“Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
Dünən, 18:16
Son vaxtlar sabiq məmurlar, mətbuat xidməti rəhbərləri, deputatlar müxtəlif nazirliklərdə müşavir vəzifəsinə təyin olunur. Ötən gün belə təyinat sabiq deputat Jalə Əhmədova ilə bağlı oldu.
Daha əvvəl isə Elm və Təhsil Nazirliyinin sabiq mətbuat xidməti rəhbəri Cəsarət Valehov Mədəniyyət Nazirliyində müşavir vəzifəsinə təyin oldu. Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmov vəzifədən çıxarıldıqdan sonra baş nazirin müşaviri təyin edildi. Meliorasiya və Su Təsərrüfatı ASC-nin sabiq sədri Əhməd Əhmədzadə illərlə kök saldığı kreslodan ayrıldıqdan sonra baş nazirin müşaviri vəzifəsinə təyinat almışdı. Sonra o, baş nazirin köməkçi vəzifəsinə keçirildi.
Nazirlikdə müşavir vəzifəsi nədir? Hansı səlahiyyətləri var? Nədən “vurulan” məmurlar, deputatlar bu vəzifəyə təyin edilirlər?
Globalinfo.az-ın suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuz bildirib ki, “müşavir” ərəb sözü olub “şura”, “məşvərət” sözündən əmələ gəlib və məsləhətləşilən adam deməkdir:
“Bu məntiqlə, nazirin müşaviri loru dillə desək, “ələkçinin qıl verəni” anlamına gəlir. Amma gəlin, baxaq, görək, Azərbaycan reallığında nazirlik və digər dövlət strukturlarında “ələkçinin qılverənlərinə” ehtiyac varmı? Bilirsiniz ki, Azərbaycanda nazirlər belə, qərar vermə gücündə olmayan fiqurlardır. Onlara yuxarıdan nə təlimat gəlirsə, canla-başla onu yerinə yetirirlər. Yəni bir növ nazirlər belə əmr quludurlar. Əmr qullarının müşavirə və ya məsləhətçiyə ehtiyacları olmaz. Üstəlik, Azərbaycanda Nazirlər Kabinetindən başqa, qanunverici orqan olan parlament və icraedici orqan olan Prezident Administrasiyası fəaliyyət göstərir. Əksər hallarda həlledici qərarları onlar alır və nazirliklərə təlimat yollayırlar. Mənə qalsa, bizim sistemdə ikinci bir icraedici orqana ehtiyac yoxdur. Çünki icraedicilərin sayını artırmaqla işlər daha effektiv şəkildə yürüdülmür. Əksinə, bürokratik aparat böyüyür və bu da görüləcək işlərin qarşısında əngələ çevrilir. Təsəvvür edin, dünyanın ən super gücü sayılan ABŞ-da cəmi-cümlətanı 15 nazirlik funksiyasını yürüdən departament var.
Yeni prezident seçilən Tramp bu qədər departamenti belə lazımsız bilir və bəzi strukturları ləğv etməyi düşünür. Çünki bu qədər strukturun həm bürokratik əngəl yaratdığına, həm də dövlət büdcəsinin səmərəsiz strukturlara sərf olunduğunu düşünür. Bizdə isə rəsmi məlumatlara görə 17 nazirlik fəaliyyət göstərir. Nazirlər Kabinetinin tərkibinə nəzər salanda isə ali icraedici orqanının 36 nəfərdən ibarət heyəti olduğunu görürük. Bir də buna Prezident Administrasiyasının eyniadlı şöbələrini əlavə edəndə rəqəmlər kəllə-çarxa yüksəlir. Bu da azmış kimi, bir də hər bir nazirliyin xeyli sayda müşaviri mövcuddur. Hansı nazir işdən çıxarılır, dərhal əlaqələrini işə salıb özünü müşavir elan etdirir”.
Heydər Oğuzun sözlərinə görə, faktiki olaraq qovluq məmurları olan bu müşavirlər ordusunun yaradılması vəzifə xəstəliyinə tutulmuş idarəçilərin öz “mənəm-mənəmçilik” ambisiyalarını doyurmaq və təhlükəsizliklərini təmin etmək üçündür:
“Bilirsiniz ki, nazirliklərin rəhbər şəxslərinin təyinatı Prezident fərmanı ilə həyata keçirilir. Nazirlərə isə özlərinin işə yaramaz müşavirlərini təyin etmək hüququ qalır. Onlar da öz dost-aşnalarının kabinet sevdasını və “mənəm-mənəmlik” ambisiyalarını doyurmaq üçün həmin şəxsləri nazirlikdə müşavir vəzifəsinə qoyurlar”.
Heydər Oğuzun fikrincə, getdikcə milli gəlirlərimizin daraldığı indiki şəraitdə dövlət büdcəsinə qənaət emək və çətinliklə əldə etdiyimiz vəsaitləri real işlərə yönəltməliyik:
“Bunun üçün isə nəinki nazirlərin müşavirləri, hətta özləri də ixtisara salınmalıdır. Ölkənin bir ali icraedici strukturu var və bu, Prezident Administrasiyasıdır. İkinci alternativə ehtiyac yoxdur. Prezident Administrasiyasında mövcud olmayan strukturlar varsa, onu da elə qurumun öz daxilində yaratmaq mümkündür. Fikrimcə, Prezident də illər öncə verdiyi bir bəyanatında “struktur islahatlarına gedəcəyik” deyərkən bunu nəzərdə tuturdu. Hətta bu istiqamətdə müəyyən addımlar atırdı. Amma hakimiyyətdaxili qüvvələrin müqaviməti və ardınca başlayan ikinci Qarabağ müharibəsi bu struktur islahatlarının təxirə salınmasına yol açdı. Məncə, artıq struktur islahatlarına yenidən başlamaq zamanı gəlir. İlk işə isə nazirliklərdəki “ələkçilərin qılverən”lərindən başlamaq lazımdır”.