Qobustan həbsxanasının keçmiş rəisi haqqında şok AÇIQLAMA - "məhbusların başına nələr gətiribsə..."

10-09-2016, 11:29           
Qobustan həbsxanasının keçmiş rəisi haqqında şok AÇIQLAMA - "məhbusların başına nələr gətiribsə..."
“Ömürlük məhbuslarla bağlı prezidentə müraciət etdik. Müraciətimizin məğzi ondan ibarətdir ki, ömürlük həbs cəzası illərlə əvəz olunsun. Elə məhbuslarımız var ki, 27-28 ildir ki, məhbus həyatı yaşayır. Həm də xəstədirlər. Onların işlərinə yenidən baxılmasını istəyirik”. Bu barədə Modern.az-a açıqlamasında Ömürlük Məhbusları Müdafiə Komitəsinin sədri Müslümət Rzaxanova deyib.

O, Qobustan həbsxanasına yeni təyin olunan rəis haqqında da danışıb.

“Bir həftə olar ki, Aftandil Ağayev Qobustan həbsxanasına yeni rəis təyin edilib. O, təcrübəli ədliyyə polkovniki olduğu üçün ümid edirəm ki, bundan sonra həbsxanada vəziyyət yaxşı olacaq. Həm də problemlərlə bağlı yeni rəisin yanına gedib məlumat vermək olur. Ümidvarıq ki, həbsxanadakı qəddarlıqlara son qoyulacaq”.

Müslümət Rzaxanova son zamanlarda həbsxanada baş verənlərə aydınlıq gətirib. Bildirib ki, həbsxananın rəisi vəzifəsindən azad olunan Fikrət Qafarov məhbuslara ağır işgəncələr verib.

“Ömürlük məhbusların saxlanma şəraiti həddindən artıq pisdir. Qobustan həbsxanasında ömürlük məhbuslar üçün yaradılmış şərait odur ki, bura hansı bir həbsxana rəisi gəlir-gəlsin, dəxli yoxdur,hər hansı bir cüzi səbəbə görə məhbus cəzalanmalı, cəza təcridxanasına salınmalıdır. Cəza təcridxanasına salmamışdan öncə məhbusları kluba aparıb 10-15 nəfər tərəfindən ölənə qədər döyürlər. Sonra əllərini qandallayaraq işgəncə verirlər. Cəza ilə bağlı çıxarılmış qərarın surəti məhbusa verilmir. Halbuki, Cinayət Prosessual Məcəlləsində belə bir maddə var ki, məhbus onun barəsində çıxarılmış qərarla bağlı şikayət etmək hüququna malikdir. Bu hüquq pozulub. Hər hansı məhbus şikayət etdisə, “qara siyahı”ya düşür. Bütün məhbuslara heç bir səbəb olmadan qandal tətbiq edirdi.

Heç kəs bilmir ki, Fikrət Qafarovun rəis olduğu müddətdə neçə məhbus öldürülüb, ya da özünə qəsd edib. Fikrət Qafarov cinayət məsuliyyətinə cəlb olunmaq əvəzinə, 2 saylı cəzaçəkmə müəssisəsinə rəis göndərilib”.

Müslümət Rzaxanova Fikrət Qafarovla bağlı bir faktı da diqqətə çatdırıb.

“Bir məhbus onun yanına gələrək bir kamerada olan məhbusla yola getmədiyini, yaxud da xəstə olduğunu deyir. Rəis Fikrət Qafarov məhbus ağzını açmamış stolun altından dubinkanı çıxarıb ağır zərbələrlə məhbusun başına-başına vurur. Məhbus huşunu itirəndən sonra əlləri arxadan qandallanır və ağrılı vəziyyətdə yerinə aparılır. Qobustan həbsxanasındakı məhbusların başına nələr gətiribsə, 2 saylı cəzaçəkmə müəssisəsində də eyni hadisələri təkrar edəcək. Məhbuslar onun əlindən qan ağlayırdı. O, imkansız məhbuslara çox ağır işgəncələr verirdi. Eyni zamanda, həbsxana personalını da pis günə qoymuşdu”.

Müslümət Rzaxanova Qobustan həbsxanasında yaşananlarla bağlı aidiyyatı qurumlara müraciət etdiklərini də deyir.

“Ombudsman Elmira Süleymanova ərizələrimizi Fikrət Qafarovun üstünə göndərir ki, araşdırsın. Ümumiyyətlə, Fikrət Qafarov da tabeliyində olan personalını yığaraq həmin şikayət edən məhbusu tamamilə saxta, həqiqətə uyğun olmayan ittihamlarla cəzalandırırdı. Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə şikayət edəndə cavabı Fikrət Qafarov verir. O da özünə sərf edən şəkildə yazır ki, heç bir məhbusa işgəncə verilməyib.
Ümumiyyətlə, Ombdusmanın adı gələndə bizdə allergiya yaranır. 21 ildir ki, Qobustan həbsxanasındayam və bu illər ərzində o qədər məhbus döyülüb öldürülüb ki, bir nəfər də olsun məhbus haqqında Ombudsman qərar verməyib. Hər zaman yazıblar ki, məhbuslarla bağlı heç bir problem yoxdur”.

Qeyd edək ki, Fikrət Qafarovun məhbuslarla qanundankənar davranışı haqqında bundan əvvəl də mətbuatda yazılar dərc olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.