Generalın məhkəmə müəmması

9-09-2016, 13:38           
Generalın məhkəmə müəmması
Mirvari Qəhrəmanlı: “Əslində bu cür məhkəmələrdə ictimaiyyət daha çox iştirak etməlidir”; Novella Cəfəroğlu: “Məhkəmənin qapalı keçirilməsi düzgündür”
Səadət Bənəniyarlı: “Məhkəmənin qapalı keçirilməsinə heç bir əsas yoxdur”
Məlum olduğu kimi, sentyabrın 20-də Bakı Hərbi Məhkəməsində ləğv olunmuş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun məhkəməsi keçiriləcək. Məhkəmənin açıq və ya qapalı keçiriləcəyi haqda hələ ki rəsmi məlumat verilməyib. Lakin bir çox iddialara görə, məhkəmə prosesi əsasən qapalı olacaq.

Maraqlıdır, bu cür məhkəmələrin ictimaiyyət üçün açıq olmaması nə dərəjədə doğrudur? Hüquq müdafiəçiləridən kimlər sabiq MTN generalının məhkəməsində iştirak etməyi düşünür?

Suallara aydınlıq gətirmək üçün bir neçə hüquq müdafiəçisinin rəyini öyrənməyə çalışdıq.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məhkəmənin qapalı keçirilməsinə bu cür münasibət bildirdi: “Bu, hərbi məhkəmədir. Mətbuatdan izlədiyim qədər hökumət bunun kimi bir çox məhkəmələri qapalı keçirir. Məsələn, bizim təşkilata sanksiyalar tətbiq edilmişdi, bununla bağlı keçirilən məhkəmə qapalı oldu və heç kimi buraxmadılar. Burda da bir şey yox idi, sadəcə, bank hesabları bağlanmışdı. Əslində bu cür məhkəmələrdə ictimaiyyət daha çox iştirak etməli, məlumat almalıdır".


Mirvari Qəhrəmanlı məhkəmə prosesini izləmək istədiyini vurğuladı: “Məhkəmə açıq keçirilsə, təbii ki, gedib iştirak edərəm. Ona görə ki, o, mənim 25 ildən çox işlədiyim sahəyə təxminən 2012-2013- cü illərdə kuratorluq edib. Bu səbəbdən məhkəmə prosesini izləmək mənim üçün çox maraqlı olardı. Məhkəmə proseslərinin izlənilməsinə və ona hüququ rəy verilməsinə ehtiyac var.

Əlbəttə ki, imkan versəydilər, oturub kənardan məhkəməni izləyərdim".

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə məhkəmənin qapalı keçirilməsinin daha uyğun olduğunu bildirdi: “Bilirsiz ki, bu, ləğv olunmuş nazirlikdir, burada dövlət sirri ola bilər. Yəqin ki, pul götürməkdən başqa dövlət sirrini satıb və ya satmadıqları haqda suallar da veriləcək. Ona görə də hesab edirəm ki, məhkəmənin qapalı keçirilməsi düzgündür”.


Novella Cəfəroğlu Akif Çovdarovun məhkəməsində iştirak etmək istəmədiyini bildirdi, səbəbinə isə bu cür aydınlıq gətirdi: “Birinci ona görə ki, məhkəmə qapalı olacaq və bizim iştirakımıza icazə verilməyəcək. İkincisi də əgər ona qarşı təzyiqlər olsa, döyülüb-söyülsə, onda hüquq müdafiəçisi kimi onu müdafiə edə bilərik. Amma Çovdarov o qədər insana əzab verib ki.... Onun Pərviz Həşimlinin evinə, uşağının yanına silah ilə getməsini heç vaxt yadımdan çıxartmaram. Ona görə də nə onun məhkəməsinə gedirik, nə də müdafiəsinə baxırıq”.


İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Səadət Bənəniyarlı: “Hesab edirəm ki, məhkəmənin qapalı keçirilməsinə heç bir əsas yoxdur. Çünki burda dövlət sirri açılmır və kifayət qədər mətbuat da yazılar yazıb. Məhkəmənin əlamətdar günə salınması isə təsadüfidir, fikrimcə, hakim günü təyin edərkən bu məsələ nəzərə alınmayıb. Bunun nə iləsə əlaqələndirilməsində məntiq görmürəm”.

Xatırladaq ki, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birgə tutulan digər 4 sabiq MTN-çinin işi üzrə hazırlıq iclası sentyabrın 20-də Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçiriləcək. Cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi, hakimlər Elbəy Allahverdiyev və Müslüm Əliyevin iştirakı ilə baxılacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.