Cahangir Hacıyevin vəkili Samir Şərifovun məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb

21-09-2016, 15:20           
Cahangir Hacıyevin vəkili Samir Şərifovun məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb
Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə C. Hacıyevin vəkili Fəxrəddin Mehdiyev məhkəmə prosesinin sürətli şəkildə, həftədə 3 dəfə keçirilməsinə etiraz edib. O qeyd edib ki, hakimlər məhkəmə istintaqını tələsik yekunlaşdırmaqda maraqlıdır: "Biz həm də hüquqlarını müdafiə etdiyimiz şəxslərlə məsləhətləşə bilmirik. Məhkəmə təqdim edilən sənədləri düzgün araşdırmır. Bu baxımdan vəsatət qaldırırıq ki, məhkəmə prosesi ağlabatan interval müddətində aparılsın, heç olmasa, həftədə iki dəfə keçirilsin".

Hakim isə qeyd edib ki, bütün vəsatətlərə iş materialları tətqiq olunduqdan sonra baxılacaq.

C. Hacıyevin vəkilləri məhkəmə tərkibinə etirazla bağlı vəsatət qaldırıblar.

Hakim isə etirazın məhkəmə sədrinin adına yazılmalı olduğunu qeyd edib.

Sonra cinayət işində olan sənədlərin tədqiqi davam etdirilib.

C. Hacıyev çıxış edərək bildirib ki, bankın sənədləri məhkəməyə gətirilməlidir: "Çünki orda bütün kredit şərtləri göstərilib. Manatın devalvasiyasından sonra müəyyən fərqlər yaranıb. Bu fərqlər də kredit məsələsində mütləq hesablanmalıdır".

Onun sözlərinə görə, kreditlərin verilməsi əmrlə yox, İdarə Heyətinin qərarı ilə rəsmiləşdirilir: "Həmin qərar veriləndə isə ora katibin adı yazılır, mənim yox. Burda elə fikir formalaşdırılır ki, mən üç min nəfərin yerinə işləmişəm, qol çəkib, kredit paylamışam".

Daha sonra məhkəmədə vəkillər vəsatətlərlə çıxış ediblər.

C. Hacıyevin vəkili Aqil Layicov bildirib ki, müxtəlif tarixlərdə C. Hacıyevin həyat yoldaşı və qızı ilə bank arasında səhmlərin alqı-satqısı olub: "Yəni, onlara verilən kredit kartlarının borcu bu şəkildə ödənilib. Ancaq Maliyyə Nazirliyi müqavilə şərtlərinə uyğun onlara verilən kredit kartları borclarını qəsdən ləğv etmir, halbuki bunlar ödənilib. Buna görə də mən Cahangir Hacıyevin ailə üzvlərinin kredit borclarının səhmlərlə əvəzlənməsi haqqında vəsatət qaldırıram".

C. Hacıyev də qeyd edib ki, qızı Leyla Mahmudovanın ümumiyyətlə kredit borcu olmayıb və onun adı ittiham aktından çıxarılmalıdır.

Vəkilin digər vəsatəti Dünyamin Xəlilov və Xəqani Bəşirovun məhkəməyə şahid qismində dəvət olunması ilə bağlı olub: "Bankdan ayrılan kreditlərin şəxsi məqsədlərə deyil, layihələrə xərclənib. Bu barədə məlumatı Dünyamin Xəlilov da təsdiqləyə bilər. Xarici layihələrə isə Xəqani Bəşirov rəhbərlik edib. Ona görə də bu adamlar işin obyektiv araşdırılması üçün məhkəmədə ifadə verməlidirlər".

Vəkil Fəxrəddin Mehdiyev isə maliyyə naziri Samir Şərifovun məhkəmədə dindirilməsi ilə bağlı vəsatət qaldırıb.

Dövlət ittihamçısı Fərid Nağıyev qaldırılan vəsatətlərə münasibət bildirərək, onların təmin olmunmamasını istəyib.

Prokuror çıxışında Maliyyə Nazirliyinin mətbuat xidmətinin C. Hacıyevin 5 milyard manat mənimsəməsi ilə bağlı informasiyasına da toxunaraq qeyd edib ki, bunun hazırkı ittiham aktına heç bir dəxli yoxdur: "Ona görə də nazirliyin mətbuat xidmətinin rəhbəri Mais Piriyevin məhkəməyə gətirilməsinə heç bir ehtiyac yoxdur. Maliyyə Nazirliyində olan sənədlər yəqin ki, aidiyyəti qurumlara təqdim olunub və araşdırılır".

Prosesdə fasilə elan olunub.

Qeyd edək ki, C. Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abduallayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.