İran qabıq dəyişir... İlan kimi.

14-07-2024, 00:07           
İran qabıq dəyişir... İlan kimi.
Ötən dəfə də yazmışdım, İran qabıq dəyişir. İlan kimi. Azərbaycanda bir çoxları düşünürdü və deyirdi ki, İran parçalanacaq. Bunu da onunla əsaslandırırdılar ki, İranda milli münaqişə yaradaraq Qərb buna nail olacaq. Bizdə hər kəs İranda yaşayanlara azərbaycanlı damğası vurur. Məsələ ondadır ki, onlar özlərinə azərbaycanlı yox, türk deyir. Bizdə bir çoxları iddia edir ki, İranda yaşayan türklər Azərbaycanla birləşməlidir. Bir nəfər də gedib onlarda soruşmayıb ki, sizin fikriniz nədir? Lap hesab edək ki, onlar da birləşmək istədi. Bu birləşmə necə olacaq? 40 milyon 10 milyona birləşəcəkdi, ya 10 milyon 40 milyona? Qan, dil və din ortaqlığı var deyə, elə bilirsiniz birləşmək rahat olacaq? Kobud yazacam, Təbriz mafiyası belə düşünənləri bir oturumda yeyər.
Gələk İranın qabıq dəyişməsinə. Hakimiyyətə azərbaycanlı gəldi. İranın yeni Xarici işlər naziri də azərbaycanlı olacaq. Söhbət Abbas Əraqçidən gedir. Abbas Əraqçi bir neçə il əvvəl verdiyi müsahibəsində İranla Azərbaycanı bir millət iki dövlət adlandırmışdı. Yeri gəlmişkən internet üzərindən onu bir qədər araşdırdım, deyəcəyim bir şey var, onunla danışıq aparan diplomatların Allah köməyi olsun. İranda onsuzda Xamneyinin hərbi müşaviri Yəhya Rəhim Səfəvi azərbaycanlı idi. Baş qərargah rəisi də həmçinin. İran generalitetinin böyük hissəsi milliyətçə türkdür (azərbaycanlı). İranda artıq bizim irad tutduğumuz məktəblər məsələsi gündəmə gəlib, hətta bununla bağlı tədbirlər keçirilir. Hardan vururduq ordan cavab verirlər. Nə? İndidə deyəcəklər ki, İranı farslar parçalayacaq? Ümumiyyətlə, İran dövləti demək olar ki, Təbrizlilərin əlindədir. Farsların bununla bağlı hansısa bir əks reaksiyasını görürük? İran dünənə qədər din libasına bürünmüşdüsə, bu gün türk libasına bürünür. Dövlətin adı İran, rəsmi dili fars, hakimiyyətdə türklər. İran arqumentsizləşdirir. Təkcə Azərbaycanı, Azərbaycandakı populistləri yox, İranı milli münaqişə ilə yıxmaq istəyən hər kəsi.
İran belə bir dəyişimə niyə gedir? Hesab edirəm ki, İran da fərqindədir ətrafında baş verən proseslərin. Cənubi azərbaycanlılarla bağlı bir dəfə də olsun səsini çıxarmayan rəsmi Bakı ilk dəfə 2022-ci ildə Cənubi azərbaycanlıların təhsil və hüququ ilə bağlı İrana irad bildirdi. Azərbaycan prezidenti İlham Əliyevin məlum çıxışından sonra hətta Təbriz küçələrində divarlara İlham Əliyevin şəkillərinin vurulduğu fotolarını görmüşdük. Türk Dövlələri Təşkilatının formalaşmaqda olmsı, sanksiyalar, Rusiyanın sıxışdırıldığı bir vaxtda onun yerini tutmaq istəyi və digər məsələlər İranı dəyişimə apardı. Böyük dövlətləri dövlət edən də bu cür reaksiyalarıdır.
Sosial şəbəkələrdə İran son dərəcə aktivləşib. Bu günə qədər azərbaycanlıların istifadə etdikləri metodların 5 qat artığını və daha təsirli formasını iranlılar edir. Azərbaycandakı populistlərin ən kiçik səhvində belə sabah sosial şəbəkədən "gəlin bizə qoşulun" çağırışının edilməyəcəyinin qarantiyasını kim verə bilər? İran Azərbaycanın İranla bağlı əlindəki arqumentlərinin hamısını əlimizdən silib-süpürüb alır. Artıq Azərbaycanda sosisl şəbəkələrdə Pezeşkiana rəğbətin formalaşmasının da şahidi oluruq. Bir çoxları elə düşünür ki, Pezeşkian İranı Azərbaycana təhvil verəcək. Ancaq Pezeşkian məsciddən çıxanda "Yaşasın İran" dedi. Özü də Azərbaycan dilində.
Tarixə baxsaq və Azərbaycanı gözümüzün qarşısında bütöv canlandırsaq o torpaqlar Bakıdan yox, Təbrizdən idarə olunub. Müstəqil Azərbaycan ərazisində tarixdə yalız uzun müddətli dövlətçilik ənənəsi olan Şirvanşahlar olub. Şirvanşahların isə nə sarayı, nə də var olmasını sübut edəcək bir şeyi qalıb. İçəri şəhərdəki Şirvanşahlar sarayına gəldikdə isə, Sovet höküməti Azərbaycan Elmlər Akademiyasına tapşırıq verir ki, Bakının daha qədim paytaxt olmasını sübut etmələri üçün yeni fikirlər ortaya atsınlar və 1964-cü ildə memar Bretaneaitski və tarixçi Sara Aşurbəylinin "Şirvanşahlar sarayı" adlı yeni sifarişli layihələri ortaya atılır. O gün, bu gün hər kəs bu tikililəri Şirvanşahlar sarayı kimi qəbul edir. Əslində isə o tikili Seyid Yəhya Bakuvinin Xanəgahıdır. Yeri gəlmişkən İran özünü Səfəvilərin, Azərbaycan isə Cümhuriyyətin varisi elan edib...
Bəzən elə düşünürük ki, dövlətə təhdid və təzyiq ancaq hərbi yolla ola bilər. Müasir dövrdə isə bu ən son variantda həyata keçirilir. Hesab edirəm ki, İranın ustalıqla həyata keçirdiyi bu dəyişimi Azərbaycana təhdid yarada bilər. İran bundan sonra dinlə bacarmadıqlarını milli kimliklə həyata keçirə bilər. Buna qarşı nə qoyacağıq onun bilmirəm. Bildiyim bir şey var, Azərbaycan dövləti o qədər cəlbedici olmalıdır ki, öz cəmiyyəti belə kənara baxa bilməsin. Diqqət ediriksə, dünyada bir çox ölkələr qabıq dəyişimnə gedir, yeni formalaşma içərisindədir. Azərbaycan da qabıq dəyişiminə getməlidir. Bunu islahatlar və tarixə fərqli baxışla etmək mümkündür.
Nəzərə almalıyıq ki, Azərbaycan hələ dövlət olmağa, formalaşmağa, möhkəmlənməyə çalışır, qarşımızdakılar isə dövlətdir.
Səxavət Məmməd
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.