Nəcməddin Sadıkovla bağlı ilginc HESABAT - “Qoy, bu dəfə də onlar danışsın!”
16-07-2024, 18:52
“Nəcməddin Sadıkovla bağlı o qədər danışmışam ki, artıq yorulmuşam. Sadıkov vəzifədə olanda onu sərt tənqid edən adam mən idim. Səxavət Məmməd, mən və digərləri onu daim tənqid etmişik”.
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış jurnalist Rey Kərimoğlu deyib.
Həmsöhbətimiz Müdafiə Nazirliyindəki 143 milyonluq yeyintiyə görə mühakimə olunan general-mayor Nizami Məmmədov və üç yüksəkrütbəli zabitin məhkəməsində sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovla bağlı səslənən ittihamlara münasibət bildirib.
“O vaxtı Nəcməddin Sadıkovun tapşırığı ilə trollar, müəyyən ekspertlər, jurnalistlər və bloqerlər əleyhimizə yazı yazır, onu müdafiə edirdi. İndi onların özü Nəcməddin Sadıkovu tənqid edirlər. Müdafiə Nazirliyindəki 143 milyonluq yeyinti ilə bağlı, qoy, bu dəfə də onlar cavab versin. Nəcməddin vəzifədən çıxarılandan sonra bu saat onların hamısı Nəcməddini söyürlər.
Mən nə qədər deməliyəm ki, Nəcməddin tutulmalıdır? Nə sözüm varsa, çoxdan söyləmişəm. O vəzifədə olanda ən sərt sözləri demişəm, ittihamlar etmişəm. Zaman da göstərdi ki, biz haqlıyıq. Nəcməddin də cəzasını alacaq. Bizi söyüb, təhqir və tənqid edən trollar, “jurnalistlər”, bloqerlər danışsın bu barədə. Mən yox. Adam onun haqqında danışmaqdan bezir artıq”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Xatırladaq ki, “Qafqazinfo” saytı ötən gün məlumat vermişdi ki, yeyinti faktı ilə bağlı tədqiq olunan sənədlərin arasında Müdafiə Nazirliyinin İşlər İdarəsinin rəisi Elnur Süleymanovun bu işin istintaqını aparan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsinə verdiyi 4 illik maliyyə hesabatı da var. Hesabatda əks olunan bəzi xərclər isə diqqət çəkir. Rəsmi sənədlə təsdiqini tapıb ki, Müdafiə Nazirliyinin 2016-2019-cu illər ərzində keçirdiyi tədbirlərə 713 min manat pul xərclənib. Məsələn, “Ağ Çiçəyim” mağazalar şəbəkəsindən 4 ildə 60 min manatlıq gül-çiçək, 14 min manatlıq dibçək alınıb.
Hesabatın başqa bir səhifəsində yer alan fakt isə daha ilgincdir. Məlum olduğu kimi, həmin illərdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov idi.
Rəsmi sənəddə yazılır ki, şəxsən Nəcməddin Sadıkova 21 min manata 6 dəst (cəmi 36 ədəd) armudu stəkan, 8 min manata isə 80 butulka (biri 100 manat) çaxır alınıb.Sadıkovun şəxsi istifadəsinə verilən ümumilikdə 29 min manatlıq armudu stəkan və çaxırın pulu dövlət vəsaiti hesabına ödənilib.