Deputatdan sürücülərə xəbərdarlıq: "Cəzaları sərtləşdirəcəyik!"
20-09-2016, 09:19
Orta və ali məktəblərdə dərslərin başlanması ilə paytaxt Bakıdakı tıxac problemi yenidən qabarmağa, insanların əsəblərini tarıma çəkməyə başlayıb. Xüsusilə səhər saatlarında orta məktəblərə uşaq aparan bəzi valideynlər, imkanlı tələbələr avtomobili küçənin ortasında park edərək, nəqliyyatın hərəkətini iflic edirlər. Heç kimə sirr deyil ki, Bakıdakı tıxacların əsas səbəblərindən biri avtomobillərin düzgün park edilməməsidir. Qəbul edilən qərarlar, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər isə bəzilərinə kar etmir. Bahalı avtomobildə əyləşib özünü dünyanın sahibi zənn edən bəzi "qaqaşlar" qayda pozarkən belə, "cəriməmi ödəyəcəm, sənə nə?" deyərək, məsələyə nə dərəcədə etinasız olduqlarını nümayiş etdirirlər. Biz isə tıxacda sağlamlığımızı, əsəblərimizi itiririk. Sonra isə insanlar niyə bu qədər aqressivdir deyə, araşdırma aparırıq...
"Cəzalar sərtləşdiriləcək"
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə modern.az-a deyib ki, vəziyyət bu cür davam edəcəksə, cəzalar daha da sərtləşdiriləcək:
"Sürücülük adi bir maşının sükanı arxasında oturmaq deyil. O həm də bir mədəniyyətdir. Sən bir vətəndaş olaraq üzərinə düşən vəzifəni layiqincə, qanunlara riayət edərək yerinə yetirdikdə, həm də başqalarına hörmət etmiş, həyatını təhlükədən qorumuş olursan. Çox təəssüf ki, sürücülərin əksəriyyəti bu mədəniyyəti özlərində aşılaya bilmirlər. İstər sükan arxasında təhlükəsizlik kəmərindən istifadədə, istər qarşı zolağa çıxmada, istər sürət həddini aşmada və.s. Mədəniyyət bizdə çox-çox çətin aşılanır. Milli Məclisdə inzibati metodları dəfələrlə artırmışıq, İnzibati Xətalar Məcəlləsinə, "Yol hərəkəti haqqında" Qanuna dəyişikliklər etmişik. Amma yenə də, xüsusilə ictimai nəqliyyatı həyata keçirən avtobuslar təhlükəli manevrlər edir, işıqforun qırmızı işığında keçirlər. Ona görə də, hesab edirəm ki, yaranan tıxacların bütün günahını yol polisi əməkdaşlarında deyil, fərd, sürücü olaraq özümüzdə axtarmalıyıq".
"İnsanlar tıxaclarda sağlamlığını itirir"
Deputat avtomobili düzgün park etməyən sürücüləri xəbərdar edib: "Görünən odur ki, inzibati metodlar kifayət etmir. Buna görə də biz, yavaş-yavaş cəzaların sərtləşdirilməsi istiqamətində düşünürük. Ölkədəki tıxacların aradan qaldırılması üçün inzibati metodların məqsədəuyğunluğu şəraitində biz bunu Milli Məclisdə müzakirəyə çıxaracağıq. Buna qanunvericilik təşəbbüsü olan subyektlər tərəfindən baxıla bilər.
Mən belə hesab edirəm ki, hər bir vətəndaş düşünməlidir ki, onun qanunsuz hərəkəti böyük bir tıxaca, nəticədə insanların emosiyasına, səhhətinə əsəb sisteminin pozulmasına təsir edir. Bir sürücünün səriştəsizliyi, insanlara etinasız yanaşması ucbatından insanlar işə, dərsə gecikir. Ona görə də bu mədəniyyəti hər bir kəs özünə təlqin etməlidir. Əks təqdirdə inzibati rıçaqlar işə düşəcək".