MTN-in xüsusi işgəncə otağında baş verən dəhşətlər...
5-09-2016, 09:35
MTN Təcridxanasının sabiq rəisi Zaur Bənnayev istintaqa çağırıldı; işgəncə otağından keçənlərin yaralarını təcridxana rəisi gizlədirmiş
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzində xüsusi olaraq işgəncə avadanlıqları ilə təhciz edilmiş otaqlar olub. Bu otaqlardan keçən şəxslərin bədənləri üzərində dəhşətli işgəncələrdən əmələ gələn yaralar elə MTN-də ört-basdır olunurmuş.
Hazırda MTN-in 21 yüksək rütbəli zabiti həbsdədir, işdən çıxarılanlar da “MTN işi” ilə bağlı istintaqa cəlb olunmaqdadırlar.
Gununsesi.info-nun məlumatına görə, Eldar Mahmudovun nazir olduğu dönəmdə rəhbərliyin qanunsuz göstərişlərinə əməl edən digər əməkdaşlar da istintaq prosesində şahid qismində dindirilir.
Belə şəxslərdən biri də MTN-in İstintaq Təcridxanasının sabiq rəisi Zaur Bənnayevdir. Sabiq rəis həbsə alınmayıb, amma “MTN işi” üzrə şahidlərdən biridir. Sayt istintaqa yaxın mənbəyə istinadən yazır ki, işdə zərərçəkən kimi tanınan şəxslər həbs olunarkən işgəncələrə məruz qalıblar. Z.Bənnayevi də bu faktlar üzrə dindiriblər, ona suallar verilib.
Belə aydın olur ki, MTN-in həbs etdiyi şəxslərə işgəncələri təcridxanada deyil, Antiterror Mərkəzində, xüsusi işgəncə avadanlıqları ilə təchiz olunmuş otaqlarda veriblər. Dəhşətli işgəncələrdən sonra həmin şəxslər MTN-in təcridxanasına aparılıblar. Z.Bənnayevə verilən suallar da təcridxanaya gətirilən şəxslərin bədənləri üzərindəki xəsarət izlərinin qeydə alınmaması ilə bağlı olub.
Təqsirləndirilən şəxslər istintaqdan MTN-in təcridxanasına təhvil verilərkən qanunsuzluqlara yol verilib, onların bədənləri üzərindəki dəhşətli işgəncə izləri qeydə alınmayıb, rəsmiləşdirilməyib və prokurorluq orqanlarına işgəncə haqda məlumat verilməyib. Hansı ki, işgəncə izləri ilə təcridxanaya gətirilən vətəndaş barəsində qanunvericiliyin tələblərinə uyğun hərəkətlər aparılmalıdır.