Olimpiya kompleksləri də girov qoyulubmuş
5-09-2016, 21:02
İdman və gənclər naziri Azad Rəhimov virtualaz saytına müsahibəsində Olimpiya mərkəzləri ilə bağlı sensasiyon fikirlər səsləndirib. Azad Rəhimovun müsahibəsinin həmin hissəsini təqdim edirik:
Necə olur ki, nazirliyin əməkdaşları Olimpiya mərkəzlərinə buraxılmır?
– Dövlətin pulunun olmadığı vaxtlarda onları digər strukturlar tikirdi. Məsələn, Qubada, Şamaxıda, Qazaxda olan mərkəzlər bizim balansımızda deyil, Salyandakı kompleksi “Nurgün Motors”, Masallıdakını “Azpetrol” tikib, daha 3 obyekt Beynəlxalq Bankdadır. Bu komplekslərin nazirliyimizə verilməsi məsələsi qalxan zaman məlum oldu ki, Beynəlxalq Bank bu komplekslərin adına da kredit götürüb.
Gəncə Olimpiya kompleksi nazirliyin balansına keçib. Lənkəran kompleksi dəhşətli tərzdə tikilmişdi. Buna görə də, onu söküb yenidən tikmək lazım oldu. Bərdə və Maştağa kompleksləri də ötürülmə mərhələsindədir. Orada da işlər elə də sadə deyil. Komplekslər əl dəyişdirmişdi, biri hətta Hollandiya şirkətinə məxsus idi.
Nazirliyin tabeliyində olan komplekslərdə isə olimpiya idman növləri üzrə pulsuz idman seksiyaları fəaliyyət göstərir. Əgər öyrənsək ki, orada kimsə kimdənsə olimpiya idman növü üzrə məşğələlərə görə pul alır, həmin məşqçi və ya kompleksin rəhbəri işini itirir.
Komplekslərin illik qazancı 20-40 min manatdır. Digər işlərdə nazirlik yardım edir.