'8 milyard dollar iki kanalla ölkədən çıxarılıb'

4-09-2016, 00:55           
'8 milyard dollar iki kanalla ölkədən çıxarılıb'
Maliyyə Nazirliyinin son açıqlaması o deməkdir ki, ölkədə 6 il ərzində nə bank-maliyyə nəzarəti, nə də valyuta-gömrük nəzarəti sistemi işləyib. Bu funksiyaları həyata keçirən Mərkəzi Bank, Maliyyə Nazirliyi və gömrük orqanları üzərilərinə düşən adi vəzifələrini belə icra etməyiblər».

Bunu Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin ittihamlarına Maliyyə Nazirliyinin cavabını şərh edən iqtisadçı-ekspert Qubad İbadoğlu bildirib.

BUNA GÖRƏ SİVİL ÖLKƏLƏRDƏ NƏLƏR BAŞ VERƏRDİ?

Ekspert «Turan»a açıqlamasında Maliyyə Nazirliyinin bir çox kölgəli məsələlərə işıq tutduğunu ifadə edib: «Bəlli olur ki, Beynəlxalq Bank 2009-cu ilin oktyabrından 2015-ci ilin martınadək yaxınlarına zəmanətsiz 1.3 milyard manat, 1.4 milyard dollar və 300 milyon avro verib, ölkədən 3.7 milyard dollar, 1.1 milyard avro çıxarıb. Cənubi Qafqazın ən böyük bankında rasional idarəçilik deyil, məqsədyönlü talançılıq olub, nəticədə dövlət maliyyə sisteminin balansı pozulub, bank sisteminin «onurğa sütunu» zədələnib».

Q.İbadoğluna görə, bu, sivil ölkələrdə baş versəydi, maliyyə-bank, valyuta nəzarətinə məsul olan bütün orqanların rəhbərləri istefa verər, onlar dərhal məsuliyyətə cəlb olunardı. Ekspert güman edir ki, həmin vəsaitlər ölkədən çıxarılmasaydı, hazırda milli valyutanın durumu da acınacaqlı olmazdı.

TƏK SUÇLU CAHANGİR HACIYEVDİRMİ?

Digər iqtisadçı-ekspert Samir Əliyev sual edir ki, Beynəlxalq Bankın Müşahidə Şurası (Maliyyə Nazirliyi) niyə 6 il müddətində zəruri tədbir görməyib?

«Qanunsuzluqları sadalamaqla deyil, konkret tədbirlər görmək lazım idi. Bu işdə Müşahidə Şurası Cahangir Hacıyev qədər məsuliyyət daşıyır», - ekspert belə hesab edir.

MALİYYƏ NAZİRLİYİ BÜTÜN GÜNAHLARI C.HACIYEVİN ÜZƏRİNƏ QOYSA DA...

Başqa bir iqtisadçı Rövşən Ağayev Beynəlxalq Bank vasitəsilə 8 milyard dollara yaxın vəsaitin iki kanalla mənimsənildiyini deyib: «Bir kanal ondan ibarətdir ki, ayrı-ayrı vətəndaşların adına iri məbləğdə kredit yazılıb, şəxsi məqsədlər üçün istifadə edilib. Sonra həmin vəsaitlərin xeyli hissəsi ümidsiz borc kimi rəsmiləşdirilib. Başqa kanal bu olub ki, ofşor zonalarda şirkətlər qeydiyyatdan keçirib, Bankın vəsaitlərini onların veksellərini almaq adı ilə ölkədən çıxarıblar. Həmin vəsaitləri xaricdəki şirkətlərinə və hesablarına yönəldiblər».

Ekspertin fikrincə, 8 milyard dollar Azərbaycanın 7-8 illik təhsil, az qala 20 illik səhiyyə, 5 illik sosial müdafiə xərclərinə bərabər bir məbləğdir.

R.Ağayev hesab edir ki, bu qanunsuz işlərdə C.Hacıyev tək günahkar deyil. Ekspert vurğulayıb ki, Maliyyə Nazirliyi bütün günahları C.Hacıyevin üzərinə qoysa da, bu işə görə ölkənin bütün maliyyə sisteminin rəhbər şəxsləri, bütövlükdə hökumət məsuliyyət daşıyır.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Onunla birgə daha 7 nəfər məhkəmə qarşısına çıxarılıb. Onlar mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, qanunsuz silah saxlama maddələri ilə ittiham edilirlər. Bu maddələrin sanksiyasında 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.