Ucar Mərkəzi Rayon Xəstəxanasında YEYİNTİ - RƏSMİ

6-09-2016, 19:46           
Ucar Mərkəzi Rayon Xəstəxanasında YEYİNTİ - RƏSMİ
Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsinin yerli xərclərindən 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-may aylarında Ucar Mərkəzi Rayon Xəstəxanasına (Xəstəxana) ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib.

APA-nın məlumatına görə, Ucar Mərkəzi Rayon Xəstəxanasında və tabeliyindəki səhiyyə müəssisələrində ştat vahidlərinin ümumi sayı 941,0 vahid, çarpayıların sayı 197 vahid təsdiqlənib, strukturuna 11 kənd həkim məntəqəsi, 11 kənd tibb məntəqəsi və mərkəzləşdirilmiş mühasibatlıq daxil olmaqla, rayon üzrə 84100 nəfərə stasionar və ambulator tibbi xidmət göstərilib.

Xəstəxana tərəfindən auditin əhatə etdiyi dövrdə ümumilikdə 6 milyon 460 min 151,4 manat məbləğində vəsait icra edilib. Səhiyyə Nazirliyinin rəsmi hesabatına əsasən, 2015-ci ildə respublika üzrə hər on min nəfər əhalinin çarpayılar ilə təminatı 39,6 ədəd, həkimlərlə təminatı 27 nəfər təşkil etdiyi halda, bu göstəricilər Ucar rayonu üzrə, müvafiq olaraq, 23,4 ədəd və 16,5 vahid təşkil edib. Buna baxmayaraq, Ucar Mərkəzi Rayon Xəstəxanasında və onun tabeliyində fəaliyyət göstərən səhiyyə müəssisələrində təsdiq olunmuş ştatların 2014-cü ildə 20,8%-i və ya 196 vahidi, 2015-ci ildə 20,1%-i və ya 189 vahidi, 2016-cı ildə isə 20,6%-i və ya 194 vahidi vakant olub. Xəstəxanalarda müalicə alan xəstələrin sayı 2014-cü ildə 3082 nəfər, 2015-ci ildə 2850 nəfər, 2016-cı ilin beş ayında 1107 nəfər olub. Çarpayıların işlədiyi günlərin sayı 2014-cü ildə 166 gün, 2015-ci ildə 148 gün, 2016-cı ilin beş ayında 61 gün olub. Nəticədə rayon üzrə çarpayı günlərinin icra göstəriciləri müvafiq olaraq 50,6%, 45,2% və 44,6% təşkil edib. Ucar Mərkəzi Rayon Xəstəxanasında və tabeliyindəki səhiyyə müəssisələrində bir çarpayı gününə ərzaq xərci 2014-cü ildə orta hesabla 1,7 manat, 2015-ci ildə 1,9 manat, 2016-cı ilin 5 ayında 1,4 manat təşkil edib. Həmçinin bir çarpayı gününə sərf olunmuş dərman və ərzaq xərcləri üzrə göstəricilər strukturuna daxil olan tibb müəssisələri üzrə də fərqli olub. Müəyyən edilib ki, müxtəlif illərdə xəstəxana tərəfindən alınmış bəzi inventarlar anbarda uzun müddət istifadəsiz saxlanılmaqla səmərəsiz xərclərə yol verilib. İmtiyazlı xəstələrə dərman, sarğı ləvazimatları və materiallarının paylanması zamanı mövcud normativ aktların tələblərinə tam əməl edilməyib. Bununla yanaşı, xəstə sayının çox yazılması nəticəsində artıq ərzaq və dərman xərcinə yol verilib.

Auditlə əhatə olunan dövrdə ümumilikdə 32 satınalma proseduru keçirilib və müqavilələr bağlanıb. Keçirilmiş satınalma prosedurları zamanı alınması protokollaşdırılmış malların müqavilə qiymətlərindən baha alınması nəticəsində artıq vəsait ödənilib, malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin müəyyənləşdirilməsi məqsədilə tender komissiyasının işinə peşəkar qiymətləndiricilər cəlb edilməyib. Ehtimal olunan qiymətlər mövcud qanunvericiliyə uyğun müəyyən edilməyib ki, bu da nəticədə tələb olunan mal-materialların orta bazar qiymətindən baha qiymətlərlə alınmasına səbəb olub. Müəyyən edilib ki, Ucar Mərkəzi Rayon Xəstəxanasının istismarda olan köhnə binası müvafiq razılıq alınmadan sökülərək yerində 118 çarpayılıq yeni və müasir tibbi avadanlıqla təmin olunmuş Mərkəzi Xəstəxana tikilib. 2015-ci ilin oktyabr ayından istifadəyə verilməsinə baxmayaraq, auditlə əhatə olunan dövrün sonunadək yeni Xəstəxananın tikintisinə sərf olunmuş kapital qoyuluşu və verilmiş inventar, avadanlıq və digər mal-materialların müvafiq qaydada balansa daxil edilməsi üçün zəruri tədbirlər görülməyib.

Hesablama Palatasının Kollegiyası Ucar Mərkəzi Rayon Xəstəxanası tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığı nəzərə almaqla, müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericilik ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib. İcra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Ucar Mərkəzi Rayon Xəstəxanasına göndərilib. Yeni inşa olunmuş bina və qurğularının balansa götürülməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinə, eyni zamanda auditin nəticələri ilə bağlı aidiyyəti üzrə Səhiyyə Nazirliyinə və Ucar rayon İcra Hakimiyyətinə məlumat göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.