“Bakı Slavyan Universiteti rektorunun psixoloji problemləri var” – Ramin Hacılıdan ilginc açıqlamalar

8-09-2016, 01:14           
“Bakı Slavyan Universiteti rektorunun psixoloji problemləri var” – Ramin Hacılıdan ilginc açıqlamalar
Bakı Slavyan Universitetinin(BSU) yeni rektoru Nurlana Əliyevanın son açıqlaması mətbuatda və eyni zamanda sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. Xanım rektorun univeristetdə rus dilində danışmağı qadağan etməsi, bu ali məktəbin girişindəki tarixi mozaikaları sökdürməsi, müəllimlərin geyimlərinə məhdudiyyət qoyması və təhsil naziri Mikayıl Cabbarovun xəbərdarlığına "neynəməliydim ki "cavabını verməsi ictimaiyyətdə ciddi etiraz doğurub.

Azərbaycan Avropa Hərəkatının prezidenti, Ümid partiyasının sədr müavini Ramin Hacılı da yeni rektorun fəaliyyətindən narazılıq edib. O, Savash.org-a bildirib ki, N.Əliyeva və Təhsil Nazirliyi Azərbaycan kişilərini manyak hesab edirsə, qadınların geyimlərinə qarışa bilərlər. Yox, əgər Azərbaycan kişilərinı əxlaqlı, dini, milli dəyərlərinə sadiq, böyük və ali dəyərlərlə yaşayan hesab edirlərsə, onda geyim məsələlərinə qarışılmamalıdır.

Kosmetik məsələlərlə məşğul olmağın əlehinə olduğunu söyləyən R. Hacılı qeyd edib ki, əsas məsələlər kənarda qalıb: "Təhsilin keyfiyyətinin artırılması, müəllimlərin əmək haqlarının qaldırılması, Boloniya sisteminə keçidin başa çatması, şəffaf sistemin qurulması və s kimi problemlər var. Bu nöqsanları yoluna qoymaq əvəzinə, durub göbəklə, ürəklə, bağırsaqla və cammata əxlaq dərsi keçməklə məşğuldurlar. Məqsədləri insanların diqqətini başqa səmtə yönəltməkdir. İnsanları mahiyyətdən kənar məsələlərə kökləyib, digər planlarını həyata keçirmək istəyirlər. Guya ölkədəki problemlər hansısa xanımın universitetə göbəyiaçıq getməsidirmi? Göbəyi bağlı və ya açıq dərsə getmək mahiyyəti dəyişmir. Yəni universitetə necə gedirsən get, orada təhsil almalısan. Universitetdə rüşvətin qarşısını almaq lazmdır. Sessiya öncəsi və sesiya ərəfəsində yığılan rüşvətdən danışmaq lazımdır. Mövzu budur. Yoxsa kimin dərsə göbəyi açıq və ya qapalı getməsinin mahiyyətə heç bir aidiyyatı yoxdur".

Mozaikların sökülməsinə nəzər yetirən müsahibimiz bildirib ki, bu kimi hallar Suriya və İraqda da baş verir: " Adını çəkdiyim ölkələrdə də abidələr dağıdılır. Həmin proseslər Slavyan universitetində də yaşanır. Bu paraleli aparmaq istəmirdim. Amma məntiq paralel aparır. Bu mənim deyil, məntiqin günahıdır. Normal turist bir ölkəyə gəlirsə, o ölkədən xatirə saxlamaq istəyirsə, ona həmin ölkənin tarixi ilə maraqlanır. Biz nə qədər şüşəli binalər düzəltsək də, heç vaxt Çikaqo və Nyu York qədər düzəldə bilmərik. Heç olmasa, Azərbaycana gələn turistlərin nəyin şəklini çəkdiyinə fikir versinlər. Təssüf edirəm ki, Slavyan Universitetinin başına oyun açılır".

R. Hacılı hesab edir ki, N.Əliyevanın psixoloji problemləri var: "Psixoloji problemləri olmayan adam bu addımı atmaz. Tam məsuliyətimlə deyirəm. Çünki onun qərarlarını heç bir məntiqlə izah etmək olmur. Slavyan Universiteti daxilində rus dilində danışmağı qadağa etmək, Slavyan Universitetinin tarixi mozaikasını dağıtmaq, universitetin içərisində göbək davasına qalxmaq hansı məntiqə sığır? Bir azdan eşidəcəyik ki, universitetin büfetində verilən yeməklərin halal ətdən olub-olmamasını da mətbuatda müzakirəyə çıxaracaqlar. Bunların təhsilə heç bir aidiyyatı yoxdur. Ola bilər kimsə məni fikirlərimə görə qınasın. Bunu yanaraq söyləyirəm. Azərbaycanı düşünərək deyirəm. Azərbaycanı düşünməyən adamlar fikirlərimə qarşı çıxacaqlar. Çünki onlar ölkəmizi deyil, pulu sevirlər".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.