı yoxdur. Onlar (çevriliş etmək istəyənlər-red) artıq özləri də bilirlər ki, Türkiyədə artıq hərbi idarəçilik mümkün deyil”.
03:24:30 Nigar Mahmudova (Xəbərçi Proqramının Aparıcısı): Türkiyə Baş naziri Binəli Yıldırım CNN-ə bu dəqiqə müsahibə verdi: “Bu çeteni çökdürəcəyik!” Yəni üsyançılar nəzərdə tutulur.
03:55:19 Qənirə Paşayeva (Azərbaycanən Millət Vəkili): “Bir qrup çevrilişçinin bu xalqı məhv etməsi mümkün deyil. Bu xalq da tankın belinə qədər çıxıb”.
Və bütün bunlar yayımımızda olan çıxışların heç yüzdə biri də deyil. ANS TV-nin efirində o gecə və sonrakı gün və gecələr ölkənin tanınmış insanlarl, dövlət və hökumət üzvləri, millət vəkilləri Türkiyə dövlətinin başına gəlmiş bəlanı qardaş dərdi kimi qəbul ediblər. Qanuni hakimiyətə dəstək veriblər. Bunu ANS-in efirində ediblər!!! Prezident İlham Əliyevin hadisələri pisləyən mövqeyi ilk dəfə ANS TV-dən yayımlanıb. Prezident Adminstrasiyası rəhbərinin müavini Novruz Məmmədov ilk açıqlamanı məhz ANS TV vasitəsilə çatdırıb. İyulun 15, 16-sı və 17-si də daxil olmaqla o günləri işıqlandırdığımza görə Türkiyənin Azərbycandakı səfiri Alper Coşğun ANS-ə xüsusi təşəkkürünü bildirib və bu gün o çıxışı hər kəs sosial şəbəkədə izləyə bilər.
Bir daha nəzərinizə çatdırma istəyirəm ki, bütün bunları biz Televiziya və Radio yayımı haqqında Azərbaycan Republikası qanununun 3-cü madəsində təsbit edilmiş teleradio fəaliyyətinin obyektivliyi, ideoloji və siyasi plüralizm və qərəzsizlik prinsipinə müvafiq olaraq efirə verilən proqramlarda vətəndaşların öz fikir və baxışlarını sərbəst ifadə etmək üçün bərabər imkanlar yaratmaq hüququmuza uyğun olaraq etmişik.
Hörmətli hakim və məhkəmə iştirakçıları!
Bildiyiniz kimi biz 25 ildir ki işləyirik, uşaq deyilik və mövcud oyun qaydalarını da yaxşı bilirik və ona görə də heç bir yazılmış və yazılmamış qanunu pozmamışıq.
Sonda təşəkkür edirəm ki, mənə qulaq asdınız və çox istərdim ki, məhkəmə ədalətli qərar çıxarsın, ANS-in fəaliyyətinin bərpası barədə qərar çıxarsın. Biz öz dövlətimizə bu gün də güvənirik, düşünürük ki, onun məhkəməsi ədalətə əsaslanacaq və Prezident İlham Əliyevin siyasi kursu da elə bu təfəkkürə əsaslanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.