Manana və Brilliant Çovdarov işində – Şok iddialar
16-09-2016, 10:34
Məşhur qanqster Hacı Məmmədovun tanınmış müğənnilərlə əlaqələrinin olması yenidən gündəmə gəlib. 24saat.org-a verilən məlumata görə, buna səbəb həbsdəki MTN generalı Akif Çovdarovdur.
“Osminoq”un MTN barmağı
Daxili İşlər Nazirliyində keçmiş baş əməliyyat müvəkkilinin “Qarabulaq” restoranında sənətçilərə verdiyi hədiyyələr, pullar və xanım müğənnilərlə münasibəti MTN generalının diqqətindən yayınmayıb. O zaman Çovdarov Məmmədovla kifayət qədər sıx əlaqələrə malik olub. Hətta generalın qanqsterlə işbirliyinin olduğu haqda iddialar da səslənib.
H.Məmmədov məhkəmədəki son sözündə bunları demişdi: “Mən və dəstəmin 5-6 nəfər üzvləri bu “osminoq”un bir barmağıdır. Burada olduğum müddətdə həmin “osminoq” böyüyüb və məndən də böyük barmaqları var”. MTN-nin ləğvi və generalların həbsi ilə “osminoq”n daha bir halqası ifşa edildi söyləmək olar.
Hər halda Çovdarovun cinayətləri Məmmədovun əməllərindən heç də az deyil. Doğrudur, MTN generalı onun kimi qətldə ittiham olunmur. Amma ona qarşı kifayət qədər ağır ittihamlar var.
Manana Çovdarovu tanıyır?
24saat.org-un xəbərinə görə, Çovdarovla Məmmədov arasındakı ünsiyyətlə bağlı “Qarabulaq”a gedib-gələn müğənnilərin məhkəməyə çıxarılması gözəniləndir.
Onların ifadələri generalın cəzasına təsir edə bilər. Belə ki, H.Məmmədovla hallanan bir neçə sənətçi olub. Onlardan biri – əməkdar artist Manana Caparidzedir. Onun 2006-cı ildə H.Məmmədovla “Qarabulaq” istirahət mərkəzində çəkdirdiyi şəkillər yayılmışdı.
Hətta iddia olunurdu ki, Məmmədov Caparidzeyə “Mersedes” markalı avtomobil hədiyyə edib. Caparidze həmin vaxt Hacı Məmmədovla olan şəklini belə şərh etmişdi: “Mən bir il “Qarabulaq” istirahət mərkəzində oxudum. Axırda pulumun əvəzinə həmin maşını mənə verdilər”.
Ehtimal olunur ki, Mananadan Çovdarovu tanıyıb-tanımadığı haqda suallar veriləcək. Onu “Qarabulaq”da görüb-görmədiyi barədə danışa bilər.
Müşahidə altında ölkəni qısa müddətə tərk edən MTN generalı VİP girişə buraxılmadı – SINDI
“Prılanta”nın qaçış planı
Qanqsterin daha bir “qurbanı” xalq artisti Brilliant Dadaşovadır. Xatırlayırsınızsa, sənətçi ölkəni tərk etmək istəyərkən Bakı Hava Limanında saxlanılmışdı. Buna səbəb Dadaşovanın pasportunda özünü “cavanlaşdırması” idi.
Belə ki, həmin sənəddə müğənninin adı “Prılanta” kimi qeyd olunub və təvəllüdü 1964-cü il göstərilib. Əslində isə Brilliant Dadaşova 1959-cu ildəndir. O zaman hətta daxili işlər naziri Ramil Usubovun özü Brilliant xanımın olayı ilə bağlı mətbuata açıqlama vermişdi.
24saat.org xəbər verir ki, hər iki sənətçinin Çovdarov-Məmmədov əlaqələri haqda hansı bilgilərə malik olmaları ilə bağlı məhkəməyə çağırıla bilər. Siyahıda digər müğənnilərin olması da istisna edilmir. Bu günlərdə Mətanət İsgəndərlinin də adı hallanmışdı. Müğənninin sözçüsü və bacısı isə məlumatı nə təkzib, nə təsdiq etmişdi.
Çovdarovun suçu nə? – İttihamlar
Xatırladaq ki, A.Çovdarova qarşı Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi açılıb.
24saat.org