Eldar Mahmudovu toyda 'görüblər' - lakin adam 6 aydır ortalıqda yoxdur
12-09-2016, 12:24
Media yazdı ki, “AGBank”ın Müşahidə Şurasının sədri Çingiz Əsədullayev onu oğlunun toy məclisinə dəvət edib: amma E. Mahmudovu son 6 ayda görən yoxdur
Ölkə mediasında 11 sentyabr tarixində sensasional xəbər yayılıb. Həmin xəbərdə iddia olunurdu ki, Azərbaycanın ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudov toyda görünüb.
Gununsesi.info saytını bilgiləndirən mənbə iddia edib ki, 11 sentyabrda "...sabiq MTN şefi yaxın dostu olan “AGBank”ın Müşahidə Şurasının sədri Çingiz Əsədullayevin oğlunun toy məclisində olub. Toy şənliyi “Böyük Saray” adlı şadlıq sarayında təşkil olunub. Qonaqlar arasında əyləşən Eldar Mahmudov ancaq toyda təbrik nitqi söyləməyib. Təxminən 2 saata yaxın məclisdə oturan sabiq nazir Çingiz Əsədullayev tərəfindən avtomobilinə qədər yola salınıb".
Musavat.com xəbər yayılan saatlarda onu dəqiqləşdirə bilməmişdi. Lakin sonradan dəqiqləşdirilən məlumata görə, belə bir hadisə olmayıb. Çingiz adlı bir dövlət məmurunun (soyadını özümüz yazmırıq) övladının toyu olub, lakin o, Əsədullayev deyil, üstəlik, Eldar Mahmudov da orada olmayıb.
Ümumiyyətlə, son 6 ayda Eldar Mahmudovu "gördüm" deyən kimsə yoxdur. Bu da bir ara onun dünyasını dəyişməsi şayiələrinə rəvac vermişdi.