Pərviz Həşimli mənzilinə silah qoyan MTN zabitinin fotosunu yaydı
18-09-2016, 10:41
Bu gün sabiq vicdan məhbusu Pərviz Həşimlinin MTN tərəfindən şərlənərək həbs olunmasından 3 il ötür. 2.5 il qanunsuz olaraq, məhbəs həyatı yaşayan Pərviz Həşimli bu ilin martında əfv sərəncamı ilə azadlıq haqqına qovuşub.
Sabiq vicdan məhbusu özünün facebookdakı səhifəsində 17 sentyabr 2013-cü ildə həbsindən sonra mənzilinə silahlı hücuma rəhbərlik edən və 5 yaşlı uşağnın oyuncaqları arasında silah qoyan MTN zabitinin fotolarını təqdim edib:
“17 sentyabr 2013-cü il. Bu tarixdə Azərbaycanin Milli Təhlükəsizlik Nazirliyində kök salmış Eldar Mahmudov və onun mütəşəkkil cinayətkar dəstəsi mənə və ailəmə qarşı ağır cinayətə imza atdı.
Bu fotoda gördüyünüz adam həm mənim, həm də MTN tərəfindəm saxta ittihamlara şərlənən insanların mənzilinə silah qoyan adamdır. Çingiz Hacıyev adlı bu adam Anti-Terror Mərkəzində bölmə rəisi işləyib. Eldar Mahmudovun “vurulmasından” sonra MTN-dən qovulub. MTN rəhbərliyinin cinayətinin qurbanlarından biri kimi yaxın günlərdə Baş Prokurorluğa mənə qarşı ittihamın qurama olduğunu, sifarişlə həyata keçirildiyini isbata yetirən faktlar təqdim edəcəm. Bəraət üçün ciddi əsaslarım var”.