“Şəffaflıq və nəzarət yoxdur”

30-10-2024, 09:18           
“Şəffaflıq və nəzarət yoxdur”
Ekspertlər problemin səbəbini təbii fəlakətdə yox, dövlət qurumlarında görürlər

Oktyabrın 21-22-dən etibarən Bakıda yağan yağışlar bir sıra fəsadlar yaradıb, problemlər üzə çıxarıb.

Əsasən də paytaxt yollarındakı körpülərin su ilə dolması və keçilməz hala gəlməsi müzakirələrə səbəb olub.

Şəhərin bir çox ərazilərində yaşayış obyektlərinə, evlərə su dolub, insanlar mənzillərini tərk etmək məcburiyyətində qalıblar.

Bu ərazilər əsasən Sabunçu və Xəzər rayonlarında, xüsusən də Binə qəsəbəsində daha çox diqqət çəkib.

Tuneldə boğularaq həlak olan iki nəfər…

Oktyabrın 22-də səhər saatlarında “Sabunçu keçidi” adlanan ərazidə yağış suları ilə dolu tuneldə 2 nəfər boğularaq həlak olub.

Sabunçu keçidi yağışdan sonra. Foto: Meydan TV
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları körpüdə batan – 1976-cı il təvəllüdlü Elnur Fazil oğlu Şirinov və 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədlərini çıxararaq ailələrinə təhvil verib.

Evlərini xilas etmək istəyən “Yağış məhbsuları”

Binə qəsəbəsində isə təbii fəlakətin yaratdığı fəsadla bağlı hətta oktyabrın 22-də 3 nəfər həbs olunub.

Səbəb isə yola yığılmış suyun getməsi üçün kanalizasiya quyusunun qapağını açmaqdan ötrü avtomobillərin hərəkətini bir müddət saxlamalarıdır.

Onların bu hərəkəti xuliqanlıq kimi qiymətləndirilib və iki nəfərə 7 sutka həbs cəzası verilib.

Sakinlər isə onların ünvanına səslənən ittihamları qəbul etməyiblər, sadəcə, kanalizasiyanı təmizləyib evlərini xilas etmək istədiklərini deyiblər.

Evinə yağış suyu dolan digər Binə sakini rəsmi qurumların biganəliyinə etiraz olaraq Xəzər Rayonu, 3-cü Polis Bölməsinin qarşısında intihara cəhd etdiyi üçün həbs olunub. Ona 8 sutka həbs cəzası verilib.
Yaxınları bildiriblər ki, leysan yağışlar zamanı evini və yaxınlıqdakı elektrik transfarmatorunu su basan Binə sakini Fövqəladə Hallar Nazirliyinə, Daxili İşlər Nazirliyinin 102 xidmətinə, “Azəriqaz”ın qəza xidmətinə zəng edib.

Nəticənin olmadığını görən sakin əsəbiləşərək polis bölməsinin qarşısında intihar etmək istəyib.

Baş Prokurluq hadisə günü yaydığı açıqlamada Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə 2 nəfərin cəsədinin aşkar olunması faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparıldığını deyib.

Bəs aidiyyəti qurumlar nə düşünür?

Hadisə baş verən gecə Baki şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov və aidiyyatı strukturların rəhbərləri subasmanın qeydə alındığı Nərimanov rayonu Heydər Əliyev prospekti, Bağırov korpüsünün yerləşdiyi əraziyə gəliblər.

İcra başçısı jurnalistlərə açıqlamasında deyib ki, yağıntı normadan artıq olub.

O deyib ki, bəzi nöqsanlara yol verilib, yağışın fəsadları ilə bağlı aidiyyəti qurumlar vəziyyəti təhlil edəcəklər.

Ekspertlər nə deyir?

Tikinti təhlükəsizliyi üzrə ekspert Samir Nəbiyev Meydan TV-yə deyib ki, bu məsələdə ilk növbədə məsul olan qurum Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir:
“Bu Agentlik ölkənin avtomobil yollarının, körpülərin, tunellərin, digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsinə cavabdehdir. Məsul şəxslər ortaya çıxmalıdır ki, bu tunel və ya körpü kimin istismarındadır”.

“Ölkə rəhbərliyi qarşısında məsələ qaldırılmalıdır”

“Nizamnaməyə əsasən, cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir. Agentliyin istismarında deyilsə, kimə təhvl verilib. Həmin qurumun yaxasından yapışmaq lazımdır“, – deyə o qeyd edib.

Onun sözlərinə görə, Bakıda drenaj xətləri, demək olar ki, yoxdur: “Ölkə rəhbərliyi qarşısında məsələ qaldırılmalıdır. Əks halda, sosial həyatımız iflic vəziyyətinə düşə bilər. Daha bir vacib məsələ isə qurumlar arasında mütləq koordinasiyanın olmasıdır. Qurumlar bir-birilə vahid şəkildə işləməlidir”.
“Baş plan yoxdur, şəhərsalma prinsiplərinə əməl olunmayıb”

Memar Dilqəm İsmayılov bildirib ki, problemlərin səbəbi şəhərin düzgün qurulmamasındadır:

“Bakının Baş planı yoxdur. Azərbaycan Cənubi Qafqazda içməli su problemi olan ölkədir. Yağış suları təbii sulardır və istifadəyə yararlıdır. Yağış sularından daha səmərəli istifadə etmək olar. Yağış sularının toplanılması işləri aparılmalıdır. Bu sulardan Bakının suvarılmasında, yaşıllaşdırmada istifadə edə bilərlər”.
“Şəhərsalma düzgün qurulmadığına görə bəzi xətlərdə yüklənmələr olur. Amma bunun təbii ki, yağış sularına çox da aidiyyəti yoxdur, kanalizasiya suları ilə əlaqədardır. Sabunçuya baxanda, görünür ki, orada təkcə yağış suyu məsələsi deyil. Şəhərsalma prinsiplərinə əməl olunmayıb”, – memar vurğulayıb.

“Bununla birbaşa icra hakimiyyəti məşğul olmalıdır”

Ekoloq Fikrət Cəfərov isə deyir ki, yeni yaşayış evlərinin heç birində, demək olar ki, yağış kanalizasiyası qurulmayıb:

“Bakıda nə qədər yeni evlər tikilib. Yeni yaşayış evlərinin heç birində demək olar ki, yağış kanalizasiyası qurulmayıb. Yağış kanalizasiyası olan yerlərdə, vaxtında təmizlik işləri aparılmır. Bununla birbaşa icra hakimiyyəti, dövlət qurumları məşğul olmalıdır. Baş verənlərin qarşısını almaq qısa müddətdə ümumiyyətlə, mümkün olmayacaq. Bu, konkret Abşeron üzrə dövlət proqramı yenidən hazırlanıb, həyata keçirilməlidir”.

“Şəffaflıq və hesabatlılıq yoxdur”

İqtisadçı Toğrul Vəliyev Meydan TV-yə bildirib ki, Bakıda yenidənqurma işlərində vəsaitlərin xərclənməsində şəffaflıq və hesabatlılıq yoxdur:

“Bakıda kanalizasiya sisteminin bərpası artıq 30 ilin məsələsidir. Hansısa yerlərdə qəza baş verəndə təmir edilir, amma yenidənqurulması və genişlənməsi işləri hələ də həyata keçirilmir. Daha bir vacib məqam qurumların bir-birilə əməkdaşlıq etməməsidir. Müşahidə edirik ki, çox vaxt sistemli yanaşma baş vermir. Çünki vahid planlaşdırma yoxdur. Həmçinin təsdiqlənməsinə baxmayaraq, faktiki olaraq, Bakının Baş planı yoxdur. Buna müəyyən qədər nəzarət də yoxdur. Çünki bəlli deyil ki, kim hansı əraziyə cavabdehdir”.
“İkinci məsələ, əlbəttə ki, vəsaitlərin xərclənməsində şəffaflıqdır. Hesabatı, şəffaflığı kənara qoysaq, ümumiyyətlə, hökumətin prioritetləri arasında Bakının infrasturkturu, bərpası, yenidənqurulmasını heç vaxt görməmişik. Çoxsaylı təmir işləri keçirirlər, amma konkret infrasturktur layihələri, məsələn, su və kanalizasiya borularının dəyişdirilməsi heç vaxt prioritet olmayıb. Görünən odur ki, bütün infrastruktur köhnəlib, amma yenilənməsinə, nə bu, nə də növbəti il vəsaitin ayrılması nəzərdə tutulub”, – iqtisadçı belə deyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.