Cahangir Hacıyev Samir Şərifovun məhkəmədə izafat verməsini tələb edir
5-09-2016, 16:34
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev məhkəmə istintaqının bu şəkildə aparılmasına etiraz edib. O, bildirib ki, təqsirləndirilən şəxslərin təqsirsizlik prezumpsiyası və müdafiə hüququ pozulur, ittiham tərəfinin qərəzli materialları məhkəmədə müzakirəyə çıxarılır, müdafiə tərəfinin isə bununla bağlı vəsatətləri nəinki, qəbul olunur, heç müzakirə olunmur.
Vəkil məhkəməyə yeni vəsatətlər təqdim edib. Birinci vəsatətdə Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbərinin məhkəmədə əlavə şahid qismində ifadə verməsi tələb edilib, mətbuata verdiyi açıqlamada qeyd edilən 5 milyardlıq mənimsəmə açıqlamasına aydınlıq gətirməsi tələb olunub.
İttihamdakı rəqəmlərdə ziddiyyətlər olduğunu deyən vəkil qeyd edib ki, bu gedişlə məhkəmədən ədalətli qərar gözləmirlər. O, bir neçə gün əvvəl Maliyyə Nazirliyinin mətbuatda yaydığı açıqlama barədə danışaraq bildirib ki, Cahangir Hacıyevin 5 milyard dolları mənimsəməsi, ofşora ötürülməsi ilə bağlı deyilənlər təqsirsizlik prezumpsiyasının pozulmasıdır və ictimai rəydə ona qarşı mənfi rəy yardır.
Vəkil məhkəməyə yeni vəsatətlər təqdim edib. Birinci vəsatətdə Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbərinin məhkəmədə əlavə şahid qismində ifadə verməsi tələb edilib, mətbuata verdiyi açıqlamada qeyd edilən 5 milyardlıq mənimsəmə açıqlamasına aydınlıq gətirməsi tələb olunub.
İkinci vəsatət Beynəlxalq Bankda Maliyyə Nazirliyi və Vergilər Nazirliyi tərəfindən aparılan yoxlamaların nəticələrinin məhkəməyə təqdim edilməsi ilə bağlı olub.
Digər vəsatət Beynəlxalq Bankdan layihələrlə bağlı sənədlərin alınması ilə bağlı olub.
Vəkil bildirib ki, bank qərəzli olduğu üçün sənədləri təqdim etmir.
Hakim Əfqan Hacıyev vəsatətlərin əsas şahidlərin ifadələri dinlənildikdən və sənədlər tədqiq olunduqdan sonra müzakirə ediləcəyini deyib.
Prokuror Fərid Nağıyev bildirib ki, Maliyyə Nazirliyinin açıqlamasında olan 5 milyard məsələnin cinayət işi ilə əlaqəsi yoxdur.
O qeyd edib ki, həmin məbləğ bankla bağlı deyil, şəxslə bağlıdır.
Cahangir Hacıyev isə dövlət ittihamçısı ilə razı olmadığını bildirib, qeyd edib ki, söhbət ittihamda yer alan 211 milyon məbləğin Maliyyə Nazirliyi tərəfindən 5 milyard kimi təqdim olunmasından gedir.
Proses günün ikinci yarısında davam etdiriləcək.
Qeyd edək ki, C. Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.