Rusiya kəşfiyyatının “yuxusunu” qaçıran nədir?

8-10-2024, 00:10           
Rusiya kəşfiyyatının “yuxusunu” qaçıran nədir?
Rusiya xüsusi xidmət orqanlarının rəhbərləri diqqəti Cənubi Qafqaza yönəldiblər. Onların “açıq danışmalarından” belə nəticə çıxarmaq olur ki, regionda Moskvanı narahat edən ciddi məsələlər var.

Bu günlərdə Bakıya elan olunmamış səfərlə gəlib-qayıdan Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru Sergey Narışkin Azərbaycan Prezidenti İlham Əliyevlə, Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi ilə görüşlər keçirib.

Narışkinin adı 2000-ci illərdən Azərbaycan cəmiyyətinə yaxşı məlumdur. Hansı vəzifəni tutmasından asılı olmayaraq, həssas dönəmlərdə Narışkin mütləq Azərbaycana, Ermənistana gəlir, yaxud regionla bağlı səs-küylü bəyanatların müəllifi olur.

Moskvaya qayıtdıqdan sonra Rusiya XKX-nin mətbuat xidməti səfərin məğzi ilə bağlı açıqlama yayıb. Qeyd olunur ki, Azərbaycan rəsmiləri ilə "beynəlxalq vəziyyətin aktual məsələlərinə", Rusiya XKX-nin Azərbaycan xüsusi xidmətləri ilə kəşfiyyat fəaliyyətinin müxtəlif istiqamətlərində əməkdaşlığına toxunulub, yaxın gələcək üçün ikitərəfli əlaqələrin prioritetləri nəzərdən keçirilib.

Bakıda keçirlən danışıqlarla bağlı Azərbaycanın rəsmi qurumları hər-hansı açıqlama yaymayıb. Rusiya XKX isə bildirir ki:

Xüsusi xidmət orqanlarının xətti ilə Rusiya-Azərbaycan əməkdaşlığı dinamik şəkildə inkişaf edir, konstruktiv, qarşılıqlı səmərəli və etibarlı xarakter daşıyır, Rusiya və Azərbaycanın milli maraqlarının müdafiəsi məsələlərinin həllində konkret nəticələrin əldə olunmasına yönəlib;

Beynəlxalq terrorçuluğa və dini ekstremizmə qarşı mübarizə məsələlərinə dair fikir mübadiləsi aparılıb;

Rusiya və Azərbaycan xüsusi xidmətlərinin qarşılıqlı əlaqələrində Qərb xüsusi xidmətlərinin dövlətlərimizin daxili siyasi sabitliyinin pozulmasına yönəlmiş düşmənçilik niyyətlərinin müəyyən edilməsi səylərinə xüsusi yer ayrılır;

Yaranmış vəziyyətdə "kəşfiyyatın və əks kəşfiyyatın əsas vəzifələrindən biri xaricdə təşkil olunan anti-Rusiya və anti-Azərbaycan xarakterli təxribat aksiyalarının vaxtında müəyyən edilməsi və qarşısının alınmasıdır;

Xarici xüsusi xidmətlərin Rusiya və Azərbaycan ərazisində sosial-siyasi vəziyyətin sabitliyinin pozulması məqsədilə sistemsiz müxalifətdən və beynəlxalq terror təşkilatlarından istifadə etməsinə qarşı birgə səylərin gücləndirilməsi zərurəti qeyd edilib...

Açıqlamada, əlavə olaraq, S.Narışkin sentimental fikirlərinə yer verilib:

“Azərbaycanda, həmişə olduğu kimi, bizi əsl dost sayağı qarşıladılar. Burada özümüzü evimizdəki kimi hiss edirik. Bununla əlaqədar mən həm Azərbaycan rəhbərliyinə, həm də bütün Azərbaycan xalqına təşəkkür etmək istəyirəm”.

Narışkinin səs-küylü səfərinin rezonansı bitməmiş Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikovun Astanada MDB Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının 55-ci iclasındakı çıxışı yayıldı.

Bortnikov Ermənistan rəhbərliyini və Qərbi hədəfə götürərək, bildirib:

“NATO “sülhməramlı” adı altında öz kontingentini Cənubi Qafqaza yeritməyə çalışır. Qərb Ermənistanın KTMT-dən çıxmasına can atır ki, bu da Bakı ilə gələcək münasibətlərdə İrəvanı NATO-dan daha da asılı vəziyyətə salacaq. Qərb İrəvanı Bakı ilə danışıqları ləngitməyə inandırmaqla, Ermənistan-Azərbaycan nizamlanmasına başçılıq etməyə və de-yure BMT-nin, de-fakto NATO-nun himayəsi altında regionda özünün “sülhməramlı” kontingentinin yerləşdirilməsinə nail olmağa çalışır. Cənubi Qafqazda NATO blokunun möhkəmlənməsi təbii ki, regionda sabitliyə kömək etməyəcək”.

FTX direktorunun açıqlamasına Brüseldən eyni tərzdə dərhal cavab verilib. Avropa İttifaqı Xarici Xidmətinin rəsmi nümayəndəsi Peter Stano erməni mediasına bildirib:

“Aleksandr Bortnikovun şərhləri tamamilə cəfəngiyat, yalan və Ermənistan qarşısında götürdüyü öhdəlikləri və verdiyi vədləri dəfələrlə yerinə yetirmədiyini ört-basdır etməyə çalışan Rusiya rejiminə xas manipulyasiyadır”.

Situasiyanı şərh edən politoloq Fərhad Məmmədov diqqəti ona çəkir ki, Bortnikov bu açıqlamanı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini Esay Mkrtçyanın iştirak etdiyi tədbirdə səsləndirib: “Onun çıxışında BMT-nin sülhməramlı qüvvələrinin yerləşdirilməsi barədə qeydi də maraqlıdır. Aydın deyil, harada?! Azərbaycanla sərhəddə?! Avropa ittifaqının Ermənistandakı missiyasının Rusiyaya qarşı kəşfiyyat fəaliyyəti ilə məşğul olması barədə dediklərinə gəlincə, bunu artıq Zaxarova deyil, Bortnikov səsləndirir! Görək Ermənistanda necə reaksiya verəcəklər. Bortnikova da Zaxarova kimi cavab verəcəklər?! Mkrtçyan, heç olmasa, nəsə deyəcəkmi?”

Politoloq qeyd edir ki, bütün bunlar Paşinyanın BRİKS sammitinə qatılmaq üçün Kazana səfəri ərəfəsində baş verir: “Beləliklə, bu, ABŞ və Aİ-nin Azərbaycan və Ermənistan arasında danışıqlar prosesində fəal iştirakına Rusiyanın reaksiyasıdır. Danışıqlar sırf ikitərəfli formatda gedəndə belə reaksiya yox idi. Ermənistan Qərbin prosesə qarışması üçün nə qədər çox imkan yaratsa, Rusiyanın reaksiyası bir o qədər çox olacaq... İrandan da oxşar reaksiya göstərilməsi uzaqda deyil...”

Şənbə günü gün isə Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Edvard Asryan NATO-nun Beynəlxalq Hərbi Qərargahının rəhbəri general-leytenant Yanuş Adamçakı qəbul edib.

Erməni mediası yazır ki, görüşlər zamanı geniş spektrli məsələlər müzakirə edilib, xüsusilə Ermənistan-NATO əməkdaşlığının hazırkı gedişatı və onun inkişaf imkanlarına toxunulub. Əməkdaşlığın ən uyğun istiqamətləri qeyd olunub. Ermənistan tərəfi silahlı qüvvələrdə aparılan islahatların gedişatını təqdim edib. Regional təhlükəsizlik məsələləri müzakirə olunub, tərəflər həmçinin beynəlxalq hərbi-siyasi hadisələrə dair fikir mübadiləsi aparıblar.

Bu ərəfədə Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunda çıxışında həm Ermənistanın, həm də Birləşmiş Ştatların ünvanına sərt mesajların yer alması diqqət çəkib.

Dövlət başçısı bildirib ki, Ermənistan təhlükəli oyunlara qoşulub. O, İkinci Qarabağ müharibəsinin tarixçəsini, antiterror əməliyyatını unutmamağı tövsiyə edib: “Onların yadından çıxmasın ki, necə diz üstə bizdən imdad diləyirdilər, necə Rusiyaya gündə bəlkə 10 dəfə ən yüksək səviyyədə müraciət edirdilər ki, müharibə dayandırılsın. Yadından çıxmasın ki, hətta o coğrafiyada biz istədiyimizə nail ola bilmişik. Heç kimə baxmadan, heç nəyə baxmadan, cəmi bir neçə saat ərzində separatçılığın kökünü kəsmişik”.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Pressklub.az-a açıqlamasında bildirib ki, Rusiya Xüsusi Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin Bakıya səfəri barədə mətbuatda qeyd edilənlər məsələnin görünən tərəfləridir. Onun sözlərinə görə, İranla İsrail arasında gərginliyin perspektivdə bölgəyə təsir edə biləcək tərəfləri, Gürcüstanda keçiriləcək parlament seçkilərinin Rusiya üçün gözlənilməz nəticələri və qonşu ölkə kimi Azərbaycanın reaksiyası və s. məsələlər müzakirə olunub. “O cümlədən, Ermənistan-Azərbaycan münasibətlərinin hansı istiqamətdə inkişafı, Ermənistanda hakimiyyət dəyişikliyi olarsa, yenə də Azərbaycanın reaksiyası müzakirə oluna biləcək mövzulardır”, - o, əlavə edib.

Ekspert qeyd edir ki, bunlar, təbii ki, baş verə biləcək proseslər haqqında ehtimallardır və səfərin detalları bizə məlum deyil: “Bir məsələni də qeyd edək ki, Qərb dövlətlərinin xüsusi xidmət orqanlarının rəhbərlərinin postsovet respublikalarına səfərləri Rusiyada hər zaman qısqanclıqla qarşılanıb. Bu il sentyabrın 14-də Böyük Britaniya Mİ6 kəşfiyyat xidmətinin rəhbəri Riçard Mur Bakıya səfər edib ADA-da mühazirə oxumuşdu. Əlbəttə, bu da Mİ6 şefinin səfərinin görünən tərəfi idi. Əsil səbəb məxfi olaraq qalır. Narışkinin səfərinin Murun səfərindən 3 həftədən sonra baş tutması da kompensasiya məqsədli ola bilər”.

İlham İsmayıl deyir ki, Rusiya FTX rəhbəri Bortnikovun NATO qüvvələrinin sülhməramlı adı altında Güney Qafqaza gələcəyi barədə verdiyi məlumat Narışkinin səfərinin əsas məqsədini də özündə ehtiva edə bilər. “Rusiya kəşfiyyat şefinin səfərinin məqsədi bu məlumatın detallarını Azərbaycan rəsmiləri ilə müzakirə etməsi də inandırıcı təsir bağışlayır”, - ekspert fikirlərini yekunlaşdırıb.

Turqut












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.