“Ermənistan o silahlardan Azərbaycana qarşı istifadə edərsə, - bunun nəticəsi Ermənistan üçün daha ağır olacaq”

24-07-2024, 11:21           
“Ermənistan o silahlardan Azərbaycana qarşı istifadə edərsə, - bunun nəticəsi Ermənistan üçün daha ağır olacaq”
Avropa İttifaqı Şurası Avropa Sülh Fondundan Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro dəyərində yardım paketini qəbul edib. Avropa İttifaqı Şurasının yaydığı məlumatda bildirilib ki, yardımın məqsədi Ermənistan ordusunun maddi-texniki imkanlarını artırmaq, böhran və fövqəladə hallar zamanı mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir. Həmçinin Avropa İttifaqı tərəfindən yerləşdirilən missiya da daxil olmaqla, beynəlxalq hərbi missiya və əməliyyatlar da ölkənin gələcəkdə mümkün iştirakı halında Ermənistanın dayanıqlığını artırmaq, ordusunun qarşılıqlı fəaliyyətinisürətləndirmək məqsədi var. Qərara əsasən, dəstək-batalyon ölçülü bölmə üçün tamhüquqlu hərbi çadır şəhərçiyi təmin olunacaq.

Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasətiüzrə Ali Nümayəndəsi Cozef Borell qeyd edib ki, təhlükəsizlik Ermənistanla ikitərəfli münasibətlərin getdikcə daha vacib elementinə çevrilir: “Avropa Sülh Fondunun bu paketi ölkənin dayanıqlılığına daha çox töhfə verəcək. Xarici siyasət və təhlükəsizliklə bağlı dialoqumuzu daha da genişləndirmək, eyni zamanda, Ermənistanın Avropa İttifaqının rəhbərlik etdiyi missiya və əməliyyatlarda gələcək iştirakını nəzərdən keçirməkdə qarşılıqlı marağımız var”.

Ermənistana ayrılan yardım paketinə rəsmi Bakının reaksiyası sərt olub. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Ermənistana hərbi yardım və belə yardımın gələcəkdə artırılmasına çağırışlar Azərbaycanın ərazilərinin bir hissəsini 30 ilə yaxın dövr ərzində işğalda saxlamış, hazırda Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialardan əl çəkməyən ölkənin hərbi potensialını gücləndiməyə, bölgədədestruktiv fəaliyyətinə xidmət edəcək.

“Avropa İttifaqı Şurası tərəfindən verilən bu qərara qətiyyətlə etiraz edir, göstəriləcək yardım barədə məlumatın şəffaf şəkildə açıqlanacağını gözləyirik. Avropa İttifaqı bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə töhfə verən bu kimi addımlara son qoymalı, regionda sülh və əməkdaşlığın alternativinin olmadığını anlamalıdır. Əks halda, Ermənistanın sabitliyi pozmasına, hər hansı təxribatına görə Avropa İttifaqı da məsuliyyəti bölüşəcək”, - XİN rəmisi qeyd edib.

Ermənistana bu cür yardımın sülh prosesinə zərbə vurduğunu iddia edən ekspertlər regionda vəziyyətin gərginləşə biləcəyi ehtimalını da istisna etmirlər.

Siyasi icmalçı Əli Mustafa AYNA-ya müsahibəsində bildirib ki, Avropa Sülh Fondunun Ermənistan ordusuna yardımının kökü bu il aprelin 5-də Brüsseldə ABŞ-Avropa İttifaqı-Ermənistan görüşünə bağlıdır:

-Həmin üçtərəfli görüşdə çalışırdılar ki, Ermənistana hərbi dəstək yox, iqtisadiyyatının inkişafı üçün, humanitar məsələlərin həlli üçün maliyyənin ayrılması məsələsinin müzakirə olunduğu bəyan etsinlər. Əslində bəyan edilən də bu istiqamətdə idi. Amma gerçəklikdə biz bilirdik ki, sırf hərbi əməkdaşlıq, Ermənistana hərbi yardım məsələsindən söhbət gedir. İndiki yardım 5 aprel tarixli üçtərəfli razılaşmanın nəticəsidir ki, gerçəkləşməkdədir. Azərbaycan buna həmin vaxt etirazını bildirdi. Rəsmi Bakıda məlumat var idi ki, müzakirə masasında hərbi yardımdır. Amma həmin vaxt “humanitar və iqtisadi yardım” deyib sanki Bakının könlünü almaq istədilər. Ona görə də şəxsən mənə indi baş verənlər, Avropa Sülh Fondunun yardımı təəccüblü görünmür.

- ABŞ və Avropa İttifaqının Ermənistana bu yardımının arxasında nə dayanır?

- Ermənistan bu qüvvələrə patsdarm rolunu oynayacağı vədini verir. Ermənistan Qərbə Cənubi Qafqazda öz hərbi gücünü formalaşdırmaq, Rusiyanın bölgədən çıxarılması üçün müstəvi təklif edir. Onsuz da indiki Ermənistan hakimiyyətinin də siyasətinin mahiyyəti, strategiyası budur. Baş nazir Nikol Paşinyan çalışır ki, müxtəlif siyasi-psixoloji manevrlərlə bunu gizlətsin. Amma əslində məqsəd Cənubi Qafqazda Rusiyanı sıxışdırmaq və bölgəni Qərbin hərbi-siyasi nüfuz dairəsinə çevirsin. Qərbin də strateji marağı budur. Hələlik bu siyasət Ermənistan üzərindən həyata keçirilir. Təbii ki, Gürcüstanda da Qərbin uğurları və uğursuzluqları var. ABŞ və Avropa İttifaqı uzun müddət idi ki, Gürcüstan üzərində bu istiqamətdə işlər aparırdılar. Amma hazırkı Gürcüstan hakimiyyəti buna dirəniş göstərir. Eyni zamanda, Gürcüstanın hakim dairələrində indi Rusiyanın təsirləri daha güclüdür. İndi bu təsiri Ermənistan üzərindən həyata keçirmək niyyəti güdülür.

- Ermənistana bu yardımlar davam edə bilərmi?

- Bu, prosesin gedişindən, Ermənistandakı daxili-siyasi vəziyyətdən, bölgədəki vəziyyətdən asılıdır. Bu gün dünyanın bölüşdürülməsi uğrunda böyük güclərin savaşı gedir. Rusiya çalışır ki, postsovet məkanında hərbi-siyasi təsir gücünü saxlasın. ABŞ və Avropa da çalışır ki, NATO-dan da bir alət olaraq istifadə edərək Cənubi Qafqazda nüfuz sahibinə çevrilsinlər, Rusiyanı buradan çıxarsınlar. Bu gün Rusiya Ermənistanda inqilab yolu ilə Moskvaya yaxın siyasi qüvvələri hakimiyyətə gətirmək istəsə də, buna nail ola bilmir. Qərb isə bunu görür, yaranmış vəziyyətdən istifadə edərək hərbi-siyasi cəhətdən güclənmək yolunda addımlar atır. Qərb düşünür ki, Ermənistanda hərbi-siyasi güc mərkəzinin yaradılmasına nail olarlarsa, sonradan Cənubi Qafqaz regionunun tamamına nəzarəti ələ ala bilərlər. Ona görə də düşünürəm ki, Ermənistana belə yardımlar davam edə bilər.

- Qərblə-Rusiya arasındakı mövqe savaşı Azərbaycanla Ermənistan arasında sülh prosesinə hansı təsirləri göstərə bilər?

- Əlbəttə, bu, sülhə zərbə vurur. Eyni zamanda, Ermənistan bu hərbi dəstəyə müəyyən qədər arxayınlaşır, sülhdən yayınma siyasətinə qayıdır. Bu günlərdə Kəlbəcər istiqamətində Azərbaycan hərbi mövqelərinin atəşə tutulması da bunun göstəricilərindən sayıla bilər. Əksər ekspertlər hesab edirlər ki, bu öldürücü silahların sınağıdır. Bizim bildiyimiz və bilmədiyimiz silahlar Ermənistana ötürülür. Bunu həm ABŞ, həm Avropa İttifaqı, xüsusilə, Fransa əlahiddə formada edir. Təbii ki, Azərbaycana mesaj ötürülür ki, hədəf Azərbaycan yox, Rusiyadır, amma Ermənistan bu silahı Azərbaycana tuşlayır. Ona görə də Qərbin Ermənistana yardımı həm də Azərbaycan üçün təhdidlər yaradır. Eyni zamanda, Ermənistanın özü üçün də bu siyasət təhlükəli və təhdid yaradan haldır. Məlumdur ki, bu gün Azərbaycanla Ermənistanın hərbi gücü bir-birindən tamamilə fərqlidir. Ermənistan o silahlardan Azərbaycana qarşı istifadə edərsə, bunun nəticəsi Ermənistan üçün daha ağır olacaq. Onsuz da Rusiyanın istəyi də budur və istəyir ki, Azərbaycan bu prosesə qatılsın. Azərbaycan isə istəmir, çalışır ki, sülh sazişi tezliklə imzalansın. Avropa İttifaqının hərbi yardımı ilə Ermənistanı arxayınlaşdırması sülh prosesinə mənfi təsir göstərən amildir. Ona görə də Qərb bu məsələlərdə diqqətli olmalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.