Zaur Mikayılova sual olunur - Rəşad Vəliyev 1.200.000 manatı Şəmkirdə hara xərcləyəcək
Bu gün, 16:42

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Şəmkirçay su anbarı və Magistral Kanalların İstismarı idarəsi 05.08.2025-ci il tarixdə dövlət satınalmalarının portalında bir tenderin nəticəsini dərc edib. Bir mənbədən satınalma metodu tətbiq edilmiş tenderin qalibi “Su Tikinti-Təmir” MMC qalib seçilib və tərəflər arasında 1.200.000 manat dəyərində satınalma müqaviləsi bağlanılıb.
Qeyd edək ki, artıq iki ildir ki, Azərbaycanda Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti adlı qurum yoxdu. Prezident İlham Əliyevin 30.03.2023-cü il tarixli fərmanı ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ləğv edilib. Fərmanla qurumlarFövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tərkibinə verilib.
Prezident İlham Əliyevin 17.11.2023-cü ildə imzaladığı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərmana əsasən “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə Regional Su Meliorasiya Xidməti yaradılıb. Bu qurum meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir.
Bu o deməkdir ki, Şəmkirçay su anbarı və Magistral Kanalların İstismarı idarəsi Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə deyil Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsə tabedir.
Bu Şəmkirçay su anbarı və Magistral Kanalların İstismarı idarəsi tərəfindən yol verilən bir səhv və yaxud səhlənkarlıq. Keçək sözügedən idarənin 1.200.000 manat dəyərində satınalma müqaviləsi bağladığı “Su Tikinti-Təmir” MMC-yə. Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında belə bir vergi ödəyicisinin mövcud olmadığı göstərilir. Dövlət satınalmalarının portalında qalib şirkətin VÖEN-i kimi təqdim edilən (VÖEN: 1300016391) “TURANBANK” Açıq Səhmdar Cəmiyyətinə məxsusdur.
Buradan suallar yaranır. Şəmkirçay su anbarı və Magistral Kanalların İstismarı İdarəsi bir mənbədən satınalma metodu ilə 1.200.000 manata nə kimi mallar və yaxud xidmətlər alır? Bəlli deyil.
Amma sözügedən idarə 05.08.2025-ci il tarixdə dövlət satınalmalarının portalında başqa bir məlumat da dərc edib. Şəmkiçay MKİİ idarəsində 1-ci pillə və MKİİ 2-ci pillə nasos stansiyasında 1 saylı nasos aqreqatları olmaqla 2 ədəd 1200 V-6.3/63 markalı nasos aqreqatlarının VDS markalı mühərriklərlə birlikdə əsaslı təmiri üzrə dərc edilmiş tenderin qalibi bəlli deyil. Dövlət satınalmalarının portalında qalib şirkətin VÖEN-i kimi təqdim edilən (VÖEN: 1303743331) “İnter Construction And Engineering” MMC-yə məxsusdur.
Qeyd edək ki, Azərbaycan Su Ehtiyatları Aganetliyinin Şəmkir rayonunda fəaliyyət göstərən Maşın-Kanalı İstismarı İdarəsinin rəisi Rəşad Vəliyevdir. MEdiada yer alan məlumatlara görə o bu vəzifəyə 06 sentyabr 2024-cü ildə təyin olunub. Rəşad Vəliyev buna qədər həmin idarədə müxtəlif vəzifələrdə çalışıb.
Xatırladaq ki, Şəmkir Maşın-Kanalı İstismarı İdarəsi qərb bölgəsində mövcud olan strateji obyektlərdən biridir. Şəmkirçay Su Anbarının istismarını təşkil edən idarə Şəmkir rayonu ilə yanaşı, Göygöl, Samux və Goranboy rayonlarında əkin sahələrinin suvarılmasında əsas su mənbəyidir. Həmçinin Şəmkir şəhərinin və Gəncə şəhərinin bir hissəsi bu dəryaça vasitəsi ilə içməli su ilə təchiz olunur. İdarənin əvvəlki rəisi Vaqif Məmmədov yaş həddi ilə əlaqədər təqaüdə göndərilib.
İndi buyursun Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmiləri, xüsusən də sədr Zaur Mikayılov Şəmkirçay su anbarı və Magistral Kanalların İstismarı İdarəsinin satınalmalarının portalında yerləşdirdiyi bu məlumatlara aydınlıq gətirsin. Bu bir yanlışlıqdı, səhlənkarlıqdı, yoxsa satınalmaların portalına güya tenderin keçirilməsi barədə məlumatın yerləşdirilməsidir. Əslində isə müqavilənin kiminlə bağlanıldığı, 1.200.000 manat dövlət vəsaitinin hansı məqsədlərə xərclənəcəyi bəlli deyil.
Aktualinfo.org