Yeni qərar: 3 idarə ləğv edilir, 4-ü birləşdirilir -Azərbaycanda
25-09-2016, 02:06
Suvarma kanalları, hidrotexniki qurğular, meliorasiya və irriqasiya sistemlərinin idarə olunmasına məsul təşkilatlar azaldılır
Nazirlər Kabineti sentyabrın 20-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsinə və 2006-cı ildən bəri əl gəzdirilməmiş strukturuna dəyişikliklər edilməsini nəzərdə tutan qərar verib.
TABELİ TƏŞKİLATLARIN SAYI
Qərara əsasən, ölkədə suvarma kanallarının, hidrotexniki qurğuların, meliorasiya və irriqasiya sistemlərinin idarə olunmasını həyata keçirən qurumun strukturuna daxil tabeli təşkilatların sayı 137-dən 133-ə endirilib.
Masallı suvarma sistemləri, Ağdaş və Sumqayıt melioservis idarələri ləğv edilib.
Dörd idarə iki-iki birləşdirilərək, meliorasiya-irriqasiya obyektlərinin qeydiyyatı və suların istifadəsinə-mühafizəsinə nəzarət idarəsi, eləcə də meliorasiya-mexaniki təmir zavodu yaradılıb.
Yeni strukturda subartezian quyularına servis xidməti idarəsinin, Ağdamda isə mexaniki suvarma və subartezian quyuların istismarı idarələrinin təşkili də nəzərdə tutulur.
«SOVET DÖNƏMİNDƏ NECƏ YARADILMIŞDISA...»
Aqrar məsələlər eksperti Vahid Məhərrəmovun fikrincə, meliorasiya sistemindəki indiki idarəçilik strukturu bu sahəyə dövlət büdcəsindən ayrılan vəsaitlərin səmərəli istifadəsinə imkan vermir:
«Kənd təsərrüfatına xidmət edən su təchizatı sistemində həddən artıq – 22,3 min işçi çalışır. Di gəl, burada vahid idarəetmə sistemi yoxdur. Sovet dönəmində necə yaradılmışdısa, indi də eyni inzibati struktur mövcuddur».
Maliyyə vəsaitlərinin qeyri-şəffaf istifadəsi məsələsinə toxunan ekspert deyir ki, hökumət məmurları meliorasiya məqsədlərinə ayrılan pulun bir hissəsini müxtəlif yollarla ələ keçirirlər. Onun sözlərinə görə, məsələn, artezian quyularının qazılmasına fiziki və hüquqi şəxslər, bələdiyyələr vəsait sərf edirlər. Amma bundan ötrü dövlət büdcəsindən də zəruri məbləğdə maliyyə resursu ayrılır. Müşahidələr belə deməyə əsas verir ki, büdcə vəsaitləri, əslində, «başqa yerə» - məmurların cibinə gedir.
V. Məhərrəmov meliorasiya sistemində cavabdehlik, hesabatlılıq və nəticəlilik prinsiplərinə əsaslanan yeni idarəetmə sisteminin qurulmasını zəruri sayır.
NİYƏ MƏHZ YENİ ŞİRKƏTLƏR YARARLANIR?
Nizamnaməsinə 2013-cü ildəki dəyişikliyə əsasən, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC illik maliyyə hesabatını müstəqil auditorun rəyi ilə birgə açıqlayır. Amma cəmiyyətin rəhbərliyi hələ bu tələbə əməl etməyib.
Ötən il Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə meliorasiya və başqa su təsərrüfatı obyektlərinin saxlanması üçün dövlət büdcəsindən260 milyon 951,1 min, 2016-ci il üçün isə 231 milyon 356,5 min manat ayrılıb.
Müstəqil jurnalist araşdrımaları ilə müəyyən olunub ki, ASC-nin yerli suvarma və meliorasiya idarələri dövlət satınalmalarında, əsasən, yeni yaranmış şirkətlərin xidmətlərindən yararlanırlar./Azadliq.org/