Rusiya Bakı ilə Yerevan arasında sülhün regionda təhlükəsizliyin təminatı üçün ilkin şərt hesab edir
25-07-2024, 18:09
Rusiya Azərbaycan və Ermənistan arasında “balanslı” sülh müqaviləsinin imzalanmasını Cənubi Qafqaz regionunda təhlükəsizliyinin təmin edilməsi üçün əvəzedilməz ilkin şərt hesab edir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyulun 24-də keçirdiyi brifinqdə deyib.
“Biz qalan fikir ayrılıqlarının tezliklə həllinə və Azərbaycan-Ermənistan münasibətlərinin ən yüksək səviyyədə üçtərəfli razılaşmalara uyğun olaraq normallaşdırılmasının digər istiqamətlərində uğurlu irəliləyişlərə ümid edirik”, Zaxarova qeyd edib.
Rusiyalı diplomat Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin may ayının 10-11-də Qazaxıstanın Almatı şəhərində keçirilən görüşünü alqışlasa da, tərəflər arasında digər görüşlərə, o cümlədən ən son may iyulun 10-da Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə keçirilən görüşə toxunmayıb.
“Cənubi Qafqazın taleyi və gələcəyini yalnız region ölkələri və qonşu tərəfdaş dövlətlər müəyyən etməlidir. Kənardan heç kim ümumi evimizə sülh və firavanlıq gətirməyəcək”, Zaxarova əlavə edib.
Antoni Blinken iyulun 10-da keçirilən görüşdən öncə verdiyi açıqlamada tərəflərin sülhə nail olmağa yaxın olduğuna inandığını bildirib və Birləşmiş Ştatların göstərə biləcəyi köməyi müzakirə etməyə hazır olduğunu vurğulayıb.
“İnanıram ki, hər iki ölkə Birləşmiş Ştatların qətiyyətlə, güclü şəkildə dəstəkləyəcəyi yekun razılaşma əldə etməyə çox yaxındır”, Blinken qeyd edib.
NATO-nun 75 illiyinə həsr olunmuş sammit çərçivəsində baş tutan görüşdən sonra Azərbaycan və Ermənistanın Xarici İşlər Nazirlikləri oxşar bəyanat yayaraq danışıqları davam etdirəcəklərini bildiriblər.
Azərbaycan prezidenti İlham Əliyev iyulun 20-də sazişin mətninin 80-90 faiz hazır olduğunu deyib, lakin Ermənistanın Qarabağın müstəqilliyinə dolayı istinadı aradan qaldırmaq üçün konstitusiyaya dəyişiklik etmədən onu imzalamağın mümkün olmadığını bir daha vurğulayıb.
Reuters agentliyinin məlumatına görə, Azərbaycan daha geniş razılaşma üzərində müzakirələrin davam etdiyi bir zamanda Ermənistana müvəqqəti tədbir kimi gələcək sülh sazişinin əsas prinsipləri haqqında sənəd imzalamağı təklif edib.
Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev müvəqqəti tədbir kimi qiymətləndirilə biləcək əsas prinsiplərə dair sənədin ikitərəfli münasibətlərin əsasını təşkil edə və iki ölkə arasında qonşuluq münasibətlərini təmin edə biləcəyini bildirib.
Hacıyev sənədin noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransına qədər imzalana biləcəyini vurğulayıb.