Etibar Əliyev rektora üz tutdu
Bu gün, 16:20

Keçmiş deputat, təhsil eksperti Etibar Əliyev Qarabağ Universitetinə təmənnasız dəstək təklif etsə də universitetin rektoru bu təklifə cavab vermir.
Tribunainfo.az xəbər verir ki, bu barədə Etibar Əliyev Feysbuk səhifəsində yazıb. O bildirib ki, Qarabağ Universitetinə yüzlərlə kitab hədiyyə edib
Etibar Əliyev qeyd edib ki, Qarabağ Universitetinin kitabxanasını müasir standartlara uyğun şəkildə qurmağı təmənnasız öhdəsinə götürə bilər. Bundan əlavə, tələbələr üçün vacib hesab etdiyi “Fəlsəfə tarixi” və “Elmin fəlsəfəsi” fənlərini də təmənnasız tədris etməyə hazırdır. Onun sözlərinə görə, universitetdə “Mütaliə klubu”nun yaradılması da təmənnasız şəkildə həyata keçirilə bilər.
Lakin Etibar Əliyevin bu təşəbbüslərinə Qarabağ Universitetinin rəhbərliyindən hər hansı reaksiya gəlməyib. O bildirib ki, çağırışına cavab verməyən şəxs universitetin rektoru, keçmiş deputat Şəmsəddin Hacıyevin köməkçisi olmuş Şahin Bayramovdur.
Etibar Əliyevin iddiasına görə, Şahin Bayramov bioqrafiyasında bu faktı gizlədir və kitaba marağı olmayan bir şəxsdir.
“Mən əminəm ki, Şahin Bayramov öz təbliğatına ayırdığı vaxtı universitetin təbliğatına ayırmalı idi. Bu təklifimə də cavab verməyəcəyini düşünürəm,” – deyə keçmiş deputat bildirib.
Etibar Əliyev həmçinin vurğulayıb ki, Qarabağ Universitetində çalışan iki qadın əməkdaşın ərizə yazaraq işdən çıxması da diqqətdən yayınmamalıdır.