Müəmmalı siyasi gediş: - Demarkasiya aparılacaq növbəti ərazi hansı olacaq?

1-09-2024, 00:02           
Müəmmalı siyasi gediş: -
Ermənistan tərəfi Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların avqustun 30-da imzalanmış əsasnamənin təsdiqinin daxili prosedurlarını açıqlayıb.

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistan Xarici İşlər Nazirliyi təfərrüatlara varmadan yalnız prinsipləri müəyyən edən əsasnamənin imzalandığını və sənədin ölkədaxili təsdiqi prosesinə artıq başlanıldığını bildirib.

“Qərar Ermənistan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hökumətin müzakirəsinə çıxarılacaq, bundan sonra onun Milli Məclisdə ratifikasiyası proseduruna başlanılacaq. Bunun üçün sənəd əvvəlcə Konstitusiya Palatasına göndəriləcək. Məhkəmə onun Konstitusiyaya uyğunluğunu müəyyən edəcək”, - Ermənistan Respublikası Baş nazirinin Aparatından verilən məlumatda belə qeyd edilir.

Xarici İşlər Nazirliyinin açıqlamasından yarım saat sonra Ermənistan Nazirlər Kabineti qərarın diplomatik kanallar vasitəsilə sənədlərin əslinin mübadiləsi yolu ilə imzalandığını açıqlayıb.

Amma nə Xarici İşlər Nazirliyi, nə də Baş Nazirlik əsasnaməni kimin imzaladığına və üzbəüz görüşün niyə baş tutmadığına aydınlıq gətirməyib.

Bundan sonra Milli Məclisin Xarici Əlaqələr Komitəsinin sədri sənədi Ermənistanın və Azərbaycanın baş nazirlərinin müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin imzaladığını deyib.

Əsasnamənin parlamentə nə vaxt təqdim olunacağına gəlincə, Sarkis Xandanyanın fikrincə, bu, ali məhkəmənin qərarından asılıdır.

“Müsbət nəticə olarsa, hökumət artıq onu Milli Məclisə göndərəcək. Milli Məclis isə müəyyən olunmuş qaydada müzakirə edib qərar qəbul edəcək.

İstənilən saziş və ya beynəlxalq sənəd kimi, bu sənəd də, səhv etmirəmsə, deputatların ümumi sayının səs çoxluğu ilə bir oxunuşda müzakirə edilərək qəbul edilir”, - Xandanyan belə deyib.

İmzalanmış sənədin məzmunu hələ də məlum deyil. Baş nazirlik onu gələn bazar ertəsi dərc edəcəyini vəd edir. Bu arada Baş nazirin dəftərxanası sənədin siyasi məzmununun bir neçə ay əvvəl açıqlandığını vurğulamağı zəruri hesab edir.

Söhbət baş nazirlərin müavinlərinin 2024-cü il 19 aprel tarixli görüşündən gedir. Məhz həmin gün Ermənistan və Azərbaycanın sərhəd delimitasiyası komissiyaları delimitasiya prosesində Almatı Bəyannaməsini rəhbər tutması barədə razılığa gəliblər.

“Sərhədin demarkasiyası eyni prinsiplə davam edəcəkmi” sualına Ermənistan Baş nazirinin dəftərxanası yalnız əvvəl əldə edilmiş razılaşmaya istinad edərək dəqiq cavab verməyib.

“Həmin danışıqlar zamanı (19 aprel - red.) İrəvan və Bakı nümayəndələri reqlamenti təsdiq edildikdən sonra onlar sektorların, o cümlədən anklavların və eksklavların delimitasiyası prosedurunu razılaşdırmaq qərarına gəliblər. Bu gün nə Xarici İşlər Nazirliyi, nə də Baş nazirin dəftərxanası sonra hansı ərazilərin demarkasiyasına qərar verilib-verilmədiyinə aydınlıq gətirməyib” - “Azadlıq” radiosunun Ermənistan xidməti belə yazır.

“Növbəti mərhələdə sərhədin hansı hissələrinin müəyyən ediləcəyi, demarkasiya işlərinin ardıcıllığı müəyyən ediləcək. Ermənistan tərəfi eyni səylərlə işi davam etdirməyə hazırdır”, - deyə Sarkis Xandanyan əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.