Ərdoğan Kadırovun əlini niyə havada saxlamışdı: - Putinin Qafqazdakı adamının yaramazlıqları
Dünən, 18:54
Ramzan Kadırov – özünü Kremlə sadiq bir lider kimi göstərməyə çalışan Çeçenistan rəhbəri – bu gün həm keçmişdəki təxribatçı davranışları, həm də son hadisələrdə nümayiş etdirdiyi ziddiyyətli addımları ilə yenidən gündəmə gəlib.
Musavat.com bildirir ki, onun Azərbaycan təyyarəsinin vurulmasından sonrakı təlxəklikləri ölkəmizdə qıcıqla qarşılanmaqdadır. Eyni zamanda, illər öncə baş verən bir hadisəni də yada salır. 2015-ci ilin 24 noyabrında Türkiyə-Rusiya arasında yaşanan təyyarə böhranı zamanı Kadırov özünü indikindən də tərbiyəsiz aparmışdı.
Türkiyə yanlışlıqla Rusiyaya məxsus "Su -24" hərbi təyyarəsini vurmuşdu. Bu hadisədən sonra Kadırov dərhal öz mövqeyini sərt şəkildə göstərməyə çalışdı. O, Qroznı bazarlarından Türk mallarını toplatdıraraq meydanlarda yandırdı və kameralar qarşısında “Rusiya ilə düşmən olan bizimlə də düşməndir!” ifadəsini işlədərək Türkiyəyə qarşı açıq mesaj verdi.
Ancaq zaman keçdikcə Kadırovun bu sərt çıxışlarının heç bir siyasi və ya diplomatik nəticə vermədiyi ortaya çıxdı. Əksinə, Kadırov bunun ardından Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan üzr istəmək üçün müxtəlif vasitələrdən istifadə etdi. O, müxtəlif kanallarla Ərdoğana mesajlar göndərdi, lakin Ərdoğan onunla görüşməyə razı olmadı.
Hadisələrin ən simvolik anlarından biri barışdan sonra Ərdoğanın Rusiya səfəri zamanı baş verdi. Kadırov, Putinlə yanaşı dayanaraq diqqət çəkməyə çalışırdı. Ərdoğan Putinlə əl sıxandan sonra Kadırovun əlini görməzdən gəldi və digər iştirakçılarla salamlaşmağa davam etdi. Kadırovun əli havada qaldı. Bu səhnə həm mətbuatda, həm də sosial mediada geniş müzakirə olundu. Kadırov üçün bu, həm diplomatik, həm də şəxsi bir rədd edilmə idi.
Kadrovun siyasi məsuliyyətsizliyi və ziddiyyətli davranışları və artistliyi bu gün də davam edir. Çeçenistanın hava məkanında Azərbaycan Hava Yollarına məxsus mülki təyyarənin vurulmasından sonra Qroznı şəhəri üzərində “bütün hədəfləri vurduğu” üçün öz qardaşı oğlunu qohumunu xüsusi mükafatla təltif etdi. Daha sonra isə Çeçenistanda matəm günü elan etdi.
Bu ziddiyyətli addımlar Kadırovun nə qədər dayanıqsız, artist və populist bir fiqur olduğunu bir daha nümayiş etdirdi.
Musavat.com