Müstəqil Azərbaycan Respublikasının ilk rəsmi dövlət başçısı Fətəli Xan Xoylunun 149 illiyini anırıq!

7-12-2024, 08:28           
Müstəqil Azərbaycan Respublikasının ilk rəsmi dövlət başçısı Fətəli Xan Xoylunun 149 illiyini anırıq!
Müstəqil Azərbaycan Respublikasının ilk rəsmi dövlət başçısı bu kişi idi və bu gün də onun doğum günüdür.
Antanta ölkələrinin, Britaniyanın, Almaniyanın, bolşevik Rusiyasının təhdid və hədələrinə mətinliklə sinə gərən, ingilis ordusunun endirmək istədiyi üç rəngli bayrağı enməyə qoymayıb cəsarətlə işğalçıya həddini bildirən, 1 il 11 ay mövcud olmuş AXC-nin qarşısındakı böyük sorunların yükünü hər kəsdən çox öz çiyinlərində daşıyan, hər tərəfdən dəstək görən erməni-hay silahlı bandalarını Qarabağdan qovub-çıxarmağa nail olan, bolşevik ordusunun işğalı zamanı ən çıxılmaz durumda belə milli ordu hissələrini erməni-hayların üzərinə yönəldib onların arzularını gözündə qoyan, Qarabağın işğalını faktiki olaraq 70 il əngəlləyən, buna görə daşnakların qəzəbinə tuş gəlib mühacirətdə olduğu Tiflis şəhərində qaldığı evin qapısında güllələnərək şəhid olan ilk baş nazirimiz FƏTƏLİ XAN XOYLU!
Bir yada salan varmı onu doğum günündə? AXC-nin qurulmasında rolu olmuş tarixi şəxsiyyətlərin birini digərindən üstün tutmaq millətə büt yaratmaqdan başqa bir şeyə yaramaz. Onların hamısı ayrı-ayrılıqda unikal şəxsiyyətlər idi -- Ə.Topçubaşov da, M.Ə.Rəsulzadə də, N.Yusifbəyli də, H.Ağayev də, Fətəli xan Xoylu da, adını yaza bilməziyimiz digərləri də! On illərdir bu ölkədə bunlardan birinin adının əbədiləşdirilməsi barədə ictimai rəydə fikir formalaşdırılarkən, digərlərinin diqqətdən kənarda qoyulması, birinin məzarının Bakıya gətirilməsini təklif edərkən, digərlərinin yada salınmaması onların ruhuna hörmətsizlik olardı. Bu tarixi şəxsiyyətlərimizə layiq olduqları qiyməti ədalət meyarları ilə vermək istəyiriksə, onların hamısını eyni dərəcədə hörmət və ehtiramla anmaq gərəkdir, hansınısa seçib-ayıraraq bütləşdirmədən.
Bizim nəsil müstəqil Azərbaycan məfkurəsini onların fəaliyyətindən əxz etdi. Allah onların hamısına qəni-qəni rəhmət eləsin!
Hamılıqla Fətəli Xan Xoylunun ruhunu doğum günündə sayğı ilə anaq!!
Ceyhun Bayramli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.