Kioto Universitetinin yapon alimləri insanda asılılıq yaratmayan və opioidlərə xas təhlükəli yan təsirlərə malik olmayan güclü yeni nəsil ağrıkəsici yaradıblar. ADRIANA adlanan dərman haqqında Proceedings of the National Academy of Sciences (PNAS) jurnalında məlumat dərc edilib.
Qeyd edilib ki, dərman artıq könüllülər və əməliyyat olunmuş xəstələr üzərində klinik sınaqlardan uğurla keçib. Morfin və digər ənənəvi ağrıkəsicilərdən fərqli olaraq, ADRIANA fərqli prinsip üzərində işləyir. O, sinir sistemindəki müəyyən strukturlara - adrenoreseptorlara təsir göstərir.
Dərmanın uğurlu preklinik sınağından sonra ağciyər şişi əməliyyatından sonra xəstələr də daxil olmaqla bir sıra xəstələrdə I və II faza klinik sınaqlar aparılıb. Qarşıda ABŞ-də BTB Therapeutics ilə birgə genişmiqyaslı sınaqlar olacaq.