Qadınları təhqir etdiyinə görə işdən çıxarılan Fərhad Pərviziyə Nura Suridən REAKSİYA – QALMAQAL

Bu gün, 16:19           
Qadınları təhqir etdiyinə görə işdən çıxarılan Fərhad Pərviziyə Nura Suridən REAKSİYA – QALMAQAL
“Azad fikirlərini söylədiyinə görə kimisə işdən çıxartdırmağın əleyhinəyəm. Nə şəxsin fikirlərini dəstəkləmirəm, nə də kiməsə pislik etməyin tərəfdarıyam”.

Bunu Bizim.Media-ya açıqlamasında müğənni Nura Suri deyib.

Sosial şəbəkələrdə qalmaqallı çıxışları ilə tanınan iqtisadçı Fərhad Pərvizinin buna görə işdən çıxmasına münasibət bildirən xanım müğənni adıçəkilən şəxsi əsasən sosial şəbəkələrdən qismən tanıdığını diqqətə çatdırıb:

“Fərhad Pərvizini tam olaraq izləməsəm də, qadınlarla bağlı səsləndirdiyi fikirlər, toxunduğu mövzular ara-sıra sosial şəbəkələrdə qarşıma çıxırdı. Mən insanların öz düşüncələrini bildirməsinin tərəfdarıyam. Hər bir insan azad şəkildə öz fikirlərini ifadə edə bilər. Durum kimlərisə güdüm ki, nə danışdı, onda səhv axtarım, niyə filankəs bu fikri irəli sürdü, bu kimi şeylərə vaxt ayırmıram.

Təbii ki, kimsə efirə çıxıb hansısa bir açıqlama verirsə və onun fikrini dəstəkləmirəmsə, öz səhifəmdə status yaza bilərəm ki, bu belə deyil, elədi. Yəni hər hansı məsələnin müzakirəsinə açıq ola bilərsən. Əks fikri söyləyib arqument gətirə bilərsən. Amma buna görə kimisə təhqir etmək, ya cəzalandırmaq, işindən çıxartdırmaq, bunun əleyhinəyəm”.

Xatırladaq ki, ötən gün iqtisadçı Fərhad Pərvizi son günlər gender ayrı-seçkiliyi təbliğ edən fikirlərinə görə “Baker Tilly Azerbaijan” şirkətinin direktoru vəzifəsindən istefa verib.

“Gender & Media Watch” təşkilatı bununla bağlı bəyanat yayıb. Bildirib ki, GMW-un aparmış olduğu monitorinq nəticəsində “Baker Tilly Azerbaijan” şirkətinin direktoru Fərhad Pərvizi dəfələrlə qadınları hədəf alan alçaldıcı, təhqiredici, eyni zamanda qadınlara qarşı cinsi qısnamanı təşviq edən fikirlər səsləndirib.

GMW tərəfindən toplanan faktlar əsasında “Baker Tilly International”ın baş icraçı direktoru Françeska Laqerberqə müraciət edilib.

F.Laqerberq şəxsən cavab yazaraq məsələdən xəbərdar olduğunu, bu halların yaşanmaması üçün həmin şəxslə söhbət aparıldığını bildirib. Bundan sonra isə F.Pərvizi öz ərizəsi ilə işdən ayrılıb.

GMW həmçinin Mədəniyyət TV-də yayımlanan "Başqa söhbət" verilişi ilə bağlı da Azərbaycan Respublikasının Audiovizual Şurasına şikayət edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru