“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
27-07-2024, 12:26
Yaxın Şərqdə İran təhlükəsinə qarşı NATO bənzəri hərbi alyans yaradılmalıdır. İsrailin baş naziri Benyamin Netanyahu ABŞ Konqresində çıxışında belə deyib. O, həmin hərbi alyansın İrana qarşı olacağını deyib. Netanyahunun sözlərinə görə, İsraillə münasibətləri normallaşdıran istənilən region ölkəsi bu alyansın üzvü ola bilər.
Baş nazirin Yaxın Şərq NATO-sunun yaradılması təklifi yeni deyil. 2020-ci ildə ABŞ-nin o vaxtkı prezidenti Donald Trampın vasitəçiliyi ilə Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Mərakeşin İsraillə münasibətlərin normallaşması haqqında “İbrahim anlaşması” (“Avraam anlaşması”) imzalanıb. Sonradan Sudan da bu anlaşmaya qoşulub. Bu, ərəb ölkələri ilə yəhudi dövləti arasında atılan vacib addımlardandır. Anlaşamada təhlükəsizliyin təmin olunması da aparıcı şərtlərdən sayılırdı. Amma “İbrahim anlaşması” Yaxın Şərqdə yeni hərbi bloklaşmanın yaranması ilə nəticələnmədi. İndi İsrail anti-İran koalisiyası yaratmaq təklifini bir daha gündəmə gətirir, İsraillə münasibəti olan dövlətləri ora dəvət edir. Bu həm də o deməkdir ki, yaxın perspektivdə Azərbaycanın qonşusu olan İranın ətrafında yeni hərbi planlar və gərginliklər davam edəcək.
Anti-İran koalisiyası qurularsa, bu, regiona nə vəd edir?
AMİP liderinin köməkçisi, politoloq Əli Orucovun sözlərinə görə, İranda totalitar rejim hökm sürür və terroru dəstəkləyən ölkə kimi xarakterizə olunur: “Tehran dini ayrımçılığı ilə İslam dünyasının inteqrasiyasına da ciddi sürətdə əngəl törətməkdədir. İxrac etdiyi şiə məzhəbi molla rejimin beynəlxalq və regional maraqlarının təmin edilməsi üçün fəal şəkildə bəhrələnir. İran Cənubi Qafqazla bağlı yürütdüyü siyasətində də aqressiya və destruktivlik elementləri müşahidə edilir. Xüsusən də, Azərbaycanla münasibətləri zaman-zaman gərgin, qarşıdurma, səviyyəsinə çatıb və ölkənin düşmənləri ilə dostluq ruhunda olub. Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal altında olduğu 30 il ərzində təcavüzkar dövlətə hər cür dəstəyini ifadə edib. Lakin bütün bunlara rəğmən İran ətrafında cərəyan edən hadisələr, NATO ölkələri gərginlik, nüvə silahı məsələsində danışıqların dalana dirənməsi, müharibə riskinin artması region üçün, ələlxüsus da Azərbaycan üçün arzuolunan deyil. Donald Trampın prezidentliyi dövründə ABŞ-ın İrana yönəlik siyasəti sərtliyi ilə seçilirdi və Ağ Ev Tehran rejiminə qarşı təcridetmənin dairəsini daha da daraltmağa çalışırdı. İranın regiondakı təsirini azaltmağa və şiə ideologiyasının gələcək fəsadlarını önləmək istəyən bəzi ərəb dövlətləri də Trampın bu yöndə atdığı addımlara dəstək verirdi. Trampın Co Baydenə seçkilərdə məğlub olması və ikinci dönəm prezidentlik postunu saxlaya bilməməsi planları yarımçıq qoydu. İsrail İranı bir nömrəli düşməni sayır və açıq konfrantasiyaya da getməkdən çəkinir. Təl-Əviv İranın proksi qüvvələrini zəiflətməklə Livanda, Fələstində, Suriyada, İraqda lokal hərbi hava əməliyyatları həyata keçirməklə qısa da olsa üstünlüyə malik olmağa çalışır. Ancaq bunlar yetərli deyil. ABŞ-İsrail tandemi İranı tam təhlükəsiz vəziyyətə salmaqda yarımçıq qalan projeni yenidən aktuallaşdırır. Donald Tramb publik çıxışlarında açıq şəkildə İsrailə dəstəyini və İrana yönəlik təhdidlərini dilə gətirir. Donald Trampın vasitəçiliyi və təzyiqi ilə Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Mərakeş və Sudanın İsraillə münasibətlərin normallaşması haqqında imzalanan ”İbrahim anlaşması" (“Avraam anlaşması”) baş nazir Netanyahunun Birləşmiş Ştatlara səfərindən sonra yenidən aktuallaşdırıldı. Eyni vaxtda Birləşmiş Krallığın Müdafiə Nazirliyinin Baş Qərargah rəisi bu günlərdə səsləndirdiyi “Böyük Britaniya İranla müharibəyə hazırlaşmalı və ordusunu daha da gücləndirməlidir kimi açıqlama verməsi Cənub qonşumuzla bağlı Qərbin təhlükəli planlarının gerçəkləşmə riski günbəgün artır. Əgər hakimiyyətə Respublikaçılar gələrsə, bu risk artıq reallığa çevrilə bilər ki, dünya yeni bir fəlakətlə üzləşə bilər”.
Politoloq cənub qonşumuzun daim diqqətə alınmasının vacibliyindən də söz açdı: “Nəzərə almaq lazımdır ki, İran sıradan bir ölkə deyil və bu ölkə hansısa hərbi bloklarda olmasa da Çin, Rusiya, həmçinin qonşusu Türkiyə ilə sıx əlaqələri var. Məncə, Türkiyə İran ətrafında çənbərin daralmasına və İsrail-ABŞ layihəsinin gerçəkləşməsinə seyrçi qalmayacaq və buna qarşı çıxacaq. Ankara regionda gələcək təhlükələr rəvac verəcək hallardan duyuq düşdüyündən preventiv tədbirlər görür. Suriya rejimi ilə əlaqələrini bərpa etməyi, İraq hökumətinin kürd separatçılarına qarşı effektiv addımlar atmağa məcbur etməsi, Fələstində HƏMAS-a dəstək verməsi, BRİCS və ŞƏT kimi təşkilatlara üzvlüklə bağlı müraciəti Ankaranın həm də artan təhlükəsizlik qayğıları ilə izah edilməlidir. ABŞ-İsrail rəhbərliyində anti-İran koalisiyasının qurulması Yaxın Şərqdə prosesləri daha da alovlandırar və münaqişə ocağının arealını böyük bir coğrafiyada alovlandıra bilər. Bu ərəb ölkələrini, ümumilikdə isə İslam coğrafiyasının parçalanmasını və qarşıdurmasını daha da şiddətləndirə bilər. Yeri gəlmişkən Çinin Yaxın Şərqə aktiv şəkildə nüfuz etməsi və müsəlman dövlətləri arasında nüfuzunu artırması amilini də nəzərə almalıyıq. Anti-İran koalisiyası Cənubi Qafqazda vəziyyəti daha da dramatikləşdirə və ayrıcı xətti dərinləşdirə bilər. Azərbaycan İsraillə dost və strateji müttəfiqdir. İran isə qonşumuzdur. Hər nə qədər Tehran rejimi ilə arada gərginliklər yaşansa da, Azərbaycanın ticarət tərəfdaşları sırasında İran top 5likdədir. İranla Azərbaycan arasında böyük və transmilli layihələr barədə razılaşmalar var və bunların bir qismi də artıq icra olunub. Ən vacibi İran dediyimiz dövlətin böyük bir qismi tarixi torpaqlarımız olan Güney Azərbaycandır və orada qeyri-rəsmi rəqəmlərə görə 40 milyon soydaşımız yaşayır. Müstəqil Azərbaycanın bütün bu ağır, çətin yükün altından çıxa biləcəyini və humanitar böhranla üzləşməyəcəyini təsəvvür etmək mümkünsüzdür. Könül istərdi ki, Yaxın Şərqlə, həmçinin Qərbi Asiyanın ən böyük dövlətlərindən biri olan İranla bağlı problemlər diplomatik çözüm yolunu tapacaq. Yeni seçilmiş prezident Pezeşkianın danışıqlara hazır olması və ixtilafların diplomatik həllinə üstünlük verməsi barədə bəyanatı hər halda pozitiv yanaşmadır. Düşünürəm ki, İranın yeni seçilmiş prezidentinin göstərdiyi yeni jesti və mesajları mütərəqqi beynəlxalq ictimaiyyət tərəfindən diqqətə alınacaq”.
Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə İsrailin müdafiədə çətinliklərlə üzləşdiyini söylədi: “İsrail yaxın Şərqdəki qaynar hadisələr fonunda daima İrana qarşı koalisiya yaratmağa can atıb, kollektiv mübarizə onlar üçün daha rahat hücum imkanı demək olardı. Bu istək dəfələrlə dilə gətirilsə də, heç vaxt reallaşmayıb. Dəmir Qübbə yarılandan bəri biz İsrailin müdafiədə çətinliklərlə üzləşdiyini görürük. İranın Dəməşqdəki səfirliyinə edilən hücumdan sonra İran 13 apreldə bilirik ki, İsrailə ardıcıl raket hücumları həyata keçirdi. Bu hücumların qarşısının alınmasında İbrahimi sazişlərlə İsraillə münasibətləri normallaşdıran ərəb dövlətlərinin, xüsusilə İordaniyanın mühüm rolu oldu. Odur ki, de-fakto birgə müdafiə varsa, bu müdafiə birliyini de-yure, yəni hüquqi formata salmaqdan söhbət gedir. Lakin İsrailin istəyi sadəcə birgə müdafiə ilə yekunlaşmır. Həmçinin Ərəblər heç də bütün cəbhələrdə İsraillə həmfikir deyillər. Məsələn, Yəməndə hutilərlə mübarizədə Səudiyyə İsraildən dəstək alırsa da, Suriya məsələsində Körfəz ölkələrinin İranla razılaşdığını görürük. Odur ki, belə bir birliyin reallaşacağı mümkün görünmür. Ölkəmizə gəlincə, 27 yanvar 2023 - 15 iyul 2024 tarixləri arasında İran-Azərbaycan münasibətləri tarixi dönüm nöqtələri yaşadılar. Bu arada isə, ötən ilin martında İsraildə səfirliyimiz açıldı. Həmin vaxt, Azərbaycan və İsrail XİN başçıdarı görüşərkən İsrail XİN başçısı ”İsrail və Azərbaycan İran tərəfdən təhlükəni eyni cür qəbul edir" deyə bəyanatda bulunmuş, birgə siyasi-iqtisadi və hərbi birliyin təsisindən danışmışdı. Lakin Azərbaycan hər zaman bəyan edib ki, bölgəmizi qlobal toqquşmaların mərkəzi halına gətirməyəcəyik. Hətta İranla münasibətlərimizin ən aşağı səviyyədə olduğu vaxtda belə, biz bu cür paktlara qoşulmamışıq. Odur ki, İranla münasibətlərin normallaşdığı dövrümüzdə də bu cür addım gözlənilmir".
“Yeni Müsavat”