Amerikanın Cənubi Qafqaz ilə bağlı mövqeyi sülhü istəməməkdən ibarətdir - FAKT BUDUR!
17-07-2024, 00:02
Azərbaycan və Ermənistan sülh danışıqlarında inanılmaz irəliləyiş əldə ediblər və uzun bir yol keçiblər.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı bildirib.
"İki ölkə arasında sülh sazişi bu ölkələr və region üçün, regionda sülh, sabitlik və təhlükəsizlik üçün çox önəmli olacaq. Biz sazişin mümkün olduğunu düşünürük, lakin bunun üçün hər iki tərəfdən çətin seçimlər və çətin kompromislər tələb olunacaq. Ona görə də biz onları son fikir ayrılıqlarını həll etməyə və razılığa gəlməyə təşviq etməyə davam edəcəyik", - deyə o qeyd edib.
Siyasi şərhçi, “Report" İA-nın əməkdaşı Kənan Novruzov “Sherg.az”a söyləyib ki, ABŞ Dövlət Departamenti əvvəllər də belə açıqlamar verib:
“Amma ABŞ sözdə sülhü dəstəklədiyini bildirsə də, əməldə bu istiqamətdə heç bir addım atmır. Amerikanın Cənubi Qafqaz regionu ilə bağlı mövqeyi sülhü istəməməkdən ibarətdir. Çünki Azərbaycanla Ermənistan arasında ehtimal olunan sülh kənar güclərin regiona müdaxiləsinin qarşısının alınması deməkdir. ABŞ isə regional maraqlarının təmin olunmasına çalışır. Bu prosesi isə konflikt vasitəsilə həyata keçirə bilər. Hərçənd indiki məqamda ən optimal variant ABŞ-nin regionda ən böyük hərbi-siyasi aktor Azərbaycan olduğunu başa düşməsidir. Amma ABŞ dolayı yollarla Cənubi Qafqazda mövcudluğunu təmin etməyə çalışır. Azərbaycanla Ermənistan sülh danışıqlarında irəliləyişlərin olduğunu bilirik. Yəni bunu Amerikanın deməyinə ehtiyac yoxdur. ABŞ-nin hər dəfə bunu diqqətə çatdırması absurddur. Sanki sözügüdən fikirləri səsləndirməklə regiona nəzarət etdiyini diqqətə çatdırmaq məqsədi güdür. Lakin Azərbaycanla Ermənistanın sülh danışıqlarındakı irəliləyiş Azərbaycanın siyasi təşəbbüskarlığı və Bakı ilə İrəvan arasında birbaşa diplomatik təmaslar nəticəsində olub. ABŞ həqiqətən sülh istəyirsə, niyə Ermənistanı silhalandırır? Eyni zamanda Amerika tərəfindən niyə Ermənistana qarşı konstitusiyanı dəyişməklə bağlı çağırışlar olmur?”.
Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda iyulun 10-da NATO-nun 75 illiyinə həsr olunmuş sammit çərçivəsində görüşüblər.