Vaşinqtonun “çətin kompramisləri” nədən ibarətdir, Bakıdan nə istəyə bilərlər?

17-07-2024, 09:28           
Vaşinqtonun “çətin kompramisləri” nədən ibarətdir, Bakıdan nə istəyə bilərlər?
Sülh sazişi üzrə təşəbbüsü ələ almaq istəyən ABŞ-ın xarici siyasət idarəsinin sözçüsü Mety Miller iyulun 15-də verdiyi açıqlama düşündürücüdür. Miller Bakı və İrəvan arasında sülh danışıqları üzrə irəliləyiş əldə edildiyini deyir. Əlavə edir ki, “sülh razılaşmasında hər iki tərəfdən mürəkkəb seçimlər və çətin kompramislər tələb olunacaq”.
Vaşinqtonun “çətin kompramisləri” nədən ibarətdir, Bakıdan nə istəyə bilərlər?
Birincisi, Qərb masasında “Qarabağ erməniləri”nin geri qayıtması məsələsi gündəmdən salınmır: bunun praktiki mümkünlüyü uzaq perspektivdə belə görünmür, digər tərəfdən, Bakı ermənilərin Azərbaycan vətəndaşlığında yaşamasına qarşı deyil və buna qarşı Qərbi Azərbaycana qayıdışı irəli sürür; bu məsələ daha çox masada Ermənistanın əlini gücləndirmək məqsədilə Azərbaycana qarşı siyasi təzyiq xarakteri daşıyır, lakin effektsiz gedişdir;
İkincisi, Bakıdan sərhədin hansı prinsiplərlə delimitasiya ediləcəyi bəndinin sülh sazişinə daxil edilməsini istəyə və bu bəndi İrəvanın “Alma-Ata bəyannaməsi – SSRİ dağılanda mövcud xətlərin əsas götürülməsi” istəyinə uyğunlaşdırmağa çalışa bilərlər, bununla qoşunların sərhəddən geri çəkilməsi məsələsi aktuallaşacaq: Azərbaycanın bununla bağlı açıq mövqeyi var – uzunmüddətli proses olan delimitasiya sülh sazişindən sonraya saxlanılır və qoşunların geri çəkilməsi müzakirə olunmur;
Üçüncüsü, Azərbaycandan “Naxçıvana maneəsiz keçid” istəyindən imtina etməyi və kommunikasiyanın Ermənistanın istəyinə uyğun açılmasına razı olmağı istəyə bilərlər: Vaşinqtonun Orta dəhliz üzərindəki layihəsində bu məqamlar yer alır, lakin Bakının buna razılaşmayacağı aydındır və bu halda ABŞ-ın planı da kağız üzərində qalacaq;
Bakıdan “çətin kompramis” kimi bunları istəyə bilərlər. Ki, bunun heç biri baş tutan deyil və mövcud vəziyyətdə Azərbaycana hansısa məsələdə güzəştə getməsi üçün diktə etmək də mümkün deyil.
“Çətin kompramislər” daha çox Ermənistan üçün keçərli görünür:
- Kommunikasiyanın açılmasında “Naxçıvana maneəsiz keçidin” verilməsi;
- Konstitusiya və digər hüquqi-aktlarda Azərbaycana qarşı iddiaların aradan qaldırılması və s;
Vaşinqton Avrasiyadakı gələcək planları üçün Azərbaycanın mövqeyini nəzərə almalıdır. Lakin tərəflərin Vaşinqton masasında sülh sazişinə dair konkret nəticələr əldə edəcəyi, ümumiyyətlə ABŞ-ın mövcud administrasiyasının buna nail olacağı ehtimalı az görünür.
Asif Nerimanli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.