“KAŞ, ÖLƏYDİK, BU GÜNÜ GÖRMƏYƏYDİK…” – ANS prezidenti
21-09-2016, 23:43
«Kaş, biz də o vaxt birinci Qarabağ müharibəsində öləydik, bu günü görməyəydik ki, bizi terrorçulara dəstək verməkdə günahlandırırlar. Anam ötən il rəhmətə getdi, 89 yaşlı atam eşidəndə ki, onun övladlarını belə bir əməldə ittiham edirlər, çox sarsıldı. Axı belə olmaz…».
Bunu «ANS Müstəqil Yayım və Media» Şirkətinin prezidenti Vahid Mustafayev sentyabrın 21-də Ali Məhkəmədə çıxışında deyib.
Ali Məhkəmədə ANS telekanalının lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından verilən kassasiya şikayətinə baxılıb.
«KİMSƏ KİMİSƏ GÜLLƏLƏSƏ…»
Məhkəmə iclasının əvvəlində ANS-in hüquqşünası Sevda Məhərrəmova bildirib ki, ANS-in Fethullah Gülen şəbəkəsi, o cümlədən Türkiyədə baş verən olaylarla əlaqəsi ilə bağlı araşdırmalar getdiyinə görə məhkəmə prosesinin təxirə salınması barədə vəsatət qaldırıb. Qeyd edib ki, hətta Türkiyə mediası da araşdırmalar nəticəsində ANS-in bu məsələlərə heç bir aidiyyəti olmaması qənaətinə gəlib.
Sevda Hüseynovanın sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib.
ANS-in vəkili Fuad Ağayev çıxışında bildirib ki, bu telekanalın efirində nəinki Fethullah Gülen-lə müsahibə, heç müsahibənin anonsu da getməyib: «Bunu başqa KİV-lər veribsə, ANS-ə nə dəxli var? Kimsə kimisə güllələsə, ANS məsuliyyətə cəlb olunmalıdır? Təəssüf ki, həmin anonsu vermiş KİV-lərin heç birini də çağırıb məhkəmədə dindirməyiblər».
Fuad Ağayev bildirib ki, apellyasiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır, ləğv olunmalıdır.
«PROKUROR DESİN Kİ, QARDAŞ, BUNU SƏHV ELƏMİSƏN»
ANS-in prezidenti Vahid Mustafayev isə çıxışında deyib ki, Türkiyədəki olaylarla bağlı efirə verdikləri kadrlar, əsasən, elə Türkiyə kanallarından götürülmüş kadrlar olub: «Məsələlərə bir az da qanun çərçivəsində baxaq. Hakimlər, prokurorlar mənə desin ki, «qardaş, bunu səhv eləmisən», mən də əsaslandırım ki, səhv eləməmişəm. Azərbaycan vətəndaşı olaraq, mənə bu haqqı heç kim vermədi».
Vahid Mustafayev «ANS ÇM» radiosunun bağlanmasından da danışıb: «Çingiz Mustafayevin adını daşıyan radiostansiyanı niyə bağladılar? Onun nə günahı var? Çingiz təkcə mənim qardaşım deyil, bütün Azərbaycanın sərvətidir. Biz məsələnin yalnız məhkəmə yolu ilə həllinə çalışırıq. Bizi başqa ölkədə baş verən olaylarda suçlamağa imkan verməyin. Qaranlıq otaqda qara pişiyi tapmaq çox çətindir, xüsusən əgər o pişik orada yoxdursa…».
ANS-n baş direktoru Mirşahin Ağayev Türkiyədə məlum hadisələr baş verən gecə efirə verdikləri materialları bir-bir sadalayıb: «Biz Türkiyə səfirini 40 dəqiqə axtarandan sonra evindən çıxarıb idman geyimində gətirdik. Efirə çıxartdıq, Türkiyə hökumətinin mövqeyini ifadə etdi».
MTRŞ ETİRAZ EDİR
İddiaçı tərəf isə ANS-in kassasiya şikayətinə etiraz edib və onun təmin olunmamasını istəyib.
«ANS qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq, terrorçuluğa dəstək, terrora çağırış ifadə edən materiallar yayımlayıb», – Milli Televiziya və Radio Şurasının nümayəndəsi Toğrul Məmmədov bildirib.
Bundan sonra məhkəmə qərar qəbul etmək üçün müşavirəyə gedib. Qərar isə saat 15.00-da elan olunacaq.
* * *
Bu gün ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayəti üzrə proses müşavirədən sonra davam etdirilib.
APA-nın xəbərinə görə, Ali Məhkəmədə hakim Sevda Hüseynovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Məhkəmənin qərarına əsasən, şikayət təmin edilməyib.
İyulun 29-da Bakı Apellyasiya Məhkəməsi «ANS Müstəqil Yayım və Media» Şirkətinə 2013-cü il oktyabrın 25-də verilmiş lisenziyanı ləğv edib. Məhkəməyə MTRŞ müraciət etmişdi və müraciətini iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdindən sonra ANS-in efirində terrorizmə dəstək xarakterli materialların yayımlanmasıyla əsaslandırmışdı. Bildirilib ki, telekanalın ABŞ-dakı müxbiri ilahiyyatçı Fethullah Gülen-dən müsahibə alıb və həmin müsahibə xarici KİV-lər vasitəsilə anons olunub. Bununla əlaqədar Baş Prokurorluqdan Teleradio Şurasına məktub daxil olmuşdu. Məktubda qeyd olunurdu ki, ANS telekanalı terrorizmin təbliğinə yol verir, milli, dini ədavəti qızışdıran materiallar yayımlayır. Buna görə də ANS-in yayımının dayandırılması istənilirdi.
ANS rəhbərliyi ittihamları qəbul etmir. Hərçənd ANS-in baş direktoru Fethullah Gülen-in mətbuat konfransında əməkdaşlarının iştirakını «səhv» adlandırıb, Türkiyə və Azərbaycan xalqlarından üzr istədiyini bildirib. /Azadlıq radiosu