Paşinyan odla oynayır: Putini həbs etmək istəyən... - FAKT BUDUR!

5-12-2024, 18:27           
Paşinyan odla oynayır: Putini həbs etmək istəyən... - FAKT BUDUR!
İrəvanın Roma Statutuna qoşulması Ermənistan-Rusiya münasibətlərinə birbaşa ziyan vurur. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O bildirib ki, bir sıra rusiyalı məmurun həbsi üçün Haaqada verilmiş kvazi orderlər fonunda İrəvanın Roma Statutunda iştirakı Rusiya-Ermənistan münasibətlərinə təkcə simvolik deyil, həm də kifayət qədər praktiki olaraq birbaşa ziyan vurur. M.Zaxarova vurğulayıb ki, Ermənistanın BCM ilə əməkdaşlığı bəzi beynəlxalq hüquq normalarının möhkəmlənməsinə töhfə verə bilsə, bu, bəlkə də başa düşülə və hətta alqışlana bilər. Lakin onun sözlərinə görə, bu “psevdoməhkəmə”nin iki onillik iş təcrübəsi bəzən bunun əksini deyir. Qeyd edib ki, BCM heç bir münaqişənin həllinə kömək etməyib. Dəstək və əməkdaşlığa hazırlıq bəyanatı yalnız qondarma “məhkəmə”ni yeni avantüralara həvəsləndirir. Qeyd edək ki, Ermənistan rəsmi olaraq 2024-cü ilin fevralında Beynəlxalq Cinayət Məhkəməsinə qoşulub. Ermənistan XİN başçısı Mirzoyan isə 2 dekabrda Haaqaya gedib və ilk dəfə BCM-nin İştirakçı Dövlətlərin 23-cü Assambleyasının sessiyasında iştirak edib.

AĞ Partiya sözçüsü, siyası şərhçi Cavanşir Abbaslı “Sherg.az”a söyləyib ki, Beynəlxalq Cinayət Məhkəməsi Roma Statutunun qərarları sadəcə kağız üzərində qalır:

“Roma Statutuna 124 dövlət qoşulub. Təsəvvür edin ki, ABŞ, Rusiya və Çin kimi dünya gücləri bu statuta qoşulmayıblar. İndi Ermənistan kimi cırtdan ölkə qoşulub nə edəcək? Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putin haqqında həbs orderi verib. İndi günü bu gün Kreml sahibi İrəvana səfər etsə, Ermənistan hökuməti onu həbs edəcək? Ermənistanın buna cəsarəti və gücü çatmaz. İsrail baş naziri Benyamin Netanyahu haqqında BCM həbs qərarı verib. Lakin Roma Statutunu ratifikasiya edən ən güclü dövlətlər dolayısı ilə bu qərarı icra etməyəcəklərini bildirirlər. İndi Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu kimə lazımdır? Ermənistan ancaq belə dişsiz yerlərdə görünməklə varlığını nümayiş etdirməyə çalışır”.

Ekspert qeyd edib ki, BCM indiyə qədər hansı münaqişənin həllində rol oynamayıb:
“Bəlkə Qarabağda ən ağır cinayətlər törədən erməni caniləri Köçəryan və Serj Sərkisyan haqqında həbs qərarı çıxarıblar, biz bilmirik. Əksinə bu cəlladların rəhbərlik etdikləri Ermənistanı üzv qəbul ediblər. Digər tərəfdən indiyə qədər bu məhkəmənin çıxardığı hansı qərarla hər hansı bir cinayətkar həbs edilib? Demək ki, qərarları kağız üzərində qalan mənasız bir birlikdir. Elə Zaxarova düz deyir, "psevdoməhkəmədir". Bir növ BCM Qərbin digər ölkələrə təzyiq etmə vasitələrindən biridir. Elə ciddi məhkəmədirsə, o zaman yuxarıda qeyd etdiyimiz 3 nəhəng dövlət-Rusiya, Çin və Amerika niyə qoşulmur? Amerikanın qoşulmama arqumenti suverenliyinin məhdudlaşdırılmasıdır. Bəs üzv dövlətlərin suverenliyi məhdudlaşmır?".

Siyasi şərhçi Ermənistanın bu addımları ilə odla oynadığını bildirib:
"Putin barəsində həbs qərarı verən bir birliyə forpostu sayılan bir ölkənin qoşulmasını bağışlamaz. Buna əmin olun. Sadəcə diqqətlər hazırda əsas Ukrayna cəbhəsindədir. Geridönüşdə Paşinyanı Kreml qapılarında Putinin qəbuluna girmək üçün gözləmədə görəcəyik. Düşünürəm ki, buna da az qalıb. Sadəcə Paşinyan odla su arasında qalıb. Rusiyadan qurtula bilmir, bu mümkünsüzdür. Qərbdən də özü qopmaq istəmir. Bir növ öz sonunu özü hazırlayır. Zaxarovanın bu açıqlamaları sadəcə verilən mesajlardan biridir. Bu mesajların hər biri vaxtı gələndə Ermənistan hökumətinə anladılacaq".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.