Müqəddəs gündə şəhid polkovnik- leytenant Raquf Orucovun qapısını açan olmadı! - UTANC

14-09-2016, 12:39           
Müqəddəs gündə şəhid polkovnik- leytenant Raquf Orucovun qapısını açan olmadı! - UTANC
"Bu gün çox dəhşətli, qandonduran bir mənzərənin şahidi oldum. Bir qrup yoldaşla "2 aprel döyüşləri"ndə şəhid olan polkovnik- leytenant Raquf Orucovun ailəsini ziyarətə getmişdik. Bu müqəddəs gündə şəhid ailəsinin qapısını dövlət strukturlarından heç kim açmayıb".

Bunu Qlobal.az-a jurnalist Elçin Həsənov bildirib.

Jurnalistin sözlərinə görə, qısa bir müddət ərzində məmurlar tərəfindən unudulan şəhid ailəsi xalqın da biganəliyindən şikayətlənib.

"Aprel ayından sonra polkovnik-leytenant Raquf Orucovun ailəsinin qapısını neinki bir dövlət məmuru, heç sadə insanlar da açıb bayramımızı təbrik etmədi. Axı, "Aprel döyüşlərində" böyük hünər, rəşadət göstərərək şəhidlik zirvəsinə yüksəlmiş Vətən oğullarının hamısı qəhrəmandır. Onların bu il aprelin əvvəlində cəmi bir neçə gün davam edən döyüşlərdə göstərdikləri qəhrəmanlıq nümunələri indi hər bir Azərbaycan gənci üçün sözün həqiqi mənasında bir örnəkdir. Hamı onlardan danışır, döyüş yollarından, şərəflə yaşadıqları həyatlarından filmlər çəkirdi, oçerklər yazılırdi, barələrində mahnılar qoşulurdu? Hər birinin məzarı bütöv Azərbaycan xalqının müqəddəs ziyarətgahına, Vətən, torpaq, Qarabağ nisgili ilə yaşayan gənclərin isə and yerinə çevrilmisdi. Ancaq bu gün qapımız açılmadı. Bizim sadəcə diqqətə ehtiyacımız var. Raqufun övladları atalarının Vətən- Dövlət- Xalq uğrunda şəhid olduğunu bilir. Vətən işğaldadı, dövlətin başı "qarışıqdı", bəs xalqa nə olub?"- jurnalistin sözlərinə görə, bu sözləri isə şəhidin həyat yoldaşı Sevinc xanım səsləndirib.

Xatırladaq ki, polkovnik- leytenant Raquf Orucov 1972-ci ildə Ağdam rayonunun Cinli kəndində anadan olmuşdur. Müəyyən zamanlarda kəşfiyyat komandiri, qərargah rəisi və hərbi- hissə komandiri vəzifələrində işləyən polkovnik- leytenant Raquf Orucov 2016-cı ilin aprel ayında işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhramanlıqla həlak olmuşdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.