Kliniki Tibbi Mərkəzin həkimindən ölkə başçısına şikayət - SƏHİYYƏ RƏZALƏTİ...
25-09-2016, 11:27
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
Kliniki Tibbi Mərkəzin I cərrahiyyə şöbəsinin həkimi Qafar İsgəndərov tərəfindən
AÇIQ MƏKTUB
Möhtərəm cənab Prezident!
Məlumat üçün Sizə bildirirəm ki, 1993-cü ilin fevralından indiyə qədər Bakı şəhəri Kliniki Tibbi Mərkəzdə həkim-cərrah kimi fəaliyyət göstərirəm, heç bir partiyanın üzvü deyiləm. Azərbaycanın Səhiyyə sistemində qüsür və naqisliklər vətəndaşın dövlətə olan inamını sarsıdacaq həddə çatdığından bu məktubu Sizə ünvanlamaq məcburiyyətində qaldım.
Hal-hazırda, Azərbaycanın dövlət xəstəxanalarında həkim işləmək çox çətindir, ona görə ki, qeyri-leqal ödənişlər həkimlə vətəndaşı üz-üzə qoyur, daim mübahisə predmeti yaranır. Məni Bakı Baş Səhiyyə İdarəsinə dəvət etmiş rəsmilər özləri dövlət müəssisələrində xərclərin özəl sektoru üstələdiklərini etiraf edirlər. Bununla yanaşı icbari tibb sığortasının olmaması və tibb işçilərinin məvacibinin aşağı olması tibb xidmətinin keyfiyyətinin özəyində dayanan problemlərdəndir.
Kliniki Tibbi Mərkəzdə və eləcə də əksər tibb müəssisələrində kadr catışmazlığı işin keyfiyyətinə mənfi təsir göstərir. Təkcə reanimasiya və intensiv terapiya şöbəsində 15 vahid tibb bacısı, 6 vahid həkim ştatı yeri boş saxlanılır. Ştatların boş qalması əslində müəyyən təmənnalı məqsədlər güdür, belə ki, işçilər normadan artıq işlədilir və növbənin pulları onlara ödənilmir. Səviyyə Nazirliyinin apardığı mütəmadi “reydlər” isə formal xarakter daşıyır.
Klinikada subardinasiya qaydaları kobud şəkildə pozulur, işçilərə səlahiyyət Baş həkimə yaxınlıq dərəcəsinə görə verilir. Vəziyyət o qədər absurda çatmışdır ki, saat 14.30-dan sonra Baş həkimin şəxsən təyin etdiyi “sadiq”qapıçılar həkimlərə məhəl qoymadan, hətta bəzən həkimlərə kobudluq etməklə xəstə qəbuluna göstəriş verirlər. Klinikada kafedra müdirlərindən biri müalicə işinə birbaşa cavabdeh olmasına baxmayaraq 4 dəfə müxtəlif baş həkimlər tərəfindən müalicə işindən azad edilib (xəstəxanadan deportasiya olunub).
Xəstəxanada 2009-cu ildən bu günə kimi cari təmir işlərinin aparılması və təmirə lazım olan avadanlıqların (boya, metlax, lampa, su kranı, sanitar texnika və dəftərxana ləvazimatları) alınması həkimlərin şəxsi hesabına həyata keçirilir. Sual olunur, görəsən dövlət bu 7 il ərzində təmir üçün heç bir vəsait ayırmayıbmı, ayrilıbsa bu pullar hara xərclənib?
Kliniki Tibbi Mərkəzdə Əmək Məcəlləsinin tələbləri gobud şəkildə pozulur: həkimlərə 24 saatdan uzun olan ödənişsiz növbələr təyin olunur.
Möhtərəm cənab prezident!
Bir dövlət xəstəxanasının nümunəsində baş verən nöqsan və naqislikləri qısa şəkildə Sizə təqdim etdik. Əslində bunların miqyası daha böyükdür.
Səhiyyənin təşkili, tibbi xidmətin yaxşılaşdırılması, dövlət, özəl, munisipal və sığorta səhiyyə xidmətlərinin formalaşdırılması, onların arasında münasibətlər sisteminin tənzimlənməsi, səhiyyənin maliyyələşdirilməsi sisteminin yenidən qurulması bu gün milli səhiyyəmizin qarşısında duran təxirəsalınmaz tədbirlər sırasındandır. Bununla bağlı mən səhiyyə islahatları konsepsiyasını işləyib hazırlamağa və lazım gələrsə, onu müvafiq dövlət strukturlarına təqdim etməyə hazıram.
Hörmət və sayğılarla:
Tibb elmləri üzrə fəlsəfə doktoru,
Avropa endoskopik cərrahlar cəmiyyətinin üzvü: Qafar İsgəndərov
Bakı şəhəri, 22 sentyabr 2016-cı il
Tel.: (055) 752-22-49