"Əgər gələcək nəsil xəstə olarsa, o millətin mövcudluğu yox ola bilər" - Mehriban Zeynalova
25-07-2024, 18:12
Prezident İlham Əliyev Ailə Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.
Əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa təsdiqlənib.
Belə ki, nikahın bağlanmasına mane olan halların sayı artırılır. Məcəlləyə edilən aşağıdakı hallar əlavə edilir.
- qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;
- bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;
Qeyd edək ki, Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi də təsdiqləyib. Azərbaycanda 16 yaşına çatmayanlarla nişanlanan şəxslər 2 min manat cərimələnəcək, həbs olunacaq.
Dəyişikliyə əsasən, on altı yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxs tərəfindən nişanlanmaya və ya evliliyə dair digər sövdələşməyə daxil olmağa görə 1 000 manatdan 2 min manatadək məbləğdə cərimə ediləcək və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunacaq. Bu maddədə nəzərdə tutulmuş əmələ görə inzibati məsuliyyət həmin əməli törətmiş evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə bu şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır. Qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.
Millət vəkili Fazil Mustafanın sözlərinə görə, qanun bir ildən sonra qüvvəyə minəcək:
“Əsas məsələ bu sahədə özbaşınalığı tənzimləmək, qanunun tətbiqi ilə yanaşı maarifləndirici işlər aparmaqdır. Nişanlanma ilə, erkən yaşda şəxslərin nişan mərasimlərinin, məclislərinin keçirilməsi ilə bağlı hansısa bir şadlıq evi, hansısa restoranın özünün də cəzalanmasından söhbət gedir. Ona görə də həmin şəbəkə vasitəsilə də bunun qarşısının alınması mümkün olacaq. Kimsə risk edib bu addımı atmağa maraqlı görünməyəcək. Mənim fikrimcə, bu kimi məsələlərdə dövlət bir az daha qətiyyətli mövqe tutmalıdır və bu cür qohum evliliklərindən tutmuş erkən yaşda nişanlanmaya qədər nikaha cəlb olunmaya dair məsələlərdə öz mövqeyini ortaya qoymalıdır. Əks halda bu, gələcəkdə böyük problemlər yarada bilər”.
Deputat nişan mərasimlərinin aydınlaşması üçün müəyyən mexanizmlərin nəzərdə tutulacağını deyib:
“Müvafiq qurumların bu istiqamətdə konkret qanundan sonra icra sənədləri qəbul və təqdim olunacaq. Onda bəlli olacaq ki, hansı metodlarla hüquq-mühafizə orqanları ilə digər icra qurumlarının koordinasiyası şəklində məsələni həll etmək mümkün olacaq”.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə “Sherg.az”a açıqlamasında bildirib ki, qohum evliliklərinə qoyulan qadağanın təsdiqlənməsi müsbət haldır:
“Qanunun qəbul edilməsinə ehtiyac vardı, lakin bizdə müəyyən steretoiplər var ki, qohum evliliklərini dəstəkləyirlər. Bu stereotiplərlə də mübarizə aparmaq lazımdır. Qohum evliliklərinin qadağan olunmasına dair qanun ona görə lazımdır ki, olanlar aradan qaldırılsın, mənəvi münasibətlər formalaşdıqca davranış mədəniyyəti də tənzimlənsin. Bu baxımdan ölkədə müəyyən uşaq xəstəlikləri genefondun inkişaf dinamikasını pozur. Bu məsələnin icrası ilə bağlı çağırışlar var. İnsanlar bir-birlərini sevə bilərlər. Düzdür, qanunvericiliyə əsasən nikaha girmək istəyən şəxslər tibbi cəhətdən yoxlanılır. Burada söhbət bundan gedir ki, həqiqətən, xəstə uşaqlar kifayət qədər xərc tələb edir, buna görə ailələr dağılır, uşaqlar atılır. Bu dövlətə də ziyan verir".
M.Zeynalova qeyd edib ki, əgər gələcək nəsil xəstə olarsa, o millətin mövcudluğu yox ola bilər:
"Bu baxımdan qohum evliliklərinə qadağa qoyulmasını tam dəstəkləyirəm. Hesab edirəm ki, bunun qarşısını almaq üçün əhali arasında geniş maarifləndirmə kampaniyası aparmaq lazımdır. Televiziyalar, media orqanları, QHT-lər bu məsələdə aktivlik nümayiş etdirə bilərlər. Hamı birgə eyni formada maarifləndirmə işini həyata keçirməlidir”.