Naxçıvanda seçki qiyamının çox təfərrüatları: MSK sədri niyə istefa ərizəsi yazıb?

26-07-2024, 09:52           
Naxçıvanda seçki qiyamının çox təfərrüatları: MSK sədri niyə istefa ərizəsi yazıb?
Bu gün Naxçıvan MR MSK-nın sədri Əjdər Əliyevin istefa verdiyi bildirilir.

İddialara görə, MSK sədrinin bu istefa qərarından sonra gözlər onun müavini axtarıb. Müavin isə yağlı əppək olub ərşə çəkilib. Bütün axtarışlara baxmayaraq, onu gördüm deyən olmayıb.

Ovqat.com-un əldə etdiyi məlumarlara əsasən, Naxçıvan MSK sədrinin istefa verməsinin çox dərin səbəbləri var.

Bildirilir ki, o, Vasif Talıbov hakimiyyətinin son illərində - 2020-ci ildə bu vəzifəyə təyin olunub. MSK sədri olduğu 4 il ərzində Naxçıvan Ali Məclisinə seçkilər keçirilmədiyi üçün ümumiyyətlə bu insanın seçki prosesində iştirak etməyib. Məhz bu keyfiyyətinə görə dünya demokratiya tarixinə seçki keçirməyən ilk MSK sədri kimi düşüb.

Deyilənlərə inansaq, MSK sədrliyindən imtina etməsinin əsas səbəblərindən biri də budur. İşə girəndə “necə olsa, “xan” həzrətləri var və məni darda qoymaz” ümidləri ilə bu ağır missiyanı öz boynuna götürən Əjdər Əliyev az-çox seçki prosesindən başı çıxanları da ya işdən uzaqlaşdırıb, ya da aşağı vəzifəyə təyin edib.. “Xan” əyyamından sonra incik salınanların heç biri indi seçki prosesinə əl batırmaq istəmir. Bildirilir ki, Əjdər Əliyev dəfələrlə bu xahişlə köhnə işçilərindən birinin hüzurlarına gedib, o isə Naxçıvanın seçki “Allah”ına mədəni şəkildə qapının ardını göstərib. Əjdər Əliyev bu xoşməramlı manevrləri işə yaramayınca təhdid üsuluna keçib. Təhdidləri də yaralı barmağa məlhəm olmayıb.

Digər tərəfdən, Əjdər Əliyevin icra başçıları ilə əlaqələri o qədər yaxşı deyil. Vasif Talıbovun dövründə rayon icra başçılarının qohumları MSK-larda təmsil olunurdu. İcra başçıları da məhz bu səbəbdən seçki saxtakarlığında məmnuniyyətlə iştirak edirdilər. İndi onların demək olar ki, hamısı işdən çıxarılıb, yerlərinə yeniləri gətirilib. Əjdər Əliyev isə yenilərin saqqızını oğurlaya bilməyib.

Əslində Vasif Talıbovdan sonra MSK-nın dadı-duzu da qalmayıb. Həm “xan” həzrətlərinin köhnə komandasının, həm də “canişin” əfəndinin deputat yerlərinə öz namizədləri var. Əjdər müəllim də məcburən köhnə himayədarı ilə təzə hamisi arasında seçim etməlidir. “Xan” həzrətləri və onun oğlu Seymurla Əjdəri möhkəm tellər bağladığından digər “xan” məddahlarından fərqli olaraq, “qəhrəmanımız” öz aləmində simasını daha artıq itirmək istəmir.

Amma sanmayın ki, Əjdər müəllim mənəvi cəhətdən çox yüksək səviyyələrdə olduğundan bu xətir-hörməti qoruyur. Bundan əvvəlki iş fəaliyyəti göstərir ki, o, yeri gələndə əzazil olmağı da bacarır. İnanmırsınız? Onda gəlin, bu gün mənəvi damarı böyüyən Əjdər Əliyevin keçmişinə ötəri bir nəzər salaq.

O, 2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisasında oxuyub. Həmin illərdə, xüsusilə 4-cu kursda dərslərə girməyib, ona-buna apellyasiya və kassasiya şikayətləri yazmaqla güzaranın keçirib. Hətta Bakıda AR Ali Məhkəməsində nümayəndə kimi (o vaxtlar nümayəndə olmaq uçün yaxın qohum olmaq və ya vəkil olmaq tələbi yox idi) sıravi vətəndaşları təmsil etməklə məşğul olub.

2012-2014-cü illərdə Naxçıvan MR Ali Məhkəməsində Vətəndaşların qəbulu və məktublara baxılması şöbəsinin məsləhətçisi, 2014-dən sonra həmin şöbənin müdiri olub. Bu müddət ərzində ümid yeri bilib məhkəmələrdən şikayətlərə gələn vətəndaşları sədrin qəbuluna salmayıb, rayon və şəhər məhkəmələrindən şikayət edən vətəndaşların dərdini gizlədib. Onun bu keyfiyyəti “xan” həzrətlərinin hüquq adamlarının elə çox xoşuna gəlib ki, qəhrəmanımızı Ali Məhkəmədə Aparatın rəhbəri vəzifəsinə yüksəldiblər.

Naxçıvan Ali Məhkəməsinin işçiləri məhz bu təyinatdan sonra indiki seçki “Allah”ının əsl simasını görüblər. İddialara görə, Aparat rəhbəri kimi onun ilk işi attestasiya imtahanı keçirmək olub. Keçirilən attestasiya imtahanlarından heç bir aparat işçisi keçə bilməyib. Bunu bəhanə edən Əjdər Əliyevin imtahanı Azərbaycansayağı kompensasiya etdirib.

Onun əzazillliyinə digər bir nümunə hakimləri “xan” dövrünün ən çətin işgəncələrindən sayılan iməcliklə imtahana çəkməsidir. İddialara görə, Əjdər Əliyev Naxçıvan Ali Məhkəməsinin köməkçisi Fərruxla əlbir olub işçilərini ən çətin iməcliklərdən sayılan su iməcliyinə çıxarırmış. Özü də digər sektorlardan fərqli olaraq, Məhkəmə işçiləri yalnız həftənin şənbə günü yox, hər gün səhərdən axşama iməcliyə çıxırmış.

Ali Məhkəmə işçilərinin canı o zaman bu işgəncələrdən qismən xilas olub ki, Əjdər müəllim daha yağlı yer olduğunu düşündüyündən MSK-nın sədri vəzifəsinə göz dikib və istədiyinə nail olub. Beləcə, o, MSK-ya sədr, Məhkəmə işçiləri isə çoxdan darıxdıqları kabinetlərinə gedə biliblər.

Vasif Talıbov işdən uzaqlaşdırıldıqdan sonra MSK-nın o qədər də keyfiyyətli yer olmadığını anlayıb. Çünki deputatlardan (Naxçıvan Ali Məclisinə deputat seçilməyin qiymətinin 25 min manat olduğu bildirilir) pul yığmaq artıq onun işi olmadığı diqqətinə çatdırılıb. O da yenidən Ali Məhkəməyə qayıtmaq fikrinə düşüb.

İddialara görə, bu yaxınlarda Naxçıvanda keçirilən məşhur toylardan birində dostlarının köməkliyi ilə Naxçıvan Ali Məhkəməsinin yetkilərindən biri ilə görüşmək şansı yaxalayıb. Amma ondan da qaneedici cavab ala bilməyib. Məcburən toyda aldığı nəfəsini Naxçıvan Ali Məclisində buraxıb. Ali Məclisdə “canişin”in məxfi işlərinə baxan kadrlarından biri ilə görüşüb. Məxfi kadr ona hələlik deputat olmağı məsləhət görüb və “sonrasına baxarıq”, - deyə yağlı vədlər verib.

Köhnə ilə yenilər arasında qalmaq məsuliyyətindən azad olmağı planlaşdıran Əjdər müəllim bu təklifi göydəndüşmə hesab edib və dərhal istefa ərizəsi yazıb.

Di gəl ki, onun bu arzusu da daşa dəymişə bənzəyir. Zira Naxçıvanda müftə saxtakarlıqla məşğul olmaq istəyən könüllü tapmaq müşkülə dönüb. Hətta Əjdər müəllimin müavini də telefonunu bağlayıb, sürpriz zənglərə cavab vermir. Belə görünür ki, Əjdər müəllimin bu “çoxbilmişliyi” Naxçıvanda seçkiləri boykot etmək iki qiymətləndirilə bilər. Bu isə Azərbaycan Konstitusiyasının 7-ci maddəsinə görə, ən ağır dövləti cinayət kimi tövsif oluna bilər.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.