İradə Səfərovanın Təhsil Nazirliyindəki himayədarı kimdir?
10-09-2016, 09:30
Misir Mərdanovun zamanından qalan həmin şəxs kollec direktorunu müdafiə etdiyi üçün bunun güdazına gedə bilər Bakı Kompüter Kollecinin rəhbəri rəsmi sənədlərdə vəzifəsi ocaqçı kimi gedən bir nəfəri direktor müavini işlədir Artıq hər kəsə bəllidir ki, Bakı Kompüter Liseyinin bazası əsasında yaradılan, paytaxtın Nərimanov rayonu ərazisində yerləşən Bakı Kompüter Kolleci bir müddət əvvəl Nazirlər Kabinetinin müvafiq qərarı ilə Bakı İdarəetmə və Texnologiya Kollecinə qoşulub. Bu və digər bir sıra önəmli məqamlarla bağlı əldə etdiyi informasiyanı Gundelik-Baku.com-la bölüşən məlumatlı şəxsin sözlərinə görə, İradə Nəriman qızı Səfərovanın direktoru olduğu Bakı Kompüter Kollecinin adı mütəmadi olaraq bir sıra xoşagəlməz hallar da çəkilsə də, müvafiq qurumlar hələ də olub-bitənlərə lazımı reaksiya vermirlər. Belə ki, İradə Səfərovanın fəaliyyətinin ictimaiyyət tərəfindən ciddi narazılıqla qarşılandığını iddia edən mənbə bildirir ki, buna baxmayaraq adıçəkilən təhsil müəssisələri birləşdirildikdən sonra onlara rəhbərlik funksiyası məhz İradə Səfərovaya verilib: «Deyilənlərə görə, İradə Səfərovanın güclü, kifayət qədər təsir imkanlarına sahib olan himayədarı var. Elə bu səbəbdən də Bakı Kompüter Kollecinin Bakı İdarəetmə və Texnologiya Kollecinə qoşulmasından sonra həmin təhsil müəssisəsinin rəhbərliyi ona həvalə olunub. Bu isə kollecin tələbələrinin, o cümlədən pedoqoji heyətin ciddi narazılığına səbəb olub. Çünki İradə Səfərova rəhbərlik etdiyi təhsil müəssisəsində bir sıra «qayda»lar tətbiq edir və hamını onlara əməl etməyə vadar edir. Leyilənlərə görə, kollec direktoru illik tədris dövrünün hər növbəti mərhələsini ilk növbədə məhz özünün maraqlarının təminatı baxımından dəyərləndirir. Belə ki, hər dəfə semestr imtahanlarının vaxtı yaxınlaşdıqda İradə Səfərovanın direktoru olduğu təhsil müəssisəsində yaşanan ab-hava sanki bazarı xatırladır. Şübhəsiz, bu kimi hallar ümumilikdə ölkənin təhsil sisteminə, gənc nəslin təlim-tərbiyyəsinə çox böyük ziyan vurur». Bu arada, bir müddət öncə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının Bakı Kompüter Kollecində əməliyyat-istintaq tədbirlərinin həyata keçirdiklərini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, həmin vaxt İradə Səfərovanın direktoru olduğu təhsil müəssisəsinin proqramlaşdırma və servis xidmətinin şöbə müdiri Ələddin Səfərovun qanunsuz hərəkətlərə yol verdiyi məlum olub: «Bununda nəticəsində İradə Səfərovanın tabeçiliyində fəaliyyət göstərən Ələddin Səfərovun qış imtahan sessiyası zamanı imtahanlardan müvəffəq qiymətlər alması üçün kollecin tələbəsindən 150 manat məbləğində rüşvət tələb etməklə 27 yanvar 2015-ci il tarixdə 120 manat məbləğində rüşvəti xidməti otağında alarkən cinayət başında yaxalanması faktına görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb. Aparılmış istintaq-əməliyyat tədbirləri zamanı Bakı Kompüter Kollecinin şöbə müdirinin üzərindən müxtəlif əskinaslarla 120 manat nağd pul, habelə onun və kollecin digər vəzifəli şəxslərinin xidməti otaqlarına baxış zamanı kollecdə imtahan sessiyaları zamanı qanun pozuntularına yol verilməsinə kifayət qədər şübhələr yaradan sənədlər, o cümlədən tələbələrə məxsus qiymət kitabçaları, tələbə biletləri, qeydiyyat kitabçaları və istintaq üçün əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək götürülüb. Düzdür, bu hadisədən sonra kollecin rəhbəri İradə Səfərovanın durumu xeyli qəlizləşsə də, lakin bir müddət sonra o, təhlükəni özündən uzaqlaşdıra bilib. Deyilənlərə görə, həmin ona sabiq təhsil naziri Misir Mərdanovun zamanından Təhsil Nazirliyində qalan məsul şəxslərdən biri yaxından köməklik göstərib. Bildirilir ki, bu gün adıçəkilən nazirlikdə kifayət qədər səlahiyyətli vəzifədə təmsil olunan həmin şəxs İradə Səfərovanı ciddi cəhdlə müdafiə edir, dara düşən kimi dərhal ona yardım əlini uzadır. Məsələnin maraqlı tərəfi ondadır ki, həmin şəxs bu gedişlə özünü İradə Səfərovaya köməklik göstərdiyi üçün güdaza verə bilər». Mövzu ilə bağlı əldə etdiyimiz digər bir informasiyada isə deyilir ki, kollec direktoru İradə Səfərova hazırda rəhbərlik etdiyi təhsil müəssisəsində rəsmi sənədlərdə vəzifəsi ocaqçı kimi gedən bir nəfəri direktor müavini kimi işlədir: «Deyilənlərə görə, İradə Səfərova həmin ocaqçı üçün çox şeylər edib, onun yaşayış səviyyəsini xeyli yaxşılaşdırıb. Bir sözlə, kollec direktoru həmin ocaqçını az qala göz bəbəyi kimi qoruyur, onun irəli getməsi üçün əlindəki bütün imkanlarını səfərbər edib. Əgər aidiyyəti qurumlar həmin ocaqçının keçmişilə bağlı köklü araşdırma aparsalar, o zaman bir sıra qaranlıq məqamlara aydınlıq gətirilə bilər…»
Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
P.S. Nə üçün İradə Səfərova hazırda rəhbərlik etdiyi təhsil müəssisəsinə Bakı Kompüter Kollecindən gətirdiyi kadrlara «bizimkilər», Bakı İdarəetmə və Texnologiya Kollecində öncədən çalışanlara isə «sizinkilər» deyə müraciət edir? Bu və digər bir sıra önəmli məqamlarla bağlı növbəti saylarımızda ətraflı məlumat verəcəyik.