Ərdoğan və Əsədi yenidən qucaqlaşmağa vadar edən səbəblər nələrdir - BARIŞIN DETALLARI

18-07-2024, 00:07           
Ərdoğan və Əsədi yenidən qucaqlaşmağa vadar edən səbəblər nələrdir - BARIŞIN DETALLARI
Türkiyə və Suriya arasında barışıq prosesi sürətlənir. Bu həftə Suriya prezidenti növbəti dəfə Türkiyə ilə barışıq prosesi haqında danışıb. Əsəd deyib ki, Türkiyə prezidenti ilə görüşməsində problem görmür, ancaq əsas olan o görüşdən əldə olunan nəticələrdir.

Əslində, Türkiyə və Suriya arasında barışıq prosesi bir neçə il əvvəl başlayıb. Hətta ötən illərdə Türkiyə və Suriya kəşfiyyat rəhbərləri, müdafiə nazirləri səviyyələrində görüşlər keçirilib. Ancaq ortada çox ciddi problemlər var ki, onlar həll olunmasa barışıqdan danışmaq mümkün deyil. Lakin eyni zaman bölgədəki şərtlər hər iki ölkəni barışığa vadar edir.

Suriya üçün Türkiyə ilə barışıq bir neçə səbəbə görə vacibdir. Türkiyə və Suriya arasında 900 kilometrlik sərhəd var, Türkiyə Suriyanın əsas qonşularından biridir. Suriya ərazisinin təxminən 10 faizə yaxını Türkiyə ordusu və ya Türkiyənin himayə etdiyi müxalif silahlı qrupların nəzarətindədir. Rəsmi Dəməşq barışıq üçün əsas şərt olaraq Türkiyə qüvvələrinin Suriya ərazisindən çıxmasını irəli sürür. Yəni barışıq Türkiyə ordusunun Suriya ərazisindən çıxması, Bəşər Əsəd üçün 10 faizə qədər ərazidə hakimiyyətini bərqərar etməsidir.

İkinci mühüm məsələ, həm Suriya, həm də Türkiyəni ciddi şəkildə narahat edən Suriyanın şimalındakı kürd “muxtariyyətidir”. “Suriya Demokratik Qüvvələri” adlanan PYD-nin nəzarəti altında olan qurum Suriyanın şimalında ölkə ərazisinin 20 faizdən çoxuna nəzarət edən qeyri-rəsmi bir muxtar qurum yaradıb. Faktiki olaraq bu qurum Qərb ölkələri tərəfindən dəstəklənir, Suriya bu əraziyə nəzarət edə bilmir. SDQ-nin, yəni real olaraq PYD-nin gələcək Suriyada muxtariyyət əldə etməsi Suriya hakimiyyəti qədər Türkiyəni də narahat edir. Bu səbəbdən də Əsəd və Ərdoğanı barışığa sövq edən əsas amillərdən biri də kürd “muxtariyyətidir”.

Nəhayət, siyasi olaraq Türkiyə ilə barışıq Bəşər Əsəd üçün siyasi iqtidarını legitimləşdirmək yolunda, ümumilikdə münaqişənin həlli istiqamətində böyük bir addım olacaq.

Türkiyə üçün Suriya ilə barışıq ilk növbədə Suriyanın şimalındakı kürd “muxtariyyəti” təhlükəsi ilə bağlıdır. Hər iki ölkə qondarma və Qərb tərəfindən dəstəklənən kürd ittifaqını özlərinə qarşı təhdid olaraq görür. Ankara anlayır ki, Fərat sahilindəki kürd “muxtariyyətini” ləğv etmək üçün Dəməşqlə əməkdaşlıq vacibdir.

İkinci mühüm amil Türkiyədəki 3,5 milyonluq suriyalı qaçqın ordusudur. Xüsusən də son illərdə suriyalı qaçqınlar mövzusu Türkiyə hakimiyyəti üçün ciddi problemə çevrilir. Xüsusən də son bir ildəki seçkilərdə qaçqınlar mövzusu AKP hakimiyyəti üçün ciddi başağrısı oldu. Bu səbəbdən də qaçqınlar problemini həll etmək üçün Ankaranın indi Dəməşqlə barışığa, dialoqa ehtiyacı var.

Nəhayət, Dəməşqlə barışıq Türkiyənin regiondakı əvvəlki mövqelərini geri qaytarması baxımından vacibdir. Xüsusən də son bir ildə Yaxın Şərqdə baş verən hadisələr, Türkiyənin sıxışdırılması bunu təsdiq edir.

Yuxarıda qeyd olunan səbəblərdən indi hər iki tərəf barışığa daha çox can atır. Məsələn, daha əvvəl Türkiyə ordusunun ölkə ərazisindən çıxmasını şərt olaraq irəli sürən Dəməşq artıq bu şərtdən imtina edib, yaxud da Ankara daha əvvəl ordunun çıxarılması üçün Suriya münaqişəsinin siyasi həlli, müxalifətin prosesə qatılması, terrora qarşı birgə mübarizə, qaçqınların geri dönməsi kimi ön şərtlərdən imtina edib.

Prosesin içində Rusiya və İraq var və belə görünür ki, Bağdadda davam edən qapalı görüşlərdə ciddi irəliləyiş var. Ötən həftələrdə Türkiyədə və Suriyanın şimalında baş verən təxribatlar, əslində, Türkiyə-Suriya danışıqlarına müqavimət idi.

Türkiyə və Suriyanın kürd “muxtariyyətinə” qarşı birgə əməliyyat keçirəcəyi ilə bağlı iddialar son zamanlar artır. Təbii ki, İdlibə sığınan və içərisində çoxlu sayda terrorçu ittihamı ilə axtarışda olan şəxslərin və təşkilatların olduğu müxaliflər də prosesdən narahatdır.

Ancaq aydın məsələdir ki, 10 ilə yaxındır İdlibdə Türkiyənin himayəsi altında Rusiya və Suriyanın hücumlarından gizlənən müxaliflərin çox geniş seçimləri yoxdur. Güman ki, Ankara böyük barışıq prosesində müxaliflər üçün hansısa alternativlər təklif edəcək, əlbəttə, Dəməşqlə danışıqların gedişindən asılı olaraq. İndilikdə isə artıq Türkiyə və Suriyanın Türkiyə-Suriya sərhədindən İordaniyaya qədər uzanan M-5 magistral yolunun açılması və Türkiyə və Suriya patrulları tərəfindən mühafizə olunması ilə bağlı məlumatlar yayılır. Belə görünür ki, barışıq prosesinin ticarət və iqtisadi tərəfi də unudulmayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl bildirdi ki, NATO terrorla mübarizədə Türkiyəyə dəstək vermir. Ankara ilk dəfə deyil ki, Suriya kürdləri mövzusuna görə NATO və ABŞ-la fikir ayrılığını açıqlayır.

Yeri gəlmişkən, ABŞ Dövlət Departamenti Ankara və Dəməşq arasında barışıq prosesini dəstəkləmədiklərini açıqlayıb. Belə görünür ki, Vaşinqton Dəməşq-Ankara barışığının Suriyada kürd layihəsinə son qoyacağından narahatdır. Hətta Suriyadakı ABŞ hərbi qüvvələrinin sayının artırılması barədə xəbərlər də okeanın o tayında Suriyadakı yeni situasiyaya hazırlıq hesab oluna bilər.

Kənan Rövşənoğlu,
Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.