Təyyarəmiz vurulduqdan dərhal sonra Kadırovun dəhşətli əmri… - "İctimai rəyi başqa istiqamətə yönəltməyə çalışdılar..."
29-12-2024, 09:38
2020-ci ildə 44 günlük müharibənin sonlarında Naxçıvanda Rusiyaya məxsus helikopter səhvən vuruldu. Rəsmi Bakı dərhal məsuliyyəti üzərinə götürüb Rusiyadan və ekipajın ailəsindən üzr istədi, kompensasiya da daxil olmaqla bütün qanuni öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bildirdi. Həmin vaxt Azərbaycanın bu hüquqa uyğun mövqeyi Kreml tərəfindən yüksək qiymətləndirildi.
Eləcə də 2023-cü ilin sentyabrında antiterror əməliyyatları zamanı çətin relyef və dumanlı hava şəraiti səbəbindən Qarabağda Rusiya sülhməramlı kontingentinin 5 üzvü həlak oldu. Bu hadisədə də Bakı analoji addımı atdı.
Rusiyanın AZAL-ın təyyarəsini “Pantsir S1” zenit-raket kompleksi ilə vurması böyük ölçüdə təsdiqlənib. Buna görə Rusiya lideri Vladimir Putin üzr istəsə də, Azərbaycan cəmiyyətinin iki gözləntisini – təzminat ödənilməsi və cinayətkarların cəzalandırılmasını icra etməkdən danışmayıb.
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Azərbaycanın Rusiyadan təyyarə qəzası ilə bağlı gözləntiləri kifayət qədər aydındır:
“İlk məsələ Rusiyanın rəsmi səviyyədə üzr istəməsi idi ki, bunu ölkənin prezidenti Vladimir Putin etdi. Digər iki məsələ günahkarların cəzalandırılması və kompensasiyanın ödənilməsidir.
Hadisə kifayət qədər aydındır: Azərbaycana məxsus “Embraer 190” mülki təyyarəsi Qroznı şəhərinin səmasında vurulub. Rusiya tərəfinin ilk anlardan etibarən iz azdırmağa çalışması qəbuledilməz idi. Hətta dezinformasiyalar yayaraq ictimai rəyi başqa istiqamətə yönəltməyə çalışdılar. Lakin pilotlarımızın qəhrəmanlığı, Azərbaycan dövlətinin və xalqının qətiyyətli mövqeyi buna imkan vermədi”.
Ekspert deyib ki, Çeçenistanı idarə edən Ramzan Kadırovun göstərişi əsasında hava hücumundan müdafiə (HHM) qüvvələri cinayəti ağlasığmaz şəkildə ört-basdır etmək istəyiblər:
“Hətta təyyarənin yaxınlıqdakı 4 hava limanına enməsinə belə icazə verilməyib. Deyildiyi kimi, məqsəd bəlli idi: təyyarə dənizə düşsün, cinayətin üstü örtülsün. Görünür, hadisədə günahkar olanlar bunu istəyib. Amma pilotların peşəkarlığı nəticəsində bu baş vermədi.
İndi Rusiyanın qarşısında iki vəzifə var: cinayətkarları aşkarlayıb cəzalandırmaq və təzminat ödəmək”.