Gözümüzün önündə "böyüyən", hətta dünyasını dəyişən deputatlarımız var - Parlamentə ailəvi "yazılan"lar...
30-07-2024, 00:07
Başqa ölkələrdə Parlament Seçkilərinə namizəd olanlar hörməti-izzət sahibi olur, Azərbaycanda da namizədliyini geri götürənlər. Elə yazıçılar, siyasilər, ziyalılar, sosial şəbəkə fenomenləri və cəmiyyətə ağsaqqallıq edən adamlar var ki, içində yaşadığı bu cəmiyyətin illərdir ki, hörmətini və sevgisini qazanıblar. Onlar namizəd olmaları ilə bağlı bir status yazan kimi illərlə "topladıqları" o xətir-izzət yarıbayarı azalır. Kimlər ki, Parlamentdə illərdir deputat kreslosunda oturub və gələcəkdəki seçkilərə qatılmaqdan imtina edir, onlar da bir anda ölkənin "Janna Dark"ı olurlar. Hər kəs onları alqışlayır, hətta sosial şəbəkələrdə onlar üçün "fişəng atanlar" və "victory" göstərənlər belə mövcuddur. Məsələn, Vahid Əhmədov kimi...
Vahid müəllim uzun müddət deputat kürsüsündə oturandan sonra nəhayət, bu il seçkilərə qatılmamaq qərarına gəlib və namizədliyini geri götürüb. O, bu seçkilərdə namizədliyini geri götürən ilk deputatdır. Bəlkə də elə sonuncu da o olacaq. Mən də bu addımı alqışalayiq hesab edirəm. Olduğu məkanın fərqi yoxdur, biri əgər öz ayaqları ilə könüllü şəkildə getmək istəyirsə, demək ki, iradə sahibi kimsədir. İstər deputat olsun, istər icra başçısı olsun, istər ölkə rəhbəri olsun, istərsə də evə gəlmiş qonaq olsun - öz ayağı ilə durub getməyi seçirsə, vallah, billah, alqış Onun haqqıdır. Çünki, Azərbaycanda öz ayağınla, öz istəyinlə hardansa çıxıb gedə bilirsənsə, demək ki, sənin azad iradən var - ən azı öz vicdanın qarşısında...
30 ildir ki, bu ölkənin vətəndaşıyam, amma özüm kimi bir müxbir Elmlər Akademiyasının yaxınlığındakı olan qalan ağaclıqların arasından biri qəfil çıxıb mikrofon uzatsa ki, "tez ol, 125 deputatı say", vallah-billah toplasanız, heç 10 nəfərin adını çəkə bilərəm, ya yox. Tanımıram da, qardaş. Hə, onu da deyim ki, adını çəkəcəyim deputatların ilk ikisi həmişə Siyavuş Novruzovla Elman Nəsirov ola bilər. Bu ikisini qarantiya etmişəm. Yəni biri mənə elə qəfil sual versə, bu ikisinin adını çəkib, digərləri üçün vaxt qazanacam.
O günü qəfil belə bir hadisənin seçkiqabağı mümkün olacağı ağlıma gəldi, tez Parlamentin saytına girib, əlavə bir neçə deputat adı əzbərləməyə başladım ki, mikrofon uzatsalar, hıqqıltı çəkməyim, mən də jurnalist hesab olunuram axı, ayıbdır. Tam səmimiyyətlə deyirəm, ilk 17 nəfərdən başqasının adı yadımda qalmadı. Çünki tanımıram, üzlərini görməmişəm, səslərini eşitməmişəm, "fikirləri" ilə tanış deyiləm. Amma Siyavuş Novruzovla Elman Nəsirov barədə məni yuxudan həyəcan siqnalı ilə oyatsalar da, əzbərdən adlarını və kəlamlarını sayaram. Hətta ayamalarına kimi saya bilərəm. Ayama deyəndə, məni yanlış anlamayın. Bu iki deputat özlərinə xas olan fikirləri, davranışları və dəvət olunduqları yerə icabətləri ilə az-çox bir ad-san sahibi olublar. Bu səmimiyyət onlara cəmiyyət arasında gözəl adlar, ayamalar gətirib. Məsələn, ""Vedrə" və "səngər" sözlərinin sinonimini Parlamentdə axtarın" - kimi bir sorğu versək, hansı adların çəkiləcəyini az-çox təxmin edə bilirik. Sizcə, elə deyilmi?! Bunu niyə gizlədək ki?! İndi Elman Nəsrivo və Siyavuş Novruzov özlərinə qarşı cəmiyyətin hansı reaksiyaya sahib olduqlarını bəyam bilmirlər ki? Çox gözəl bilirlər və bunu bildiklərindən dolayı da, yenidən namizədliklərini irəli sürürlər. O adamlara səs vermək lazımdır ki, onlar özlərində olan potensiala bələddirlər, xalq da onlardakı potensiala bələddir. Necə deyərlər, "gözümüzün qabağında böyüyən deputatlardır da", Parlamentdə onlardan "əziz" kimimiz var?! Hətta böyüdükdən sonra elə gözümüzün qabağında dünyasını dəyişənləri də var - elə o kürsü üzərində. Yerləri behişt olsun...
Nə isə, indi bu adamlar illərdir seçkilərə təkbaşına qatılır və hər dəfə də qutulardan çıxmağı bir yolla bacarırlar. Bəs indikilər necə?! İndikilər cığallığın kitabını yazır. Adamın özü Bakıdan namizədliyini verir, yoldaşı, ata-anası başqa rayonlardan. Adamlar "Turan taktikası" ilə Parlamentə daxil olmaq istəyirlər. İndi nə edə bilərik?! Qanun bəyəm bunu qadağan edir?! Yox! Elman Nəsirov illər boyu bu mübarizəni təkbaşına aparmış olsa da, o da təsdiqləyir ki, ailə üzvlərinin namizəd olması qadağan deyil, yəni "hodri meydan"! Hər ailənin sevinci özünədir.
Yeri gəlmişkən, 18 il öncə Bakıya köçüb, kirayə evdə qalanda, ovaxtkı Əzizbəyov metrosunun çıxışında gənc bir oğlan lotereya satırdı. Hər dəfə valideynlərimlə onun yanından keçəndə, 10-15 ədəd "ailə sevinci" lotoreyasından alırdıq. Axşam düşən kimi televizorun qabağına toplaşıb, 15 lotoreya biletini düzürdük qabağımıza, öncədən də dua edirdik ki, heç olmasa, biri "tutsun". O vaxt hər gənc ailədə olduğu kimi, bizim də böyük xəyallarımız var idi, ona çatmağın əsas yollarından birini "ailə sevinci"ndə görürdük. Sonra anladıq ki, bu sevinc bizim ailəmizə məxsus olan sevinc deyil, sadəcə yazıya aldanmışıq. Ordakı "ailə" sözü bizi nəzərdə tutmur.
İndi də bu ailəlikcə Parlamentə "yazılan"lar... A kişi, mövzunu səhv anlamısınız, o "lotereya" sizlik deyil.
Bizimyol.info