Azərbaycanda bələdiyyə seçkiləri nə vaxt keçiriləcək? - Səlahiyyəti 2024-cü il dekabrın 23-də başa çatır...

31-10-2024, 08:16           
Azərbaycanda bələdiyyə seçkiləri nə vaxt keçiriləcək? - Səlahiyyəti 2024-cü il dekabrın 23-də başa çatır...
Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı dəqiqləşdirilməyib.

TNS-in məlumatına görə, 2024-cü il dekabrına təyin olunmalı olan seçkilər barədə hələ də məlumat yoxdur.

Qanunvericiliyə görə, bələdiyyə seçkiləri 5 ildən bir keçirilməlidir. Yəni sonuncu bələdiyyə seçkiləri keçirildiyi gündən 5 il sonra yeni seçkilər keçirilməli, bələdiyyə üzvləri seçilməlidir. Bələdiyyə seçkiləri isə ən azı seçkilərə 60 gün qalmış təyin edilməli və elan olunmalıdır. Ötən bələdiyyə seçkilərinin 5 ilinin tamam olmasına 60 gündən az vaxt qalmasına baxmayaraq, Mərkəzi Seçki Komissiyası hələ bu barədə toplanmayıb və seçki gününü müəyyən etməyib.

Məsələ ilə bağlı TNS-in suallarını cavablandıran Mərkəzi Seçki Komissiyasının sədr müavini Arifə Muxtarova bildirib ki, təmsil etdiyi qurum bələdiyyə seçkilərinin keçiriləcəyi vaxtı hələ dəqiqləşdirməyib. Hansı səbəbdən vaxt təyin edilməyib, o da məlum deyil. Sədr müavini bildirib ki, hazırda məzuniyyətdə olduğu üçün bu məsələnin dəqiq səbəbini bilmir: “Mən məzuniyyətdəyəm, seçkilərin keçiriləcəyi vaxt barədə dəqiq deyə bilmirəm, amma keçiriləcək”.

Sonuncu dəfə seçilən bələdiyyə üzvlərinin səlahiyyət müddətinin 5 il sonra bitməsinə gəlincə isə A. Muxtarova qeyd edib ki, Məcəlləyə görə, bələdiyyə üzvlərinin səlahiyyət müddəti 5 ilin tamamında bitmir: “Seçki Məcəlləsinin 211-ci maddəsində bu barədə məlumat var, zəhmət olmasa, Məcəlləyə baxın, oradan aydın olacaq”.

Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, hüquqşünas Vüqar Babayev TNS-ə açıqlamasında bildirib ki, Seçki Məcəlləsinə görə, (Maddə 211.1), bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Həmin Məcəllənin 211.2-ci maddəsində isə göstərilir ki, bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır: “Həmçinin, Seçki Məcəlləsinə görə, bələdiyyə üzvlərinin səlahiyyətləri yalnız bələdiyyənin səlahiyyət müddətində qüvvədədir.

Bələdiyyə seçkilərini bu Məcəllənin 211.1-ci və 211.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası təyin edir. Bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün ərzində mediada rəsmi dərc edilməlidir”.

V. Babayev bildirib ki, Məcəlləyə görə bələdiyyə üzvünün səlahiyyət müddəti seçkilərin keçirildiyi gündən hesablanırsa və müddət 5 il müəyyənləşibsə, bu o deməkdir ki, bələdiyyə üzvü seçilən şəxsin səlahiyyəti 2024-cü il dekabrın 23-də başa çatır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru