Prezident: Onların qələbəsi həyasızcasına, biabırcasına əllərindən alınıb
3-09-2016, 07:50
Azərbaycan yığması Rio olimpiya oyunlarında möhtəşəm və tarixi qələbə qazanıb.
Bunu Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşdə bəyan edib. O, bildirib ki, olimpiadada göstərilən nəticə Azərbaycanın doğrudan da idman ölkəsi olduğunu göstərib.
“Bu, doğrudan da tarixi qələbədir. Azərbaycan idmançıları Rio Olimpiya Oyunlarında 18 medal qazanmışlar. Bu, rekord göstəricidir. Onlardan 1-i qızıl, 7-si gümüş, 10-u isə bürünc medaldır. Bu, onu göstərir ki, Azərbaycan doğrudan da idman dövlətidir. Mən bunu dəfələrlə bildirmişəm. Bir daha demək istəyirəm, həyat və idmançılarımızın nəticələri bunu bir daha təsdiqləyir. Medalların sayına görə Azərbaycan komandası 14-15-ci yerləri bölüşür. Avropa ölkələri arasında 7-ci, keçmiş Sovet İttifaqı respublikaları arasında 2-ci, müsəlman ölkələri arasında isə 1-ci yerdədir”.
Qazanılan möhtəşəm qələbənin bütün Azərbaycan xalqını sevindirdiyini, Azərbaycan xalqının öz idmançıları ilə fəxr etdiyini deyən prezident İlham Əliyev müstəqillik dövründə Azərbaycan idmançılarının qazandığı uğurlardan danışıb. Dövlət başçısı Rio olimpiya oyunlarında bəzi hallarda hakimlərin ədalətsizliyi ilə üzləşmələrinə baxmayaraq, idmançılarımızın özlərini ləyaqətlə apardıqlarını, emosiyalara yol vermədiklərini diqqətə çatdırıb: “Rio Olimpiya Oyunlarında bəzi hallarda hakimlərin ədalətsizliyi və deyə bilərəm ki, saxtakarlığı ilə üzləşərək onlar emosiyalara yol vermədilər, özlərini ləyaqətlə apardılar. Onlar üçün bu, ən ağır mənəvi zərbə idi. Çünki onların qələbəsi bütün dünyanın gözü qarşısında kobudcasına, həyasızcasına, biabırcasına əllərindən alınıb. Amma görün bizim idmançılarımız özlərini necə ləyaqətlə aparırlar”.
Prezident bildirib ki, bu, idmançılarımızın güclü mənəviyyata malik olduqlarını göstərir: “Siz Azərbaycan xalqını sevindirmisiniz. Rioda müstəqil Azərbaycan bayrağı 18 dəfə dalğalanıb. Xüsusilə nəzərə alsaq ki, bir aydan sonra biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik, bu, müstəqilliyimizin 25 illiyinə Azərbaycan idmançıları tərəfindən gözəl hədiyyədir. Bütün Azərbaycan xalqı sizinlə fəxr edir. Mən sizinlə fəxr edirəm. Sizə minnətdaram, sizə uğurlar arzulayıram, sizi öpürəm, bağrıma basıram! Eşq olsun Azərbaycan idmançılarına!”
Dövlət başçısı Azərbaycan idmanının inkişafındakı xidmətlərinə və XXXI Yay Olimpiya Oyunlarında göstərdikləri yüksək nailiyyətlərə görə təltif edilmiş idmançılara və onların məşqçilərinə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu, “Tərəqqi” medallarını, “Şöhrət”, “Vətənə xidmətə görə” ordenlərini təqdim edib, onlara bir daha uğurlar arzulayıb.
Azərbaycanın sərbəst güləş üzrə yığma komandasının böyük məşqçisi Firdovsi Umudov, XXXI Yay Olimpiya Oyunlarının gümüş medalçısı Toğrul Əsgərovun şəxsi məşqçisi Elçin Zeynalov, kişilərdən ibarət taekvondo üzrə yığma komandanın məşqçisi Elnur Amanov və Olimpiya Oyunlarının medalçıları çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını çatdırıblar.