General Çovdarov 3 milyonu Tağı Əhmədovdan....döyə-döyə alıb - şok təfərrüatı

7-09-2016, 10:58           
General Çovdarov 3 milyonu Tağı Əhmədovdan....döyə-döyə alıb - şok təfərrüatı
MTN generalının “1 milyon ver” sifarişini rədd edən sabiq rəisi ağır cəzalandırıblar; müstəntiqin “bu qədər pul haradandır”, sualı qarşısında isə elə bir yalan deyib ki...
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, həbsdə olan general-mayor Akif Çovdarov “Bakı Metropoliteni”nin sabiq sədri Tağı Əhmədovdan 3 milyon manat alıb. A.Çovdarov Tağı Əhmədova onun üçün 1 miyon manatlıq “hədiyyə” alması sifarişini yollayıb. T.Əhmədov isə əzazil generalın sifarişini cavabsız buraxıb.

MTN-də məlum “təmizləmələr” başlayandan sonra isə istintaqa ifadə verən məmurlar sırasında Tağı Əhmədov da olub. T.Əhmədov bu ilin mayında istintaqda ifadə verib və Akif Çovdarovla üzləşdirilib. Ondan əvvəl isə aprelin 22-də A.Çovdarov Səbayel rayonunun keçmiş icra hakimiyyəti başçısı Mübariz Məmmədovun qardaşı, Binəqədi bələdiyyəsinin keçmiş sədri, habelə Səbayel Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin indiki rəhbəri Hafiz Aberkatovla üzləşdirilib. Həmin şəxslərin adı Çovdarov və MTN-dəki mütəşəkkil cinayətkar qruplaşmanın işində zərərçəkən kimi keçir. Çünki Çovdarov onlardan hədə-qorxu və təhdid yolu ilə iri məbləğlərdə pul qoparıb.

İş üzrə ən maraqlı epizod isə Tağı Əhmədovla əlaqəlidir. T.Əhmədov istintaqçılara deyib ki, A.Çovdarovun təhdid və təzyiqləri qarşısında ona 3 milyon manat verməyə məcbur olub. A.Çovdarov T.Əhmədovu şantaj edib və həbslə hədələyib. “Qafqazinfo” hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən T.Əhmədovun başına Akif Çovdarov tərəfindən gətirilən müsibətin təfərrüatlarını yazıb.


Belə ki, MTN-ə 10 ədəd “Range Rover” markalı avtomobil lazım olub. T.Əhmədov təxminən 1 milyon dollara başa gələcək bu “xərc”dən imtina edib. Bu da qarşı tərəfi narazı salıb. Bundan sonra T.Əhmədov və ətrafı barədə araşdırmalar başlanılıb. T.Əhmədovun özünün, metroda işləyən qardaşı oğlu Şövqi Tağıyevin və digər qohumu Elşən Tağıyevin (Tağı Əhmədovun qardaşı oğlanları) istifadəsində olan telefon nömrələri qanunsuz olaraq dinlənilib. Bu işdə A.Çovdarovun tapşırıqlarını MTN-in Monitorinq Xidmətinin sabiq rəisi, general-mayor Teymur Quliyev, həmin xidmətin əməkdaşları Anar Şirəliyev və Fərhad Atayev yerinə yetirib. Dinləmələr zamanı lazımi məlumatlar əldə edildikdən sonra idarə rəisi Rəsul Rəsulov T.Əhmədovla görüşüb. Ona rəhbərliyin mesajını çatdırıb. R.Rəsulov metropoliten haqda MTN-ə daxil olan şikayətlər əsasında onu həbs edəcəkləri ilə hədələyib. Bunların baş verməməsi üçün isə T.Əhmədovun 3 milyon manat verməsini istəyib. Sabiq metropoliten rəisi bu tələbi də rədd edib. Bundan sonra T.Əhmədovun qohumları olan Elşən və Şövqi Akif Çovdarovun göstərişi ilə saxlanılıb. Onlara MTN-də fiziki təzyiq olunub, döyərək işgəncələr verilib. Onlardan T.Əhmədovun əleyhinə ifadələr almağa çalışıblar. Elşən Tağıyev MTN-dən ağır kəllə-beyin travması diaqnozu ilə Mərkəzi Klinikaya yerləşdirilib.


Nəhayət, T.Əhmədov məcburən 3 milyon manatı verməyə razılaşıb. Onun oğlu Ruslan və qardaşı oğlu Əli 1,2 milyon dollar, 1,5 milyon avro və 300 min manat pulu qara idman çantasında 2014-cü ilin aprel ayında Bakıda A.Çovdarova məxsus mənzillərin birində şəxsən onun özünə veriblər.

T.Əhmədovun A.Çovdarova 3 milyon dollar ödəməsi haqda məlumatlar yeni deyil, sabiq rəis özü bir müddət əvvəl bu məlumatları şərh edərkən yalana çıxarmağa çalışmışdı. Bununla belə, T.Əhmədovla yenidən əlaqə saxlayıb konkret faktlara əsaslanan məlumatlara münasibətini öyrənməyə çalışdıq. Lakin T.Əhmədov telefonu açmadı.
Yayılmış son məlumatda həmçinin A.Çovdarova ödənmiş 3 milyon dolların mənbəyi haqda T.Əhmədova istintaq zamanı sual ünvanlandığı da bildirilir.

Müstəntiqin ondan “siz 3 milyon manatı necə əldə etmişdiniz ki, Akif Çovdarova bu məbləğdə pulu ödəyə bildiniz” sualına “40 illik əmək haqqımdı, yığıb saxlamışdım” deyə cavab verib.


Məlumat üçün deyək ki, Tağı Əhmədov ömrünün böyük hissəsini “yeraltı dünya”ya həsr edib. “Bakı Metropoliteni”ndə fəhlə kimi işə başlayan T.Əhmədov 1998-ci ildə qurumun rəisi təyin edilib. 2014-cü ilə qədər metropolitenin rəisi olub.

Bu gün metropolitendə ən aşağı əmək haqqı 220 manat, ən yuxarı əmək haqqı isə 1000 manata yaxındır. Tutaq ki, T.Əhmədov metropolitendə 16 il deyil, elə 40 il rəis işləyib və aylıq maaşı 1000 deyil, 2-cə min manat olub.

Bu halda Tağı Əhmədovun qazandığı 1 milyon manatdan 40-ca min kəm olardı. Tağı Əhmədovun dediyi kimi, 40 il deyil, gərək 120 il, özü də rəis vəzifəsində çalışmalı idi ki, sonda həmin 3 milyon manatı üstünü düzəltməklə 1 günün içində Akif Çovdarova ödəsin. Yəni Tağı Əhmədovun 40 il işləyib 3 milyon dollar qazanmasının adi riyazi hesablama ilə həqiqət olmadığı ortaya çıxır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.